Şriftin ölçüsü :

Saytın rəngi :

Çatax kəndində səyyar qəbul-görüş keçirilmişdir

25 iyun 2019 | 16:00

Rayon İH başçısının növbəti səyyar qəbulu  Çatax kəndində keçirilmişdir.  Tədbirdə rayonun   ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, yerli qurumların nümayəndələri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul-görüşü giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlandığını elan etmişdi. Sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, pensiyalar, əlillərə verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Eyni zamanda Prezidentin Fərmanı ilə problemli krediti olan 800 min nəfərdən çox şəxsə dövlət büdcəsindən kompensasiya ödənilib.
Bu günlərdə Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində növbəti addım atdı. Belə ki, ölkə prezidentinin imzaladığı  sərəncamlarla minimum əmək haqqı bir daha artırılaraq sentyabrın 1-dən etibarən 180 manatdan 250 manata qaldırıldı. Büdcədən maliyyələşən ayrı-ayrı qurumların işçilərinin vəzifə maaşları orta hesabla 40 faiz artırıldı. Eyni zamanda dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan müəllimlərin əmək haqqı 20 faiz artırıldı.
Cənab Prezident hələ mart ayında sosial paketin tərkib hissəsi olan bir sıra fərman və sərəncamlardan sonra bəyan etmişdi ki, bu addımlar davamlı olacaq. Ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində dövlət büdcəsinə böyük miqdarda əlavə vəsaitlərin daxil olduğunu bildirən ölkə rəhbəri bu artımların bütünlüklə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldiləcəyini elan etmişdi. Göründüyü kimi, 3 ay sonra ölkə prezidenti minimum əmək haqqının əvvəlkindən daha böyük həcmdə artırılmasına dair sərəncam imzaladı. Bunlar son illər ərzində cənab Prezident tərəfindən aparılan düşünülmüş  siyasətin nəticəsidir. Bunlar bir daha ölkə rəhbərliyinin yürütdüyü sosial siyasətin əhalinin bütün təbəqələrinin mənafeyinə xidmət etdiyini göstərir.
Sonra cənab M. Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər,  rayonunun mövcud potesialı və qarşıda duran vəzifələr barədə kənd sakinlərinə məlumat vermişdir.
Görüş zamanı kənd sakinlərindən bir neçəsi çıxış edərək dövlət başçısı cənab İlham Əliyevə  minnətdarlıqlarını ifadə edərək ölkədə aparılan sosial yönümlü islahatlardan və ərazidə həyata keçirilən layihələrdən məmnun olduqlarını bildirmişlər. Eyni zamanda sakinlər onları narahat edən bir sıra məsələləri dilə gətirmişlər. Müraciət edən kənd sakinləri elektrik sayğacı ilə təminat, məişət tullantılarının yığılması, pensiyasının yenidən hesablanması, müharibə veteranı adının verilməsi, təbii qaz xəttinin çəkilməsi, sosial yardımla təmin olunması, elektrik xəttinin təmir olunması, yeni məktəb binasının tikintisi, körpünün təmiri, internet təminatı və işlə təmin olunması ilə bağlı müraciətlər etmişlər.
Səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin öyrənilməsi, araşdırılması və müvafiq tədbirlər görülməsi barədə  aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Keçidlər