Əyyublu kəndində xatirə kompleksinin açılışı olmuşdur
Rayonun ən böyük yaşayış məntəqələrindən olan Əyyublu kəndində Vətən torpaqları uğrunda canlarını qurban vermiş eloğluların xatirəsinə abidə kompleksi yaradılmışdır. Həmin kompleksin açılışına ziyalılar, kənd və rayon ictimaiyyətinin nümayəndələri, gənclər toplaşmışdılar.
Əvvəlcə abidədə önünə gül dəstələri düzülərək şəhidlərin xatirəsi ehtiramla yad olunmuşdur. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daimi qayğısı ilə xalqımızın milli-mənəvi dəyərlərinə böyük qiymət verilir, zəngin tarixi ənənələrimiz qorunaraq inkişaf etdirilir. Gənc nəsilin vətənpərvərlik tərbiyəsi ruhunda yetişdirilməsi, babaların qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi də diqqət mərkəzindədir.
Tarixi Aşağı Ayıblı, indiki Əyyublu kəndi insanları həmişə öz ayıqlığı, fəallıqları və Vətən torpaqlarının müdafiəsi işində öz hünərləri ilə seçilmişlər. Zəngin ənənələri olan kənddə görkəmli şəxsiyyətlər yetişmiş, bu icmadan çıxan oğullar öz hünərləri ilə bu torpağı daha da şöhrətləndirmişlər. 1941-1945-ci illər müharibəsində kəndin 600 nəfərdən artıq sakini döyüşlərdə iştirak etmiş və onlardan 269 nəfəri cəbhələrdən geri dönməmişdir. Qarabağ müharibəsi zamanı da bu kəndin yetirmələrindən 9 nəfəri şəhid olmuşdur. Onlarla gənc isə həmin bu müharibədə Vətən torpaqlarının qorunmasında iştirak edərək müharibə veteranı adını almışdır.
Hələ 40 il bundan irəli müharibədə həlak olmuş kənd sakinlərinin xatirəsinə ucaldılmış həmin bu abidənin bazasında Vətən torpaqları uğrunda qurban getmiş şəhidlərin xatirəsinə kompleks yaradılması barədə təşəbbüs qaldırılanda sakinlər onu ürəkdən dəstəklədilər. Qısa vaxtda burada xeyli tikinti-quraşdırma və abadlıq işləri aparılmışdır. Bura indi abad bir məkan və tərbiyə ocağıdır. Qədirbilənlərin abadlaşdırıb yeni görkəmə saldıqları bu xatirə abidəsi qəhrəmanlıq ənənələrinə sadiqliyin bir nümunəsidir. Doğru deyirlər ki, heç nə unudulmur, heç kəs yaddan çıxmır!
Qəhrəmanlar həm dünəndir, həm bü gündür, həm də gələcəkdir!
İnanırıq ki, belə xatirə kompleksləri gənc nəsilin vətənpərvərlik tərbiyəsində böyük rol oynayacaqdır.
Həmin günki tədbir şəhidlərin xatirəsini anma mərasimi kimi davam etmişdir. Ziyalılar, kənd sakinləri və gənclərin nümayəndələrindən İsa Cavadoğlu, İlqar Kərimov, Abbas Abbasov, Elşad Kərimov və başqaları çıxış edərək, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi daimi qayğıdan, gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində dövlət səviyyəsində görülən işlərdən, babaların qəhrəmanlıq ənənələrinin davam etməsindən, Vətən uğrunda öz canlarını fəda edənlərin xatirəsinin daim uca tutulduğundan danışmışlar.
Sonda məktəblilər Vətən, qəhrəmanlıq haqqında bədii kompozisiya nümayiş etdirmişlər.