Tovuz üçün yüksək ixtisaslı aqrar mütəxəssislər hazırlanacaq.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Tovuz rayonunun ehtiyacları üçün yüksək ixtisaslı aqrar mütəxəssislər hazırlamaq məqsədilə Tovuz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aşıq Əkbər Cəfərov adına Tovuz Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi və professor- müəllim heyətinin bir qrupu ilə görüş keçirilmişdir. Görüşdə cari dərs ilində məzun olacaq gələcək abituriyentlər, müəllimlər, valideyn nümayəndələri iştirak etmişdir.
Görüşün Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab M. Məmmədov açaraq demişdir ki, ilk öncə Sizin hər birinizi salamlayıram və ümidvaram ki, hörmətli alimlərlə bu görüşünüz sizin hər biriniz üçün yaddaqalan olacaqdır. Ona görə ki, bu zalda əyləşənlərin əksəriyyəti I və IV qrupu seçənlərdir. Ona görə də bu görüş ola bilsin, sizlərin sırasından gələcəyin yüksək ixtisaslı aqrar mütəxəssis yetişməsinə təkan verdi.
Müstəqillik tarixi çox gənc olmasına baxmayaraq XXI əsrin Azərbaycanı öz iqtisadi qüdrətinə, insanların həyat səviyyəsini yaxşılaşdırmaq sahəsində həyata keçirdiyi proqramlara görə dünyanı heyran qoyur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial siyasət, neft kapitalının insan kapitalına çevrilməsi bu günkü yeni Azərbaycanın reallığıdır.
Karbohidrogen ehtiyatlarımız nə qədər zəngin olsa da, neft və qazımız Avropanın enerji təhlükəsizliyində mühüm rola sahib olsa da, beynəlxalq əmək bölgüsündə Azərbaycan yenə də aqrar ölkə kimi qəbul edilir. İnsan bəsləmək, bəşəriyyətin qida məhsulları ilə təminatında rola sahib olmaq Tanrının bir vergisidir. Dünyada 40-dan artıq ölkə vardır ki, onların özündə heç bir qida məhsulu istehsal olunmur və ərzaq məhsulu kənardan gətirilir. 11 iqlim qurşağından insanlığın rifahına xidmət edən 9 iqlim qurşağının Azərbaycanda olması, münbit və bərəkətli torpaqlarımız ilboyu təzə-tər meyvə-tərəvəz yetişdirməyə imkan yaradır.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına başlıca diqqət yetirilir və ölkə rəhbərimizin siyasi iradəsi və dövlət qayğısı nəticəsində bu sahədə çox böyük irəliləyişə nail olunmuşdur. Torpaqdan maksimum gəlir götürmək sahəsində zəngin ənənələri olan Tovuzun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahədə bölgəmiz yaxşı tanınır.
Kənd təsərrüfatı mütəxəssisləri həmişə hörmət və nüfuz sahibi olmuşlar. Mənim özümün də məzunu olduğum bizim Dövlət Aqrar Universitetimiz Azərbaycan elmində, Azərbaycan iqtisadiyyatı üçün yüksək hazırlıqlı peşəkar mütəxəssis və kadrlar hazırlanmasında həmişə yüksək rol oynamışdır. Keçid dövrünün çətinliklərinə baxmayaraq elm fədailəri bu elm məbədinin zəngin ənənələrini daha da inkişaf etdirdilər. İndi aqrar universitet dünya elminə də uğurla inteqrasiya olunur. Burada Milli Elmlər Akademiyasını müxbir üzvü, professor, hörmətli rektor İbrahim Cəfərovun böyük xidməti və fədakarlığı əhəmiyyətli rol oynayır.
Aqrar universitetimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elmə, təhsilə və gənc nəslə daimi qayğısının nəticəsi kimi aqrar elmin flaqmanına çevrilmişdir. Biz yaxşı bilirik ki, bu gün aqrar universitetdə aqrar sahənin innovasiyalı inkişafı üçün yüksək ixtisaslı kadrlar hazırlamaqla yanaşı istehsalatda geniş tətbiq edilən elmi tədqiqatlarla da yaxından məşğul olunur.
Qarşılıqlı müzakirə və dioloq şəklində keçən görüşdə Azərabaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor İbrahim Cəfərov, Universitetin tələbə qəbulu üzrə məsul katibi Telman Musayev, universitetin müəllimi Anar Həsənov, aqranomluq fakültəsinin tələbəsi Pərvanə Ələkbərova, aqrotexnologiya fakültəsinin 3 kurs tələbəsi Vidadi Nuriyev çıxış etmişlər.
Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin həyatından, nailiyyətlərindən, aparılan elmi tədqiqatlardan bəhs edən qısa metrajlı film nümayiş olunmuşdur.
Aqrar Univrsitetin nümayəndələri tovuzlu məzunları onların tədris müəssəsində təhsilə dəvət edərək bildirmişlər ki, onlar yüksək ixtisaslı aqrar mütəxəsislər hazırlamaq sahəsində böyük təcrübəyə malikdirlər.
Tədbiri yekunlaşdıran M.Məmmədov qeyd etmişdir ki, hesab edirəm ki, görkəmli alimlərlə bu görüş çox səmərəli oldu. Bunun nəticəsini yaxın günlərdə görəcəyik. İndi imtahan verərək peşə seçimi astanasında olan gənclərimiz düzgün qərar verəcəklər.
Məlumdur ki, Tovuz təhsili həmişə Azərbaycanda yaxşı mənada seçilmişdir. Ötən dərs ilində rayonuun orta məktəb məzunlarından 41 nəfərin 600-dən yuxarı və 130 nəfərin isə 500-dən yuxarı bal toplaması diqqəti cəlb edir. Yaxşı haldır ki, onların arasında Dövlət Aqrar Universitetini seçənlər də vardır. İndi gənclərimiz öz arzuları ilə ölkənin və dünyanın ayrı-ayrı nüfuzlu ali təhsil müəssisələrinə daxil olub orada uğurlu təhsil alırlar. Mən onların hamısına, buraya toplaşanlara öz işlərində uğurlar arzulayıram. Bir arzumu da burada siz gənclərə çatdırmaq istəyirəm ki, harada olusunuzsa olun həmişə öz vətəniniz Azərbaycanla fəxr edin, millətimizin adını daha da şərəfləndirin.
Siz gərək öz fəaliyyətinizlə, həyatda qazandığınız uğurlarla valideyninizin, xalqın başını həmişə uca edəsiniz.
Gənclərimiz xoşbəxtdir ki, böyük Heydər Əliyevin ən böyük şah əsəri olan müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Ümummilli lider demişdir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Ona görə də Sizlər həmişə müstəqilliyimizə xidmət edərək yüksək sürətlə inkişaf edən respublikamızın layiqli vətəndaşları olmalısınız. Sizin hər birinizə müvəffəqiyyətlər arzu edirəm!