Tovuz rayonunda taxıl biçini başa çatmaq üzrədir
Ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından ruhlanan torpaq mülkiyyətçiləri və fermerlər 2019-cu il təsərrüfat ilində Tovuz rayonu ərazisində ümumilikdə 15464 ha sahədə taxıl bitkisi, o cümlədən 13740 ha buğda və 1724 ha arpa əkib becərmişlər.
Rayon üzrə biçin kompaniyasına 64 kombayn və 96 ədəd yük maşını cəlb olunmuşdur. Bu günə kimi arpa sahələri tamamilə biçilmiş, hər hektardan orta məhsuldarlıq 26,4 sentner olmaqla 4552 ton məhsul əldə edilmişdir. Buğda əkilmiş sahələrin 12190 hektarında biçin işləri başa çatdırılmış və indiyədək 40592 ton məhsul istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 33,3 sentner təşkil edir.
Hazırda rayonun dağətəyi kəndlərində taxıl zəmilərində buğda biçini davam etdirilir. Yaxın günlərdə rayon üzrə taxıl biçini başa çatdırılacaqdır.
Taxıl biçini kompanyası rayon icra hakimiyyətində yaradılmış xüsusi qərargahın nəzarətində saxlanılır. Müvafiq qurumların rəhbərləri yerlərdə işin gedişi barədə mütəmadi olaraq qərargaha hesabat verirlər. Aparılmış profilaktik tədbirlər nəticəsində biçin ərəfəsində heç bir fövqəladə hal baş verməmişdir.
Rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov tez-tez sahələrdə olur və yerində işlərin gedişi ilə maraqlanır. Rayon rəhbəri fermerlərlə söhbətlər aparır və onlara lazımi tövsiyələr verir.
Cari mövsümdə rayon ərazisində taxıl əkini ilə məşğul olan Aqroparklarla yanaşı sahibkarlar Kamal Ələsgərov, Ədalət Nağıyev, Ramiz Həmidov, Fərhad Məmmədov və başqaları sahələrdən bol məhsul götürmüşlər. Fermerlər kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısından məmnundurlar.