Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib

15 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya layihəsi çərçivəsində  iştirak edəcək məktəblilərlə rayon icra hakimiyyəti başçısı aparatının akt zalında görüş keçirilib.

Şura üzvlərinin, məktəb direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ilk öncə məktəbliləri salamlayaraq ətraflı çıxış etmişdir.

M. Məmmədov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından danışaraq  qeyd etmişdir ki, möhtərəm cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq  6-cı  ildir ki, “Ölkəmizi tanıyaq” devizi altında tur aksiya keçirilir. Cənab Prezidentin göstərişinə uyğun olaraq yüksək səviyyədə təşkilatçılıqla baş tutan tədbirin müstəsna əhəmiyyəti vardır.

Ümummilli liderimiz Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dünyada layiqincə tanınaraq qəbul olunur. Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamız dinamik inkişaf edir. Davos İqtisadi Forumunun hesabatına görə Azərbaycan dünya ölkələri sırasında rəqabət qabiliyyətliliyinə görə öncül yerdədir. Bu, onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı və uğurları iqtisadi islahatlarla bağlıdır.

Dünya Bankının  hesabatında  Azərbaycan 20 islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan  olunmuşdur. Ölkə rəhbərliyinin  islahat meyilliyinə görə dünyada 5-ci yerdəyik. Prezident İlham Əliyevin qayğısı ilə  respublikamızın  şəhər və rayonları abadlaşır  günü-gündən gözəlləşir. Regionlarımız inkişaf edir və sosial-iqtisadi tərəqqi nəticəsində xalqın rifahı yüksəlir.

Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci il sentyabrin 17-də imzalanan ”Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsi müddətinin 2050-ci ilədək  uzadılmasına dair saziş “Yeni əsrin müqaviləsi” adlanır. Bu yeni  müqavilə həm xarici tərəfdaş şirkətlərin Azərbaycana olan inamını göstərir, həm də bu misilsiz layihədən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək. Azərbaycan Cənub Qaz Dəhlizini yaratmaqla və  TAP və TANAP layihələrini uğurla icra etməklə Avropanın enerji təhlükəsizliyində çox mühüm rola malik bir ölkəyə çevrilmişdir.

Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin böyük əhəmiyyəti vardır. İndi bu yolla Pekindən Londonadək qatarlar hərəkət edir, yüklər daşınır. Həmin bu layihənin təkcə iqtisadi deyil, həm də geostrateji əhəmiyyəti vardır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması ilə ölkəmiz beynəlxalq logistika mərkəzinə çevrilmişdir.  Cənab Prezidentin  və Türkiyə Prezidentinin iştirakı ilə dəyəri 6,3 milyard dollar   və ildə 10 milyon xam nefti emal etməyə imkan yaradan “STAR” Neft  Emalı Zavodu istifadəyə verilmişdir. Həmin qlobal layihələr Azərbaycana  bundan sonra da uzun illər boyu böyük gəlirlər gətirməklə onun dünya səviyyəsində yerini daha da möhkəmlədəcəkdir.

Ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır və Azərbaycan dünya birliyində öz yerini möhkəmlədir. İndiyədək Azərbaycana 270 milyard sərmayə yatırılmışdır.

Cənab Prezidentin ardıcıl siyasəti nəticəsində uzun illər boyu həllini tapmayan daha bir problem xalqımızın mənafeyinə uyğun həll edildi. Belə ki, dənizin hüquqi statusuna dair Xəzəryanı beş ölkə tərəfindən Azərbaycanın milli maraqlarının əksini tapdığı Konvensiya qəbul edildi.

Azərbaycan dünyanın məhdud sayda olan kosmos ölkələrindən biridir.  Azərbaycanın üçüncü peyki olan  “Azərspace-2” peykinin  orbitə buraxılması  bunu bir daha  göstərdi.

Bu gün ölkəmiz beynəlxalq humanitar forumlara, möhtəşəm dünya çempionatları və Olimpiya idman oyunlarına ev sahibliyi edir.

Elə bu günlərdə oktyabrın 25-26-da  isə120 ölkəni birləşdirən və BMT-dən sonra ikinci və ən böyük siyasi dialoq platforması olan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyini məhz ölkəmiz edib. Hərəkatın növbəti Zirvə Görüşünün ölkəmizdə keçirilməsi Azərbaycanın qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını bir daha təsdiqləyir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ilə bağlı qeyd edib: “Qoşulmama Hərəkatının sədriliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inamın və ehtiramın təzahürüdür”. Əminliklə demək olar ki, ölkəmizin 2019-2002-ci illər ərzində Hərakata sədrlik etməsi dövlətimizin beynəlxalq aləmdə rolunun və nüfuzunun daha da artmasına, həmçinin regionda mövqelərimizin möhkəmlənməsinə geniş imkanlar açacaqdır.

Mən rayon ictimaiyyətini, sizləri, bu əlamətdar hadisə münasibətilə təbrik edirəm.

Ölkəmizdə ictimai-siyasi sabitlik qorunub saxlanılır. Azərbaycanımız dünyəvi, tolerant, multikultural dövlət kimi şöhrət qazanmışdır. Gənclərin  dini xurafata meyllənməməsi üçün asudə vaxtlarının səmərəli keçirilməsi, intellektual səviyyələrini yüksəldilməsi, həyatlarının mənalı olması məqsədilə hərtərəfli qayğı ilə əhatə olunmuşlar.

