Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda təhsil işçiləri ilə görüş keçirilmişdir

12 sentyabr 2019 | 16:00

Rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yeni dərs ilinin  başlanması ərəfəsində rayonun təhsil işçiləri ilə görüş keçirmişdir. Tədbirdə İH başçısı aparatının məsul işçiləri, rayon təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər və  müvafiq strukturların nümayəndələri  iştirak etmişlər.
Tədbiri giriş sözü ilə İH başçısı cənab Məmməd Məmmədov açaraq qeyd etmişdir ki, bu gün biz sizinlə təhsildə olan mövcud vəziyyəti və qarşıda duran vəzifələri müzakirə edəcəyik. Məqsədimiz sizləri dinləmək, fikir mübadiləsi aparmaq, problemləri nəzərdən keçirmək, rayonda təhsilin səviyyəsini daha da yüksəltmək üçün tədbirlər müəyyənləşdirməkdir.
Cənab M. Məmmədov ilk öncə son 15 ildə ölkəmizin sosial-iqtisadi inkişafı, görülən işlər, əldə olunan nəticələr barədə qısaca məlumat vermişdir. Bildirmişdir ki, son 15 il ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb. Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı. 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulmuşdur. İlk dəfə Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 2006-cı ildə qeyd olundu və o vaxt Azərbaycan 98-ci yerdə qərarlaşdı. Aparılan köklü islahatlar, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində son hesabatda Azərbaycan dünya miqyasında 25-ci yerdədir.  Müstəqil Azərbaycan dövləti, möhtərəm cənab Prezidentimiz cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsilimizin inkişafına böyük önəm verir.  Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmışdır.
Dövlətimizin qayğısı ilə Tovuz rayonunda da məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni inventar və avadanlıqlarla təmin olunması uğurla həyata keçirilmişdir və bu işlər indi də mərhələlərlə icra olunur. 2003-2018-ci illərdə 47  ümumi təhsil müəssisəsində təmir-tikinti işləri aparılmış, o cümlədən 26 məktəb inşa olunmuş, 10 məktəb əsaslı təmir edilmiş və ucqar dağ kəndlərində 11 modul tipli məktəb quraşdırılmışdır.
Təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun təşəbbüsləri də yüksək dəyərə malikdir. Fondun təşəbbüsü və dəstəyi ilə Cəlilli, Əsrik Cırdaxan və Alakol kəndlərində yeni məktəb binaları  tikilmiş, hazırda Bozalqanlı kəndində 1200 şagird yerlik məktəb binası tikilməkdədir, Aşağı Quşçu  və  Köhnəqala kəndlərində  məktəblər əsaslı təmir olunur. Rayon üzrə  26 məktəbdə lokal istilik sistemi quraşdırılmışdır.
Təhsil sahəsində islahatlar uğurla həyata keçirilir. Təhsil nazirliyinin rəhbərliyi ilə bu sahədə çox önəmli tədbirlər həyata keçirilir. Müəllimlərin biliklərinin dioqnostik qiymətləndirilməsindən sonra əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması müəllim peşəsinə verilən önəmin və göstərilən dövlət qayğısının nəticəsidir. İndi müəllimlərin, hətta məktəb diroktorlarının işə qəbulu çox şəffaf qaydada aparılır. Şagirdlərin biliklərinin qiymətləndirilməsində tətbiq olunan mexanizmlər, ali və orta ixtisas məktəblərinə qəbulun təşkili ortaya yalnız bircə meyar qoyur. Bu da daha çox oxumaq, mükəmməl biliklərə yiyələnmək və savadlı olmaq meyarıdır.
Bu ilki nailiyyətlərimiz müəyyən qədər vardır. Bu il  XI sinifi bitirmiş 1504 nəfər məzundan 1037 nəfər ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 567 nəfəri mülkü, 27 nəfəri ali hərbi məktəblərə olmaqla qəbul olmuşdur.17 nəfər 600-dən çox bal toplamışdır. İki məzunumuz, A. S. Puşkin adına məktəb-liseyin yetirmələri Eşqin Həsənov 675 bal və Aqşin İsgəndərzadə isə 671 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmişlər.  Sevindirici haldır ki, onların hər ikisi Prezident təqaüdünə layiq görülmüşlər.
Tədrisin təşkilində fərqlənən məktəblərimiz vardır. Qaraxanlı kənd tam orta məktəbinin XIa sinifini bitirmiş 23 nəfər, Y. Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbinin XIb sinfini bitirmiş 15 nəfər, Çatax kənd tam orta məktəbinin XI sinifinin bitirmiş 4 nəfər məzunun hamısı yüksək ballarla  ali məktəblərə daxil olmuşlar.
Eyni zamanda rayonun 1 məktəbində o cümlədən, Qədirli, Azaflı, Qovlar şəhər 2 və 3 №-li, Hunanlar, Əlibəyli, Ağbaşlar, E. Orucov adına Bayramlı kənd tam orta məktəblərindən ali məktəblərə qəbul üçün sənəd verənlərin hamısı, yəni 100%-i tələbə adına yiyələnmişlər.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Məhəbbət Hüseynova, M. Ələkbərov adına Tovuz şəhər tam orta məktəbin direktoru Sadıq Rəhimov, Y. Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin direktoru Nüsrət Quliyev, N. Tusi adına Tovuz şəhər məktəb-liseyin direktoru Valeh Məmmədov, Şıxheybət kənd məktəbinin direktoru Məhəmməd Bayramov, E. Orucov adına Bayramlı kənd tam orta məktəbin direktoru Zülfüqar Mustafayev, Azaflı kənd tam orta məktəbin direktoru Adil Əsgərov, N. Sadıqov adına Alakol kənd tam orta məktəbin direktoru Elmira Səfərova, Göyəbaxan kənd ümumi orta məktəbin direktoru Etibar Musayev, Təhsil Nazirliyinin 6 saylı  maliyyə-hesablama mərkəzinin direktoru Emin Əliyev çıxış edərək rayonda tədrisin kefiyyətinin yüksəldilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni dərs ilinə hazırlığın vəziyyəti barədə məlumat verərək müxtəlif təkliflər səsləndirmişlər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı M. Məmmədov yekunlaşdıraraq vurğulamışdır ki, təhsildə əldə olunn nailiyyətlər Tovuz təhsili üçün son hədd deyildir. Bizim potensialımız daha çoxdur. Ona görə də çox çalışmalıyıq. Qəbul imtahanlarında iştirak edən məzunların ballarını müqayisə edəndə rayonun respublika göstəricisindən aşağı nəticələr əldə etdiyi aydın olur. Məktəblərdə dərsə davamiyyətin təşkili, əmək və icra intizamına riayət olunmasına nəzarət etmək təhsil şöbəsinin və məktəb direktorlarının əsas vəzifələrindəndir.
Biz həmişə çalışacağıq ki, təhsildə fərqlənən şagirdləri, müəllimləri lazımınca dəyərləndirək, həvəsləndirici tədbirlər görək. Hesab edirik ki,  buhdan sonra da təhsil sahəsində işlər lazımi səviyyədə qurulacaq və rayonumuz  təhsidə daha böyük uğurlar qazanacaqdır. Biz tovuzlulara göstərilən dövlət qayğısına əməli işlərimizlə cavab verəcəyik.
Sonda cənab M. Məmmədov rayonda təhsilin inkişafı ilə bağlı bir sıra tapşırıqlar vermiş, bütün təhsil işçilərini qarşıdan gələn “Bilik” bayramı münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

 

Keçidlər