Şriftin ölçüsü :

Saytın rəngi :

“Nəsimi ili” çərçivəsində və İ. Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir

31 oktyabr 2019 | 16:00

Tovuz rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov giriş nitqi söyləyərək qeyd etmişdir ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri  Prezident İlham Əliyevin Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.

Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.

2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.

2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar rayonumuzda da silsilə  tədbirlər keçirilmişdir. Bu günkü tədbirimiz də yenə həmin sərəncam və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli Prezident sərəncamı  çərçivəsində baş tutur.

Cənab Prezident Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq belə  sərəncamlar imzalamışdır.

Azərbaycan xalqı tarix boyu bəşər mədəniyyətinə Nizami, Füzuli, Nəsimi kimi böyük mütəfəkkirlər bəxş etmişdir.  Bu dahi şəxsiyyətlərin beynəlxalq səviyyədə dəfələrlə yubileyləri keçirilib. Xalqımızın tükənməz milli-mənəvi sərvətləri olan bu şəxsiyyətlərin dünyada tanıdılmasında və onların irsinin təbliğ edilməsində Heydər Əliyev Fondunun, şəxsən Fondun prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var. Mehriban xanımın təşəbbüsü ilə dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı ölkəmizdə və xaricdə bir çox mühüm tədbirlər keçirilib. Elə bu yaxınlarda  ikincisi keçirilmiş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı xüsusi qeyd edilməlidir.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsü ilə böyük Nəsiminin 650 illik yubileyi münasibəti ilə 650 min ağac əkilməsi kampaniyası çox böyük əhəmiyyətə malik aksiya olmaqla yanaşı həm də dahi şairimizin xatirəsinin şərəfinə bütövlükdə bəşəriyyətə, ekoloji tarazlığa ən böyük töhfə olacaqdır.

Sonda bir daha qeyd etmək istərdim ki, Nəsimi yaradıcılığı  Azərbaycan ədəbiyyatı ilə yanaşı, İslam Şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümunələrindən biridir. Görkəmli Azərbaycan şairinin şeirləri Şərq xalqlarının hafizəsində əbədi həkk olunub.

Böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubleyi və “Nəsimi ili” çərçivəsində keçirilən tədbirdə Elşad Orucov adına Bayramlı kənd məktəbinin müəllimi Mətanət Hüseynova,  ziyalı Firuzə Yəhyayeva, gənclərin nümayəndəsi Fərhad Qasımov çıxış edərək Nəsimi yaradıcılığından, onun irsinin aktuallığından, Azərbaycanda xalqın milli mənəvi dəyərlərinin qorunub saxlanması və inkişafında həyata keçirilən dövlət siyasətindən bəhs etmişlər. 

Daha sonra Tovuz rayon Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya göstərilmişdir.

Keçidlər