Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda aşıq Əkbər Cəfərovun 80 illik yubileyi qeyd olunmuşdur

13 noyabr 2013 | 16:00

Tovuzda Aşıq Əkbər Cəfərov adına  mədəniyyət evində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Əməkdar Mədəniyyət İşçisi, ustad aşıq Əkbər Cəfərovun 80 illik yubileyi təntənəli qeyd olunmuşdur.
Yeniyetmə aşıqların çıxışı ilə başlanan tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Tofiq Zeynalov tədbir iştirakçılarını yubiley münasibətilə təbrik etmişdir. Yubiley tədbiri filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin aparıcılığı ilə davam etdirilmişdir.
Tədbirdə aşıq Əkbər Cəfərovun yaradıcılığından söhbət açılmış, bildirilmişdir ki, XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Əkbər Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində doğulmuşdur. El sənətkarı dəfələrlə Bakıda və Moskvada keçirilən festivalların qalibi, qurultayların nümayəndəsi olmuşdur. Çıxış edənlər aşığın çoxsahəli yaradıcılığından, onun ifaçılıq məharətindən danışmışlar. Bildirilmişdir ki, Aşıq Əkbər Cəfərov həm də yaradıcı aşıq idi. Onun “İşıqlı tellər”, “Saz danışanda”, “Söz qanana qurban olum” adlı şeirlər kitabları işıq üzü görmüşdür. Görkəmli aşıq yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1990-cı ildə 57 yaşında vəfat etmişdir. Onun işıqlı xatirəsi xalqımızın ürəyində əbədi yaşayacaqdır.  Tədbirdə Tovuz aşıq məktəbinin yetirmələrindən aşıq Firudin Hüseynov, sənətşünaslıq üzrə fəlsəfə doktoru aşıq Samirə Əliyeva, aşıq Hakim Azaflı, aşıq Əli Quliyev, Şirvan aşıq məktəbinin yetirməsi aşıq Əli Taptıqoğlu, Göyçə aşıq məktəbinin yetirməsi Şöhrət Kərimov və başqalarının ifasında görkəmli el sənətkarının sözlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir. Tədbirdə aşıq Əkbər Cəfərovun dostu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İsa Cavadoğlu aşıqla bağlı xatirələrini danışmışdır. Tədbirdə aşıq Əkbər Cəfərovun övladları və nəvələri də iştirak etmişdir.

Keçidlər