Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda sosial-iqtisadi sahə ilə bağlı geniş Şura iclası keçirilib.

08 avqust 2019 | 16:00

 

  Bu gün rayon İcra Hakimiyyətinin akt zalında 2019-cu ilin birinci yarısında Tovuz rayonunda sosial-iqtisadi sahə ilə bağlı geniş Şura iclası keçirilmişdir.

  Tədbirdə RİH başçısı yanında Şuranın üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri,  yerli icra nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri və KİV təmsilçiləri iştirak etmişdir.
  Geniş Şura iclasında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov məruzə ilə çıxış etmişdir. Qeyd etmişdir ki, bu il İyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilmişdir. Müşavirədə dövlət büdcəsinin icrasından tutmuş, bütün makroiqtisadi göstəricilər, iqtisadiyyatın artım tempi, şaxələndirilməsi, inflyasiyanın nəzərdə tutulmuş həddə saxlanılması, milli valyutanın qorunması, ölkəyə yatırılan investisiya, dövlət borcunun azaldılması, sahibkarlıgın inkişafı ilə bağlı görülən tədbirlər müzakirə olunmuşdur.
  Cənab Prezident bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirmişdir. Dövlət başçısı birinci yarımillikdə iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını vurğulamışdır.
  Qeyd etmişdir ki, ölkə iqtisadiyyatı bu ilin 6 ayında 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artıb. Qeyri-neft sənayesində artım isə 15,7 faiz olmuşdur. Qeyri-neft sektorunda müşahidə edilən artımın böyük bir hissəsi kənd təsərrüfatının hesabınadır. Kənd təsərrüfatı 6 ayda 13 faiz,  o cümlədən bitkiçilik 25 faiz artıb. Cənab Prezident bu inkişafı aparılan islahatların, kənd təsərrüfatına elmi yanaşmanın nəticəsi kimi qiymətləndirmiş, bu sahənin gələcəkdə də dayanıqlı inkişafına əminliyini bildirərək demişdir: “ Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.
  Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulduğunu, bunun böyük hissəsinin qeyri-neft sektorunun payına düşdüyünü deyən möhtərəm Prezidentimiz ilin əvvəlindən böyük sosial paketin təsdiqləndiyini və əhalinin rifahının, yaşayış səviyyəsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib.
  Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunan dördüncü Dövlət Proqramının qəbul olunduğunu vurğulayan dövlətimizin başçısı həm elektrik enerjisi, həm qazlaşdırma, həm də içməli su və yol infrastrukturu sahələrində gözəl nəticələrin əldə edildiyini diqqətə çatdırıb.
  Cənab Prezident İlin əvvəlindən 60 min yeni iş yerinin yaradıldığını bildirərək nağdsız ödənişlərin artırılması ilə bağlı tapşırıqlarını verib, istehlak bazarının daim nəzarətdə saxlanılmasının zəruriliyini qeyd edib. Dövlət başçısı küçələrin işıqlandırılması, məişət tullantılarının idarə olunması, inşaat sektorunun canlandırılması istiqamətlərində görülməsi vacib işlərdən danışmış, ölkəmizin innovasiyalar, müasir idarətetmə yolu ilə inkişaf etdirilməsinin əhəmiyyətinə toxunmuşdur.
  Müşavirədə ölkədə kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətində işlərin miqyasının da genişləndirilməsi qeyd olunmuşdur. Bu ilin altı ayı ərzində dövlət büdcəsinin gəlirləri əhəmiyyətli dərəcədə artmışdır.
  “Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən dövlətimizin başçısı ilin sonunadək nəzərdə tutulan bütün vəzifələrin icra ediləcəyinə əminliyini bildirmişdir.
Cari ilin birinci yarımilində Tovuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı davamlı tədbirlər həyata keçirilmiş və bir sıra uğurlar əldə edilmişdir. 2019-cu ilin altı ayında rayon iqtisadiyyatında makroiqtisadi göstəricilərdə dinamika müşahidə edilmişdir. Bu dövrdə faktiki qiymətlərlə sənaye məhsulunun həcmi 19,4 faiz, kənd təsərrüfatı məhsulu 25,6 faiz, əsas kapitala yönəldilmiş vəsaitlər 56,9 faiz, rabitə xidmətlərinin həcmi 13,7 faiz, nəqliyyat sektorunda yük daşınması 3 faiz, pərakəndə ticarət dövriyyəsi 4,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 6,4 faiz, orta aylıq nominal əmək haqqı 11,5 faiz artmışdır.
