Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilmişdir
Tovuz Rayon İcra Hakimiyyətinin və “N” saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Tovuz rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov, rayonun digər rəhbər işçiləri, hüquq mühafizə orqanı təmsilçiləri və bir qrup veteranlar da iştirak etmişdir.
İştirakçılar əvvəlcə hərbi hissədən Azərbaycanın Milli Qəhramanı adına layiq görülmüş üç əsgərin xatirə abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər.
Tədbirin rəsmi hissəsi Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sukutla yad edilib. Hərbi hissənin şəxsi heyətini hərbi hissənin yaranmasının 27-cü ildönümü münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov qeyd etmişdir ki, bizim üçün qürurvericidir ki, yaranmasından ötən dövr ərzində şərəfli döyüş yolu keçən bu hərbi hissənin yaranmasının bu şanlı ildönümündə fərəh hissi ilə iştirak edirik. Öz müdafiə qüdrətinə görə dünyanın 50 ən qabaqcıl ordusu sırasında olan Azərbaycan Ordusunun yüksək döyüş hazırlığına malik hərbi hissələrindən biri də yubileyini keçirdiyimiz məhz bu hərbi hissədir. Tovuzlular fəxr edir ki, şanlı döyüş ənənələri olan bu hərbi hissənin yaranıb formalaşması Tovuzun adı ilə bağlıdır.
Ermənistanla 69 km sərhəddi olan rayonumuzda ötən müharibə nəticəsində rayon 324 nəfər şəhid vermişdir. Əvvəlcə yerli özünümüdafiə drujina və dəstələri şəklində vətən torpaqlarının keşiyində dayanan tovuzlular 1992–ci ildə yaranan bu hərbi hissənin şəxsi heyətinin böyük əksəriyyətini təşkil etdilər. Ordu ilə dinc əhalinin vəhdəti, təcavüzkara qarşı vahid məqsəd uğrunda birləşməsi öz bəhrəsini verdi. Nəticədə milli ordu əsgərlərinin qəhrəmanlığı, döyüş əzmi ilə təcavüzkarlar öz yerində oturduldu. Bütövlükdə bu hərbi hissənin apardığı döyüş əməliyyatları nəticəsində təkcə Tovuz torpaqları deyil, ətraf bölgələr də qorunub saxlandı.
Bu gün şəxsi heyətinin qarşısında çıxış edərkən vurğulamaq istəyirəm ki, sizin bu hərbi hissədə Naiq Yusifov, Qasım Rzayev, Çingiz Qurbanov kimi döyüşçülər xidmət etmiş və göstərdikləri şücaətə görə ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər. Vaxtılə bu hissənin hərbi qulluqçuları olmuş Hamlet Həsənov, Mirəziz Əzizov və digər onlarca döyüşçünün də hərbi rəşadəti unudulmazdır.
Bu əlamətdar gündə sizləri təbrik edərək bildirmək istəyirəm ki, indi Azərbaycan Ordusunun döyüş qabiliyyəti çox yüksəkdir. Aprel döyüşləri zamanı, Güncüt zəfəri və digər uğurlu hərbi əməliyyatlarla ordumuzun nəyə qadir olduğu bütün dünyaya bir daha nümayiş etdirildi.
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin siyasi iradəsi, xalqın prezident ətrafında sıx birləşməsi ilə möhkəm inanırıq ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır.
Tezliklə qələbə bizim olacaqdır!
Daha sonra şəxsi heyətin bir qrupuna və veteranlara komandanlığın Fəxri Fərmanları, qiymətli hədiyələri təqdim edilmişdir.
Tədbirdə rayonun incəsənət ustaları hərbi hissənin şəxsi heyəti qarşısında geniş konsert proqramı ilə çıxış etmişdir.