Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə bayram tədbiri keçirilmişdir

14 iyun 2019 | 16:00

15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə Tovuz şəhərində bayram tədbiri keçirilmişdir.
Bayramsayağı bəzədilmiş Tovuz şəhərinin mərkəzindəki Heydər Əliyev adına meydanda Ümummilli Liderin abidəsi gül dəstələrinə qərq edilmişdi.
Rayonun bütün yaşayış məntəqələrindən gələn adamlar meydana axın edirdilər. Bayram tədbirini rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq xalqımızı, rayon sakinlərini təbrik edərək qeyd etmişdir ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq  təhlükəsindən xilas edilib.
Azərbaycan xalqınının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin  müstəqilliyini qorudu, respublikada tuğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş idealogiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyətini təmin edib. Xalqın təkid və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan  ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.
Böyük Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaradıb. Ümummilli liderinin şəxsiyyəti, onun idarəçilik məktəbi, sarsılmaz iradəsi, uzaqgörənliyi xalqımızı Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirdi. Ümimmilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu.
Bu gün Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi öz inkişaf surətinə görə dünyanı heyran qoyur. Milli qurtuluşla sürətli inkişaf, müstəqil siyasət və qüdrətli dövlət quruculuğu mərhələsi başladı. Bu mərhələ bu gün Prezident cənab İlham Əliyev və bütün dünyaya Azərbaycanın milli-mənəvi dəyərlərini, xalqımızın humanizmini ləyaqətlə nümayiş etdirən Heydər Əliyev Fondunun Prezidenti və Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirilir.
Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq 26 ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.
Azərbaycan dövləti tarixdə heç vaxt indiki qədər qüdrətli və güclü olmamışdır. Bütün bunlar  Azərbaycanın özü qədər əbədi olan Heydər Əliyevin adı ilə bağlıdır.
Milli Qurtuluş Gününüz mübarək olsun!
Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan!
Tədbir geniş bayram konserti ilə davam etmişdir. Rayonun bədii özfəaliyyət kollektivləri, incəsənət ustaları, aşıqlar öz yaddaqalan ifaları ilə vətəni, xalqımızı vəsf edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parlaq xatirəsinə həsr olunmuş şeirlər ifa etmişlər.
Bayram konserti axşama qədər davam etmiş, xalq gəzintisinə qovuşmuşdur.

Keçidlər