  Ötən dövrdə rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqaiysəli qiymətlərlə 116,9 faiz təşkil etmiş və 167 milyon 685 min 900 manat olmuşdur. Məhsul və xidmətlərin ümumi həcminin 53,3 faizi istehsal sahələrinin, 46,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür. Sənayedə 6 milyon 728 min, kənd təsərrüfatında 58 milyon 689 min, tikintidə 23 milyon 937 min, nəqliyyat və rabitədə 4 milyon 471 min, ticarət və xidmət sahələrində 73 milyon 861 min manatlıq məhsul və xidmətlər istehsal edilmişdir. Sənaye məhsulunun həcmi müqayisəli qiymətlərlə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 52,8 faiz artmışdır. Ümumi həcmdə dövlət müəssisələri tərəfindən istehsal olunan məhsulun xüsusi çəkisi 54,6 faiz, qeyri-dövlət müəssisələri tərəfindən istehsal olunan məhsulun xüsusi çəkisi isə 45,4 faiz təşkil etmişdir. Bunlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə müvafiq olaraq 8,1 faiz və 36,6 faiz çoxdur. Birinci yarımildə sənaye müəssisələri və fiziki şəxslər tərəfindən istehlakçılara 6 milyon 457 min manatlıq məhsul göndərilmişdir.
  2019-cu ilin yanvar-iyun aylarında sənaye sahəsində faktiki işləmiş işçilərin sayı 464 nəfər olmuşdur. Orta aylıq nominal əmək haqqı 384 manat təşkil etmiş və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,3 faiz artmışdır.
   Cari ilin 6 ayında müxtəlif mülkiyyət formalarından olan müəssisə, təşkilat və vətəndaşlar tərəfindən iqtisadiyyatın və sosial siferanın inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 24 milyon 705 min  manat və ya əvvəlki ilin müvafiq dövründən 56,9 faiz çox investisiya yönəldilmişdir. İnvestisiyaların həcminin 88,4 faizi dövlət, 11,6 faizi qeyri-dövlət mülkiyyətinə məxsusdur. İnvestisiyaların ümumi həcmində tikinti quraşdırma işlərinin həcmi 23 milyon 937 min manat olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,9 faiz artmışdır. Bu ilin 6 ayında bütün maliyyə mənbələri hesabına 6 milyon 7 min 400 manatlıq əsas fondlar istifadəyə verilmişdir. Hesabat dövründə dəyəri 2 milyon 485 min manat, ümumi sahəsi 11 min 49 kv.m olan 106 fərdi yaşayış evləri tikilmişdir. Bunların 87-si kənd, 19-u isə şəhər yerlərində tikilmişdir.
  2019-cu ilin birinci yarımilində “Tovuz rayonunda abadlıq işləri”  və “Mənzil Fondunun əsaslı təmiri işləri” xətti ilə küçələrdə və yaşayış binalarında  abadlıq-quruculuq və təmir  işləri davam etdirilmişdir.
Tovuz şəhərində Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyi, Tarix Diyarşunaslıq Muzeyi və Bayraq Muzeyinin tikintisində tamamlama işləri aparılır. Qovlar 2 saylı uşaq bağçasının tikintisi başa çatmışdır.
  Alakol kənd tam orta məktəbinin, “Asan Xidmət” Mərkəzinin, “ABAD” Bitkilərin  qurudulması və emalı müəssisəsinin tikintisi davam etdirilir.
  İllik istehsal gücü 700-800 ton ət istehsalı  olan “Aqropark”in tikintisində tamamlama işləri aparılır.
  Alakol kəndində “Dənli bitki toxumlarının istehsalı müəssisəsi”nin tikintisində işlər davam etdirilir.
 Alakol kəndində 624 şagird yerlik və Bozalqanlı kəndində 1200 şagird yerlik məktəb binaları tikilir. Aşağı Quşçu və Köhnəqala kənd məktəblərinin əsaslı təmiri işlərinə başlanılmışdır. Şamlıq və Güvəndik kəndlərində modul tipli məktəblər quraşdırılır.
Rayonda yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir. Cənab Prezident 15 fevral 2019-cu il tarixdə “Tovuz rayonunun Qovlar–Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”  Sərəncam imzalamış və bu məqsədlə vəsait ayırmışdır. Hazırda yolun tikintisi Ağacqala kəndi ərazisində davam etdirilir. Bütövlükdə Tovuz rayonunda kəndlərarası avtomobil yollarının əsaslı təmir edilməsi ilə bağlı cənab Prezident 6 dəfə Sərəncam qəbul etmiş və indiyədək 200 kilometrdən çox yollar əsaslı təmir edilmişdir. Məqsədimiz ondan ibarətdir ki, yaxın gələcəkdə bütün kəndlərarası avtomobil yollarının əsaslı təmirinə nail olaq.
