Tovuzlu şəhidin xatirəsinə
Naxçıvanın Günnüt kəndində döyüş əməliyyatı zamanı şəhid olmuş Orxan Bayram oğlu Hümmətovun xatirəsinə həsr olunmuş “Qızılqaya Qartalı” kitabının təqdimatı keçirilmişdir.
Geniş ictimaiyyət nümayəndələrinin, ziyalların, gənclərin qatıldığı tədbir başlanarkən Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə və Vətən uğrunda canlarını qurban verən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq bildirmişdir ki, öz döyüş qabiliyyətinə görə dünyanın ən qüdrətli ordularından olan Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin bir göstərişi ilə işğal altındakı torpaqlarımızı azad etmək qüdrətinə malikdir. 2016-cı ilin Aprel döyüşləri, Naxçıvanın Günnüt zəfəri Prezidentimizin qətiyyətini və siyasi iradəsini, xalqla ordunun sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi. Bu qələbələrimizdən dünya erməniliyi və torpağımızı qəsb edənlər vahiməyə düşdülər.
Torpaqlaımızın azad edilməsində şəhidlər də verdik. Vətən öz şəhidlərinin xatirəsini daima uca tutur. Cənab Prezidentin, Azərbaycan Respublikasının Birinci-vitse Prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələrinə, Qarabağ əlillərinə, məcburi köçkünlərə hərtərəfli qayğı göstərilir. Prezidentin Fərman və Sərəncamlarına uyğun olaraq dövlətin sosial siyasəti nəticəsində əhalinin rifah halı daha da yaxşılaşır. Azərbaycanın iqtisadi qüdrəti artıqca əhalinin güzaranı bundan da qat-qat yaxşı olacaqdır .
Sonra kitab təqdimatında Milli Məclisin deputatı Qənirə Paşayeva, DQİDK-nin sədri Mübariz Qurbanlı ətraflı çıxış etmiş, şəhidlərin xatirəsinin Azərbaycan Respublikasında dövlətimiz tərəfindən daim uca tutulduğunu, şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirmişlər.
Qarabağ Müharibəsi Əlilləri, Şəhid ailələri, Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Əli Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ağsaqqal şair İsa Cavadoğlu, “Qızılqaya Qartalı”kitabının müəlliflərindən olan Ramiz Çıraqlı, şəhid atası Bayram Hümmətov öz çıxışlarında vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin yad edilməsi üçün keçirilən belə tədbirlərə görə minnətdarlıqlarını ifadə etmişlər.
Tədbiri yekunlaşdıran M. Məmmədov qeyd etmişdir ki, bu günkü tədbirimiz bir daha göstərdi ki, Azərbaycan dövləti şəhidlərin xatirəsini daima uca tutaraq onu yüksək qiymətləndirir. Ölkəmizdə şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Şəhidlərin əziz xatirəsi həmişə xalqımızın qəlbindədir və onların xatirəsi heç vaxt unudulmayacaqdır!