Azərbaycan  böyük Heydər Əliyevin siyasətinin müasir dövrdə Prezidentimiz tərəfindən ləyaqətli şəkildə davam etdirilməsi ilə inkişaf edib çiçəklənməkdə, xalqımızı tərəqqiyyə qovuşdurmaqdadır.

Cənab Prezidentimiz, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkədə təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına  böyük diqqət yetirirlər. Hər il ölkə vətəndaşları pulsuz müayinəyə cəlb olunur, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara qayğı göstərirlər.

  Ölkəmizdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə böyük önəm verilir. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsi olaraq və Azərbaycan Ordusunun hünəri sayəsində  2016-cı ilin aprel döyüşlərində böyük uğurlar əldə olunmuşdur. Dağlıq Qarabağa “Böyük Qayıdış”ın ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması, orada möhtəşəm Novruz şənliklərinin keçirilməsi, azad edilmiş həmin kənddə müasir infrastrukturla yanaşı Şuşa məscidinin bənzərinin tikilməsi  düşmənləri  vahiməyə salmışdır.  

Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin yaradılmasının və Azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd olunması Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında  böyük  rol oynamışdır.

2019-cu ilin “Nəsimi ili” elan edilməsi xalqımızın necə yüksək mədəniyyətə, dərin fəlsəfi məzmunlu ədəbiyyata malik olduğunu bəşəriyyətə nümayiş etdirir.

Cənab Prezidentin başçılığı ilə indi ölkəmizdə sosial-iqtisadi sahədə mühüm islahatlar həyata keçirilir. Azərbaycan bu gün yüksək inkişafının yeni mərhələsinə qədəm qoymuşdur və bu dəyişikliklərdən yalnız xalqımız və ölkəmiz qazanacaqdır.Möhtərəm Cənab Prezidentin təsdiq etdiyi misilsiz sosial paketlə 4 milyon 200 min  insanın maddi durumu vəmaliyyə vəziyyəti yaxşılaşmışdır.

Qeyd olunmalıdır ki, bu ilin 9 ayında qeyri neft sənayesi 15 faiz, kənd təsərrüfatı 7 faiz  artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir. Son 15 il ərzində, 2003-2008-ci illər ərzində  iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. 15 ildə 15 min kilometr yol çəkilib.  3200 məktəb, 640 tibb müəssisəsi tikilib vəya yenidən qurulub.Bunlar son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatların və xalq naminə aparılan siyasətin nəticəsidir.Cənab Prezident  bəyan etmişdir ki,İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır.

Cənab Prezidentin tapşırığı ilə həyata keçirilən belə tur aksiyalar siz gənc nəslə göstərilən qayğının yeni  parlaq  nümunəsidir.

Tədbirdə çıxış edən rayon ağsaqqallarının nümayəndəsi Mücaməddin Axundov, valideynlərdən Aydın İbadov, tur iştirakçıları Elyar Namazlı və İlahə Abdullayeva öz çıxışlarında  qeyd etdilər ki, bu layihə məktəblilərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında böyük əhəmiyyətə malikdir və əvəzsiz bir layihədir. Bu tədbirlər bütün ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Hamı ölkəmizin tarixini, mədəniyyətini daha geniş, əyani şəkildə öyrənmək imkanı yaratdığına və gənclərimizin milli mənəvi dəyərlər ruhunda tərbiyəsinə göstərdiyi qayğıya  görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirir.

Tədbiri yekunlaşdıran RİH başçısı M. Məmmədov qeyd etmişdir ki,  tur aksiyanın növbəti iştirakçıları Qəbələ, Şəki və  Zaqatalada Tovuzumuzu ləyaqətlə təmsil edəcəklər. Onlar Vətənimizin həmin guşəsinin görməli  yerləri və tarixi abidələri ilə yaxından tanış olacaqlar. Maarifləndirici xarakter daşıyan həmin tədbirdə rayonumuzun təmsilçiləri zəngin tarixi olan Tovuzumuz haqqında da bilgi verməlidirlər. Ötən müharibə dövründə 300-dən artıq şəhidi və 2 Milli Qəhrəmanı olan,  düşmənlə 69 km sərhəddə yerləşən Tovuzdakı hərbi vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər barədə getdikləri məkanlarda  geniş məlumatlar çatdırmalıdırlar. Son illərdə  600 nəfərdən  artıq  tovuzlu gənc ali  hərbi məktəbləri  bitirərək peşəkar hərbçi kadr kimi yetişmişdir. Rayonumuz zəngin təbiəti, bərəkətli torpağı və çoxlu tarixli və mədəniyyət abidələri ilə də  məşhurdur. Bütün bunlar barədə məktəblilərimiz geniş danışmalıdırlar. Inanırıq ki, həmin səfər onlara yeni dostlar qazandıracaq və milli-mənəvi dəyərlərimizə sadiq vətəndaş kimi yetişmələrində rol oynayacaqdır.

Keçidlər