Şriftin ölçüsü :

Saytın rəngi :

Maraq da artıb, istehsal da

17 may 2019 | 16:00

Dördüncü ildir ki, Tovuz rayonunda tütün əkini sahələri genişləndirilir, istehsalda yaxşı göstəricilərə nail olunur. Hazırda tütün sahələri əkinə hazırlanır. Yaxın günlərdə şitillərin sahələrə köçürülməsinə başlanacaq.

Fermerlər deyirlər ki, havalar əlverişli keçsə, əkini 10 gün müddətinə başa çatdıracaqlar. Əl əməyini yüngülləşdirmək üçün yaxın vaxtlarda tütünçülükdə istifadə edilən texnikaların alınması da nəzərdə tutulmuşdur.

Hazırda rayonun 28 kəndində tütün əkilir. Cəlilli, Abulbəyli, Düz Cırdaxan, Alakol, Dönük Qırıqlı və digər kəndlərin sakinləri məhsulun maya dəyərini azaltmaq üçün pay torpaqlarını birləşdirərək birlikdə əkirlər. Məsələn, Aran Yanıqlı kəndində 8 sahibkar torpaqlarını birləşdirərək 10 hektar sahədə tütün əkməyi qərara almışdır. Əvvəllər tütün şitilləri kənardan alınırdısa, indi ayrı-ayrı sahibkarlar tərəfindən rayonda yetişdiriir. Fermer Azad Qurbanov, Tofiq Musayev, Fərhad Məmmədov bir neçə ildir bu işlə məşğul olur, istixanalarda yetişdirdikləri müxtəlif sort tütün şitillərini fermerlərə sataraq xeyli gəlir əldə edirlər.

Cəlilli kəndinin sakinləri də keçən il əldə etdikləri gəlirdən razı qaldıqları üçün bu il daha çox sahədə tütün əkməyi planlaşdırmışlar. Məsələn, kənd sakini Əli İsmayılov keçən il 1,5 hektar sahədə tütün yetişdirib yaxşı qazanc götürdüyü üçün cari ildə 2 hektardan çox sahədə tütün əkməyi qərara almışdır. Başqa bir misal. Keçən il 2 hektar sahədə tütün əkən Düz Cırdaxan kənd sakini Akif Mehdiyev 1,5 hektar sahədən 3 tona yaxın tütün yarpağı təhvil vermişdir.

Aran kəndinin sakinləri Azad Qurbanov və Namiq Həsənov isə keçən ildən etibarən tütün əkməyə başlamışlar. Onların hər biri ildə 3 hektar sahədə tütün əkir. Söhbət zamanı Azad Qurbanov dedi ki, dövlət bizim üçün hər cür şərait yaradıb. İstehsal etdiyimiz məhsul üçün subsidiya verir, rayon rəhbərliyi işimizə dəstək olur, əkindən tutmuş məhsulun təhvil verilməsinədək kömək göstərir.

Rayonda istehsal olunan tütün Şəki "İntertabakko” MMC-yə təhvil verilir. Cəmiyyətin nümayəndələri yarpaq dərimi ərəfəsində əkin sahələrini gəzir, yığım-qurutma prosesinə nəzarət edirlər. Bu da məhsulun keyfiyyətinə yaxşı təsir göstərir.


Sabir ƏLİYEV,

"Azərbaycan”

Keçidlər