Yeni üzüm emalı müəsissəsi ilə tanışlıq
Azərbaycan Respublikasında regionların inkişafı Dövlət Proqramının icrası və strateji Yol Xəritəsinə uyğun olaraq Tovuz rayonunda yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi, xarici valyuta gətirəcək istehsal sahələrinin yaradılması istiqamətində bir sıra əməli işlər görülür.
Respublikada sahibkarlığın inkişafına dövlət qayğısından bəhrələnən “A+Co” MMC-nin kollektivi rayonun Aşağı Quşçu kəndində üzüm emalı müəssisəsinin tikintisinə başlamışdır. Qısa müddət ərzində müəssisənin üzüm qəbulu xətti istifadəyə verilmişdir. Əvvəllər süfrə üzüm sortlarının əmtəə kimi bazara çıxarıla bilməyən hissəsi alıcı olmadığından bağlarda qalıb zay olurdu. Rayonun üzümçülüklə məşğul olan fermerləri və eyni zamanda Gəncə-Qazax iqtisadi regionuna daxil olan ətraf bölgələrin sakinləri indi həmin məhsulu və özlərinin yetişdirdikləri texniki üzüm sortlarını bu yeni zavodun qəbul məntəqəsinə gətirib təhvil verir, elə yerindəcə satdıqları üzümün dəyərini alırlar. Aqrar sahədə çalışan sahibkarlar işin bu şəkildə təşkil olunmasından razı qaldıqlarını bildirirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 2019-cu ildə fəaliyyətə başlayan həmin müəsissədə olarkən məlumat vermişdir ki, ildə 3 min ton üzüm qəbul etməyə imkan verən zavod üçün İtalya, Fransa və digər xarici ölkələrdən müasir texnoloji avadanlıqlar alınıb gətirilərək quraşdırılmışdır. Hazırda məhsul qəbuli ilə yanaşı müəssisədə tikinti-quraşdırma işləri davam etdirilir. İndi görülən işlərə 30 nəfər cəlb olunmuşdur. Gələcəkdə həmin müəsissədə müasir texnologiyalar əsasında alkoqollu içkilərin istehsalı, süzülərək qablaşdırılması, hazır məhsul şəkilində bazara çıxarılması istehsal prosesi qurulacaqdır.