Tovuzda 5 iyun meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı
5 İyun meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı ilə əlaqədar rayonda tədbir keçirilmişdir. İştirakçılar əvvəlcə Tovuz şəhərinin mərkəzində ucaldılmış Ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər. Tədbir Tovuz Heydər Əliyev Mərkəzində davam etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək ilk öncə meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə təbrik etmiş, işlərində onlara uğurlar arzu etmişdir. Cənab Məmməd Məmmədov qeyd etmişdir ki, bu gün buraya iqtisadiyyatının əsasını aqrar sahə təşkil edən rayonumuzun əməkçilərinin ən böyük köməkçiləri və dostu olan su işçiləri toplaşmışdır. Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı inkişafı böyük Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb. Elə bunun nəticəsidir ki, 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev hər ilin iyun ayının 5-nin meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı təsis edilməsi haqqında sərəncam imzalayıb. Melioratorlar bunu ölkə rəhbəri tərəfindən respublikada məhsul bolluğu yaratmaq kimi müqəddəs və şərəfli işlərində onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirlər.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə də genişmiqyaslı işlərin görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir.
Son illər rayonda kənd təsərrüfatı əkinlərini fasiləsiz olaraq suvarma suyu ilə təmin etmək üçün istismar və təmir-bərpa işlərinin səmərəliliyinin yüksəldilməsi üzrə əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. 2016-cı ildə cənab Prezidentin açılışını şəxsən etdiyi Tovuzçay su anbarı Tovuzlular üçün ən böyük hədiyyədir.
Cənab Prezidentin 30 mart 2018-ci il tarixli Sərəncamı ilə Tovuz şəhərinin alternativ su mənbəyi yaradılmış və peşə bayramı ərəfəsində həmin kəmərə yüksək keyfiyyətli su verilmişdir. Cənab Prezidentin yenə həmin ilin 9 aprel tarixli Sərəncamının icrası nəticəsində rayonun Xatınlı, Qaraxanlı, Qədirli, Cilovdarlı və Əlimərdanlı kəndlərinə içməli su kəməri çəkilmişdir. Bütün bunlar ölkə rəhbərliyinin rayonumuza davamlı qayğısının parlaq təzahürləridir. Buna görə cənab Prezidentə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya Tovuzlular adından minnətdarlığımızı bildiririk.
Sonra rayon suvarma sistemləri idarəsinin rəisi Nəsrəddin Aslanov, “Azərsu” ASC-nin 8 saylı regional sukanal idarəsinin rəisi Darvin Hüseynov, rayon subartezian quyuları isitismarı idarəsinin rəisi Elxan Əsgərov, Ceyrançöl qış otlaqlarının su təminatı istismarı idarəsinin rəisi Nizami Vəliyev çıxış edərək meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramını belə yüksək səviyyədə keçirdiklərinə görə ölkə və rayon rəhbərliyinə, əlaqədar sahə rəhbərlərinə minnətdarlıqlarını bildirmişlər.
Kənd zəhmətkeşlərinə, əhaliyə və tovuzlu fermerlərə günün tələbləri səviyyəsində xidmət etdiklərinə görə rayon icra hakimiyyəti meliorasiya və su təsərrüfatı işçilərindən bir qrupunu Fəxri Fərmanla təltif etmişdir.
Tədbiri yekunlaşdıran M. Məmmədov bir daha meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə təbrik etmişdir.