İH başçısının Qovlar şəhərində səyyar qəbul-görüşü yüksək fəallıq şəraitində keçmişdir
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü Qovlar şəhərində Gənclər Evinin akt zalında keçirilmişdir. Səyyar qəbulda İH başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış edərək ilk öncə keçən ilin iyun ayında Qovlar şəhərində keçirilmiş səyyar qəbul-görüşdə vətəndaşlar tərəfindən qaldırılmış təkliflərin və tənqidi qeydlərin icrasına nəzər yetirmiş, onların əksəriyyətinin öz həllini tapdığını diqqətə çatdırmışdır. O, ötən müddətdə Qovlar şəhərində aparılan tikinti quruculuq və abadlıq işləri, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğu, xidmət sahələrinin fəaliyyəti ilə bağlı məlumat vermişdir.
M. Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprel ayının 30-da keçirilmiş Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr ounmuş iclasına diqqət yetirmiş və bildirmişdir ki, cənab Prezident 2019-cu ilin ölkəmiz üçün uğurlu bir il olduğunu qeyd etmiş, ilin birinci rübündə əldə olunan sosial-iqtisadi göstəriciləri ətraflı təhlil etmiş, qarşıda duran vəzifələrlə bağlı tapşırıqlarını vermişdir. Cənab Prezidentin nitqində bir daha diqqəti vətəndaş məmur münasibətlərinə yönəltmiş, bütün məmurlara xalqa ləyaqətlə xidmət etməyi tapşırmışdır.
İlin ötən dövründə vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirilən islahatlar onu göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi vətəndaşının yanındadır və onun siyasətinin mərkəzində insan amili dayanır. Bu ilin üç ayında aparılan islahatlar və həyata keçirilən sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insanın maddi vəziyyəti yaxşılaşdırmışdır. “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına başlanmışdır. Proqram növbəti 5 ildə regionların daha da inkişaf etməsini və xalqımızın rifahının daha da yüksəldilməsini nəzərdə tutur. Proqramda Tovuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı çox əhəmiyyətli tədbirlər vardır. Rayonun ümumi inkişafı konteksində Qovlar şəhərinin də müəyyən sosial probelmləri həllini tapacaqdır.
Nazirlər Kabinetinin iclasında cənab Prezident kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı təkliflər verilməsi və kəndlərin yeni inkişaf konsepsiyasının hazırlanması barədə tapşırıqlar vermişdir.
Cənab Prezident eyni zamanda tapşırmışdır ki, dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalı və vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər.
Bunları diqqətə çatdıran M. Məmmədov rayonda aparılan abadlıq quruculuq işlərindən, həyata keçirilən infrasturuktur layihələrindən, kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlərdən söz açmış, vətəndaş müraciətlərinə baxılması, onların qanuni hüquqlarının qorunması gündəlik nəzarətdə saxlanıldığını vurğulayaraq Səyyar qəbul-görüşdə iştirak edən sakinləri fəal olmağa çağırmışdır.
Şəhər sakinləri müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Sakinlər iş tələbi, şəhid ailələrinə verilən sığorta haqqının ödənilməsi, sosial yardım, miqrasiya məsələləri, mübahisəli yol məsələsi, içməli su təchizatı, suvrama suyu, evlərin qazlaşdırılması, sahibsiz itlərin zərərsizləşdirilməsi, Vağzal küçəsinin işıqlandırılması, şəhərdaxili yolların asfaltlanması, torpaq məsələləri, müalicə işi və pensiya təyinatı, S. Kazımov adına məktəbin həyətində şəhid büstünün qoyulması, problemli keditlə bağlı hesablanmış kompensasiyanın ödənilməsinin gecikdirilməsi, ailə-məişət problemləri, şəhərin mərkəzi küçəsində maşınların uyğunsuz yerlərdə parklanması, maddi yardım göstərilməsi və digər məsələlərlə bağlı mürəciətlər etmişlər.
Səyyar qəbul-görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmiş, bəzi məsələlərin həlli nəzarətə götürülmüşdür.
Sakinlər onların müraciətlərinə həsaslıqla yanaşıldığına və həlli istiqamətində operativ tapşırıqlar verildiyinə görə minnətdarlıqlarını ifadə etmişlər.