Tovuzda 9 may Qələbə günü bayramı qeyd edilmişdir
9 may Qələbə Günü Tovuzda yüksək səviyyədə qeyd olunmuşdur. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümünü qeyd etmək üçün Tovuz şəhərindəki Qəhrəmanlar parkına rayon sakinləri, rayonun idarə, müəssisə kollektivləri, veteranlar toplaşmışlar. Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov tədbirə qatılan müharibə iştirakçıları ilə görüşərək onları təbrik etmiş, Böyük Qələbənin qazanılmasından 74 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmədiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Tovuz keçmiş SSR-də yeganə rayondur ki, onun üç Sovet İttifaqı Qəhrəmanı olmuşdur. M. Məmmədov ölkəmizdə müharibə veteranlarına göstərilən diqqət və qayğıdan ətraflı danışmışdır. Mərasimdə çıxış edənlər bildiriblər ki, Böyük Vətən müharibəsində 7790 tovuzlu iştirak edib, onlardan yalnız 3612 nəfəri sağ qayıdıb. Sonra Sovet İttifaqı Qəhrəmanları Yusif Sadıqov, Mərdan Musayev və Məstan Əliyevin parkda ucaldılmış büstü önünə tər güllər qoyulmuşdur. Ziyarətçilər həm də “1941-1945” abidə kompleksinin önünə tər çiçək dəstələri qoyaraq həyatlarını Qələbə naminə qurban vermiş insanların xatirəsini ehtiramla yad ediblər.
Sonda müharibə veteranları üçün bayram süfrəsi açılmışdır.
Həmin gün rayon icra hakimiyyəti başçısı Məmməd Məmmədov səhhəti ilə bağlı Tovuz şəhərindəki bayram tədbirinə qatıla bilməyən müharibə veteranlarını evlərində ziyarət etmişdir. Aşağı Quşçu kəndində Hüseyn Rəhimovun, Qovlar şəhərində Cavad Məhərrəmovun, Cəmil Məmmədovun, Dönük Qırıqlı kəndində Səfər Mustafayevin, Düz Qırıqlı kəndində Bayram Məmmədovun evinə gedərək çay süfrəsi arxasında onların bayramını təbrik etmiş, onların sağlamlıq durumu və məişət şəraiti ilə maraqlamışdır. Müharibə veteranlarına tər gül dəstələri, hədiyyələr verilmiş və məxsusi hazırlanmış tortlar kəsilmişdir.
Rayon rəhbəri qeyd etmişdir ki, müharibə qəhrəmanları gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əvvəzsiz rol oynayırlar. Bu gün ki, müstəqil Azərbaycanın uğurlarında həm də Böyük Vətən müharibəsinin veteranlarının payı vardır. Ona görə də biz həmişə onları minnətdarlıq hissi ilə yad edirik.
Müharibə veteranları onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə edərək onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən ardıcıl tədbirlərə görə cənab Prezidentimizə minnətdarlıqlarını bildirmişlər.