Tovuzda bərk məişət və plastik tullantıların idarə edilməsinə həsr olunan işgüzar görüş keçirilmişdir
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tovuz rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tovuz rayonunda bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə əlaqədar işgüzar görüş keçirilib.
Tədbirdə aidiyyəti strukturların rəhbərləri, Tovuz rayonun və ətraf rayonların yerli idarəetmə orqanlarının nümayəndələri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov müzakirə olunan məsələnin əhəmiyyətindən danışıb. O bildirib ki, dövlət başçısının imzaladığı Sərəncamlardan irəli gələn vəzifələrin uğurla icra edilməsi Tovuz rayonu üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki gözəl təbiətə malik olan Tovuzda da bərk məişət və plastik tullantılar əsaslı şəkildə ətraf mühiti çirkləndirir. Rayonumuzun bütün ərazisində ətraf muhitin bərk məişət və plastik tullantılarla çirklənmənin qarşısının alınması üçün daha məqsədyönlü işlər görülməli, əhali arasında, təhsil müəssisələrində maarifləndirmə tədbirləri genişləndirilməlidir.
Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş məlumat verib.
Sonra “Bərk məişət tullantılarının idarə edilməsində qabaqcıl təcrübədən istifadə olunması imkanları” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı mütəxəssisi Suqra İbrahimli, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət sektorunun müdiri Mehman Nəbiyev, Tovuz və ətraf rayonlarda bərk məişət tullantılarının idarə edilməsi sahəsində mövcud vəziyyət, problemlər və həll yolları mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Afiyət Mikayılov, Azərbaycan Respublikasının Prezidentinin 1 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullatılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”dan irəli gələn məsələlər mövzusunda İqtisadiyyat Nazirliyinin “Təmiz Şəhər” ASC-nin Layihələrin idarə olunması sektorunun müdiri Orxan Hüseynov çıxış etmişlər.
Daha sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə olunub.