  Ölkə Prezidentinin Sərəncamı əsasında aparılan Tovuz şəhərinin içməli su təchizatı layihəsinin icrası bu ilin may ayında başa çatmışdır. Hazırda yeni içməli su şəbəkəsindən 8 minə yaxın əhali və qeyri-əhali abonenti dayanıqlı olaraq içməli su ilə təmin olunur. Eyni zamanda yüksək mərtəbəli binaların su təchizatında olan problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. Yaxın günlərdə binaların su şəbəkəsində aparılan yenidənqurma və təmir işləri başa çatdırılacaqdır. Bunlarla yanaşı sayğaclaşma və qeydiyyat işləri davam etdirilir. Bu ilin aprel ayında sutkalık gücü 7 min kub metir olan müasir təmizləyici qurğunun tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Rayonun ayrı-ayrı kəndlərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı aidiyyatı orqanlarla birlikdə müvafiq iş aparılır.
Hesabat dövründə rayonda elektrik təsərrüfatının yenilənməsi, istismar müddətini başa vurmuş dayaqların, elektrik verilişi xətlərinin, transformatorların təmiri və təzələnməsi sahəsində müəyyən işlər görülmüşdür. Elektrik paylayıcı şəbəkə üzrə Əlimərdanlı kəndində 04 kv-luq şəbəkə yenidən qurulmuş, 35 kv-luq Böyük Qışlaq hava xəttinin yenidən qurulması işləri davam etdirilir. Rayonun elektrik təsərrüfatındakı mövcud problemlər tərəfimizdən öyrənilmiş və həlli üçün aidiyyatı üzrə məsələ qaldırılmışdır.
Əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq üçün təmir-quraşdırma işləri davam etdirilmişdir. Cari ildə 52 yaşayış məntəqəsində 455 abonentə təbii qaz verilmiş və qazla təmin olunan abonentlərin sayı 32972-yə çatmışdır. Hazırda Yuxarı Öysüzlü kəndinin yeni yaşayış massivində 71 evin qazlaşması tamamlanmaq üzrədir. Bununla da rayon üzrə qazlaşmanın səviyyəsi 93 faizə çatmış olacaqdır. Növbəti dövrlərdə qazlaşma işləri Dövlət Proqramına uyğun davam etdiriləcəkdir.
Bu il Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki böyük sosial islahat paketi qəbul edilib. Bu sosial islahat paketləri – birinci paket 3 milyon insanı əhatə etdi və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabərdir. Birinci sosial islahat paketi artıq tam şəkildə icra olundu və həm pensiyaçılarımızın, həm də işləyən vətəndaşlarımızın əməkhaqları artırıldı. Bu sahədə görülən işlər rayon əhalisinin həyatında da əhəmiyyətli şəkildə təcəssüm olunur. Minnətdarlıq hissi ilə qeyd edirəm ki, rayonumuzun 35 min nəfərdən çox sakini cənab Prezidentin cəmiyyətə təqdim etdiyi sosial paketdən bəhrələnir. Sakinlərimiz dövlətimizin sosial siyasətindən çox məmnundur.
Ölkədə aparılan davamlı sosial siyasətə uyğun olaraq ikinci sosial paketin icrasına sentyabrın 1-dən başlanılacaqdır. Paketdə minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışan əlavə 400 min insanın əmək haqlarının kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması nəzərdə tutulur.
Geniş Şura iclası sosial-iqtisadi  sahənin  ayrı-ayrı istiqamətlər üzrə çıxışlarla davam etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin müdiri vəzifəsini icra edən Ramiz Tağıyev, Məşğulluq Mərkəzinin direktoru Zöhrab Əhmədov, Statistika idarəsinin rəisi Niyazi Tağıyev, Maliyyə idarəsinin müdiri Mübariz Salmanov, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəhman Qasımov  çıxış edərək hesabat dövründə rəhbərlik etdikləri sahələrdə görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmış,müəyyən suallara aydınlıq gətirmişlər. Telekommunikasiya Qovşağının rəisi Səbuhi Hüseynov və Suvarma Sistemləri İdarəsinin rəisi Nəsrəddin Aslanov müvafiq sahələr üzrə Şura iclasına arayışlar vermiş, təklif və tənqidi qeydləri  cavablandırmışlar.
Şura iclasını Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab M.Məmmədov yekunlaşdırmışdır.
