Şriftin ölçüsü :

Saytın rəngi :

Zəhmət bəhrəsiz qalmır

02 iyun 2019 | 16:00

Son illər Tovuzda həyata keçirilən genişmiqyaslı işlər nəticəsində rayonun siması başdan-başa dəyişmiş, əhalinin həyat tərzi xeyli yüksəlmişdir. Amma onlar qazandıqları nailiyyətlərdən arxayınlaşmır, daha böyük hədəfləri dəf etmək üçün çalışırlar. Bunu cari ilin ilk rübü ərzində əldə olunmuş uğurlar da təsdiqləyir.

Cari ilin üç ayında rayonda 52 milyon 975 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Bu müddət ərzində 13 milyon 146 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilərək 1,2 faiz artıma nail olunmuşdur.

2019-cu ilin əvvəlindən bilavasitə əhalinin rifah halının yaxşılaşmasına hədəflənən tədbirlərin reallaşdırılması daha da intensivləşmişdir. Rayonda əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir. 132 ailəyə müəyyən olunmuş hədd daxilində qaramal və davarlar, 6 nəfərə isə müxtəlif xidmət sahələrində işləmək üçün avadanlıqlar verilmşdir. Bu il həmçinin müxtəlif sahələr üzrə 18 nəfər təlim kurslarına cəlb edilmişdir. Ümumiyyətlə, rayonda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, ilin ilk 3 ayında 480 yeni iş yeri yaradılmışdır. O cümlədən "İşsizin Dostu” proqramına uyğun olaraq "DOST İş Mərkəzi” MMC tərəfindən 450 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.

Əhalinin işlə təminatında yeni açılan istehsal sahələrinin də rolu çoxdur. Belə ki, dövlətin verdiyi güzəştli kreditlər hesabına fəaliyyətə başlayan yeni istehsal sahələrində onlarca yeni iş yeri açılmışdır. Təkcə bu ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən hüquqi və fiziki şəxslərə 14 layihə üzrə 764 min manat kredit verilmiş, həmin layihələr üzrə 14 daimi iş yeri yaradılmışdır.

Dördüncü regional inkişaf Dövlət Proqramının icrasına uyğun olaraq, rayonda da bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir, qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi ön plana çəkilir. Hazırda rayonun Düz Qırıqlı kəndində kağız və karton tara istehsal müəssisəsi və Alakol kəndində dənli bitki toxumlarının emalı zavodu tikilır. Eyni zamanda, "ABAD” layihəsi üzrə meyvə qurutma fabrikinin tikintisində işlər davam edir. Kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq istiqamətləri üzrə böyük istehsal gücünə malik olan Aqroparkın inşasında isə son tamamlama işləri görülür.

Məlum olduğu kimi, son illər ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrindən olan baramaçılığın və tütünçülüyün sürətli inkişafına nail olmaq üçün bir sira işlər həyata keçirilir. İqtisadi cəhətdən sərfəli olan bu sahələrin dirçəldilməsi Tovuz rayonunda da diqqət mərkəzində saxlanılır. Hazırda rayonun 30 yaşayış məntəqəsində 160 ailə ipəkqurdu bəsləyir. Tütünçülük sahəsində də göstəricilər sevindiricidir. Ən əsası da odur ki, əldə olunan gəlirlər kənd sakinlərini razı salır.

Rayonda əkin sahələrinin suvarma suyu ilə təminatı üçün də tədbirlər görülür, əvvəllər mövcud olan çətinliklər aradan qaldırılır. Tovuzçay su anbarının istifadəyə verilməsi ilə 20 min hektar torpaq sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşmış, 300 hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Bundan başqa, son 5 ildə rayonda 63 subartezian quyusu qazılaraq istismara verilmiş, nəticədə 819 hektar sahənin suvarma təminatı qaydaya salınmışdır. Bu il rayonda daha 12 subartezian quyusunun qazılması nəzərdə tutulur.

İçməli su ilə təminatın yaxşılaşdırılması da diqqət mərkəzindədir. Hazırda Tovuz şəhərinin içməli su təchizatı layihəsi icra olunur. Tarix-diyarşünaslıq muzeyinin və Bayraq Meydanının tikintisində son tamamlama işləri görülür. Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatmışdır. 624 şagirdlik Alakol kənd tam orta məktəbinin, "Asan xidmət” mərkəzinin, həmçinin Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin tikintisində işlər davam edir.

Yol infrastrukturuna gəldikdə 31,9 kilometrlik Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun bu il başlayan tikintisi sürətlə davam edir. Tovuz-Böyük Qışlaq-Qaralar və Tovuz-Qovlar-Ağbaşlar avtomobil yollarının əsaslı təmiri bu ərazidə yaşayan əhalinin rahatlığını təmin etməklə yanaşı, yolboyu turizm məkanlarının, iaşə obyektlərinin yaranmasına və əraziyə turist axınının artmasına şərait yaratmışdır.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Keçidlər