Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunun Bozalqanlı kəndində səyyar qəbul-görüş keçirilmişdir

18 sentyabr 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Bozalqanlı kəndində  sakinlərlə növbəti səyyar qəbul-görüş keçirmişdir. Səyyar qəbul-görüşdə kənd sakinləri, ayrı-ayrı xidmət sahələrinin rəhbərləri, yerli qurumların nümayəndələri iştirak etmişlər.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, Bozalqanlı kəndi rayonumuzun zəngin tarixi olan bir kənddir. Bu kənd ölkəmizə görkəmli ziyalılar, gözəl sənətkarlar, sadə peşə adamları bəxş etmişdir. Ona görə də məhz dünyada ilk dəfə yaradılan Aşıq Ozan Sənəti Muzeyi bu kənddə yaradılmış və muzeyə Aşıq Hüseyn Bozalqanlının adı verilmişdir.Hazırda muzeyin yeni binası inşa olunur və yaxın gələcəkdə istifadəyə veriləcəkdir. Bütün  yaşayış məntəqələrinin, o cümlədən Bozalqanlı kəndinin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Kəndlərdə  yolların çəkilməsi, yeni məktəb binalarının tikintisi,  qazlaşma işlərinin aparılması, elektrik təchizatının yaxşılaşdırılması, əhalinin içməli su təminatı sahəsində işlər uğurla davam etdirilir. Heydər Əliyev Fondu çox önəmli sosial layihələr həyata keçiri. Bunlardan biri də hazırda icra olunan Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin tikintisidir. 1200 şagird yerlik məktəb binası ən müasir layihə əsasında tikilir.
Ölkəmizdə gedən ictimai-siyasi proseslər, həyata keçirilən  islahatlar barədə danışan Məmməd Məmmədov Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürdüyünü, ölkəmizin sürətli inkişaf yolunda olduğunu, möhtərəm cənab Prezidentimizin yürütdüyü daxili və xarici siyasətin xalqımızı xoşbəxt gələcəyə apardığının qeyd etmişdir.
Qəbulda təklif və tənqidi qeydlər səsləndirən kənd sakinləri onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, suvarma suyu ilə təminat, kanalizasiya xəttinə qoşulma, kəndarası yolun təmiri, tibb məntəqəsinin tikintisi, elektrik təsərrüfatının yenilənməsi işə qəbul və şəxsi məsələlərə dair müraciətlər etmişlər.
Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov qəbul zamanı vətəndaşlar tərəfindən qaldırlan məsələlərin bəzilərinin həlli üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar vermiş, bir neçə müraciətlərlə bağlı vətəndaşlara qanunamüvafiq izahatlar verilmişdir.

Keçidlər