Qeyd etmişdir ki, göründüyü kimi rayonda kənd təsərrüfatının inkişafı sahəsində müəyyən işlər görülüb. Ancaq bunlarla kifayətlənmək olmaz. Kənd təsərrüfatının inkişafı ölkənin idxaldan asılılığını azaltmaqla yanaşı ixrac imkanlarını da genişləndirir. Kənd təsərrüfatının inkişafını əlverişli edən başlıca amil bu sahəyə dövlət dəstəyidir. Bu sahədə torpaq vergisi istisna olmaqla istehsalın vergidən azad olunması, eyni zamanda güzəştli kreditlərin və subsidiyaların tətbiqi kənd təsərrüfatında daha yüksək nəticələr əldə edilməsinə zəmin yaradır. Bu imkandan lazımınca istifadə olunmalıdır. Xüsusilə ənənəvi sahələrin, baramaçılığın və tütünçülüyün  inkişafına diqqət yetirilməli, bu sahələrin inkişafının strateji əhəmiyyəti,iqtisadi səmərəsi torpaq mülkiyyətçiləri arasında geniş təşviq edilməlidir.
Kənd təsərrüfatında meliorativ tədbirlərin görülməsinə ciddi ehtiyac var. Bu ildə də suvarmada çətinliklər meydana çıxdı. Əvvələr də dediyimiz kimi biz bu sahədə mütərəqi texnologiyaların tətbiqi, mövcud su ehtiyatlarından səmərəli istifadə olunması və pivot suvarma üsuluna keçilməsi zəruridir. 
 İstehsalın genişləndirilməsi, eyni zamanda yeni iş yerlərinin yaradılması üçün sahibkarlığın inkişafına önəm verilməlidir.  Hesabat dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən hüquqi və fiziki şəxslərə 21 layihə üzrə 1 milyon 439 min manat  kredit verilmişdir. Bu layihələr üzrə 25 iş yeri açılmışdır. Digər banklardan 6 min 586 nəfər fiziki şəxsə 17 milyon 659 min manat kredit verilmişdir. Biz rayonda sahibkarlığın inkişafına hər cür dəstək verməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişik və bunu bu gün bir daha təkrar edirik.
 Rayon ərazisində ekoloji təhlükəsizliyin təmin edilməsi, insanların sağlamlığının, ərazinin sanitar epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması, əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi çox vacib məsələ kimi qarşıda durur. Bu istiqamətdə xeyli işlər görülməsinə baxmayaraq ciddi nöqsanlar da var. Xüsusilə kəndlərdə kommunal xidmət məsələləri yarıtmaz təşkil olunub. Göstərilən məsələlərlə əlaqədar rayonda vəziyyətin nəzarətdə saxlanılması və nizama salınması məqsədilə mənim sərəncamımla xüsusi qərargah yaradılmışdır və müvafiq işlər aparılır. Bu işlər daha da gücləndirilməlidir. Bir qədər əvvəl qeyd etdiyim kimi ərazilərin abadlaşdırılması sahəsində rayonda xeyli iş görülüb və görülür. Lakin işıqlandırmanın vəziyyəti qənaətləndirici  deyil. Xüsusilə rayonun girişində, Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən əksər hissələrində, eləcə də Tovuz şəhərinin bəzi küçələrində, ictimai yerlərdə işıqlanmanın vəziyyəti yarıtmazdır. Bu sahəyə çox ciddi diqqət yetirilməlidir.
  Biz bu gün ilin birinci yarısında görülmüş işlərə dair məlumatları dinlədik, müzakirələr apardıq. İlin qarşıdakı aylarında da əsas vəzifə makro iqtisadi sabitliyin qorunub saxlanması və onun inkişaf etdirilməsidir. Cənab Prezidentin müşavirədəki nitqindən gəlinən qənaət ondan ibarətdir ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir və edir. Ölkə başçısının nitqindən irəli gələn vəzifələrdən biri də iqtisadi artımın dayanıqlığı üçün yeni mənbələrin axtarılmasının vacibliyidir. Biz də bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirməli, ölkədəki möhkəm ictimai-siyasi sabitlik və həyata keçirilən ardıcıl, məqsədyönlü islahatlar fonunda ümumi inkişafa öz töhfəmizi vermək üçün səfərbər olunmalıyıq.           
  Müşavirədə cənab Prezidentin qarşıya qoyduğu tələblər, verdiyi tapşırıqlar və irəli sürdüyü müddəalar bizim üçün fəaliyyət proqramıdır və biz onları layiqincə yerinə yetirmək əzmindəyik.
  Geniş Şura iclası müzakirə olunan məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.

 

Keçidlər