Şriftin ölçüsü :

Saytın rəngi :

Ucqar dağ kəndində səyyar qəbul-görüş keçirilmişdir

10 iyul 2019 | 16:00

Rayon İH başçısının növbəti səyyar qəbulu  rayonun ucqar kəndi olan Ağacqala  kəndində keçirilmişdir.  Tədbirdə rayonun   ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlandığını elan etmişdi. Sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, pensiyalar, əlillərə verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Eyni zamanda Prezidentin Fərmanı ilə problemli krediti olan 800 min nəfərdən çox şəxsə dövlət büdcəsindən kompensasiya ödənilib. Ümumilikdə bu ilin əvvəlində elan olunmuş sosial paket 3 milyon nəfərə yaxın insanı əhatə edib.
Bu günlərdə Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində növbəti addım atdı. Belə ki, ölkə prezidentinin imzaladığı  sərəncamlarla minimum əmək haqqı bir daha artırılaraq sentyabrın 1-dən etibarən 180 manatdan 250 manata qaldırıldı. Büdcədən maliyyələşən ayrı-ayrı qurumların işçilərinin vəzifə maaşları orta hesabla 40 faiz artırıldı.
Eyni zamanda dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əmək haqqı 20 faiz artırılmışdır.
Sonra cənab M. Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər,  rayonunun mövcud potesialı və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə məlumat vermişdir.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2012-ci ildən Ağacqala kəndi inzibati ərazi dairəsi kimi yaradılmışdır və həmin vaxtdan burada Rayon İcra Hakimiyyəti başçısının nümayəndəliyi fəaliyyət göstərir. Bundan sonra Ağacqala kəndində modul tipli məktəb binası tikilmiş, Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun əsaslı təmiri layihəsi çərçivəsində Ağacqala kəndinin yolunun tikintisi qərara alınmışdır. Ərazidə yerləşən dağ kəndlərinin elektrik təsərrüfatının yenidənqurulması layihəsi təsdiq olunmuşdur. Bütün bunlar ucqar dağ kəndlərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Ərazinin sosial-iqtisadi inkişafı daim diqqət mərkəzində saxlanılır və burada sosial layihələrin icrası bundan sonra da davam etdiriləcəkdir.
Görüş zamanı kənd sakinlərindən bir qrupu çıxış edərək dövlət başçısı cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə edərək ölkədə aparılan sosial yönümlü islahatlardan və ərazidə həyata keçirilən layihələrdən məmnun olduqlarını bildirmiş, rayon icra hakimiyyətinin başçısının Ağacqala kəndində sakinlərlə görüşündən razı qaldıqlarını bildirmiş, kəndin sosial-iqtisadi durumu  və öz şəxsi problemləri ilə bağlı məsələləri dilə gətirmişlər.
Kənd sakinlərindən Cəmil Babayev, Əli Babayev, Fazil Məmmədov, Hüseynalı Babayev, Rafiq Rüstəmov, Qalib Məmmədov, Əli Quliyev, Hikmət Məhərrəmov və başqaları çıxış edərək Ağacqala avtomobil yolunun tikintisinin sürətləndirilməsi, kənddə tibbi xidmətin təşkili, kəndin qazlaşdırılması, elektrik təsərrüfatının əsaslı təmir olunması, pay torpağının hüdudlarının müəyyən edilməsi, məktəbdə müəllim çatışmazlığı, həyatyanı torpaqla təminat, iş tələbi barədə təklif və tənqidi qeydlər səsləndirmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

 

Keçidlər