Şriftin ölçüsü :

Saytın rəngi :

Diplomotik korpus nümayəndələri Tovuzda

01 may 2019 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkil etdiyi Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndliklərin rəhbərləri və onların xanımlarının tanışlıq səfərinin növbəti ünvanı Tovuz rayonu olmuşdur. Səfər zamanı diplomatlar rayonun sosial-iqtisadi inkişafı ilə tanış olmuşlar.
Səfər çərçivəsində xarici qonaqlar Tovuz şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında olmuşlar. Qonaqlar həmin parkda əhalinin mənalı istirahəti üçün yaradılan yüksək şəraitə heyranlıqlarını bildirmişlər. Onlara məlumat verilmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan və ümumi sahəsi 7 hektar olan belə möhtəşəm istirahət məkanı öz unikalığı ilə fərqlənir. Relikt şabalıdyarpaq palıd ağacları əsasında yaradılmış park qonaqların diqqətinə səbəb olmuşdur. Bildirilmişdir ki, istirahət mərkəzinə təkcə rayon sakinləri deyil, bölgənin və respublikanın ayrı-ayrı yerlərindən istirahət etməyə çoxlu insanlar gəlir.
Diplomatlara Tovuzun tarixi, iqtisadiyyatı, ənənəvi təsərrüfat sahələri haqqında da məlumat verilmiş, onları maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.
Sərhəd kəndi Əlibəyli və Hacıalılı səfər edən diplomatik korpusun nümayəndələri erməni silahlı birləşmələrinin artilleriya atəşi nəticəsində dağıdılmış evlərdən bəziləri ilə tanış olmuş, şahid olmuşlar ki, təmas xəttində həmin kəndin sakinləri necə təhlükəli şəraitdə yaşayıb fəaliyyət göstərirlər.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov qonaqlara rayonun 10 sərhəd kəndi, eləcə də Əlibəyli və Hacıalılı kəndlərində Ermənistan tərəfindən rayon iqtisadiyyatına, mənzil fonduna, sosial obyektlərə və infrastruktura vurulan zərər və dağıntılar haqqında konkret rəqəmlərlə məlumat vermişdir. Bildirilmişdir ki, rayonun sərhəd kəndlərinin əkin dövriyyəsində olan torpaqlarının təxminən 15 faizi bilavasitə erməni silahlı birləşmələri snaperlərinin nəzarətində olduğuna görə həmin torpaqlardan səmərəli istifadə etmək mümkün olmur və atəşkəs rejimi olmasına baxmayaraq son dövrlər 26 nəfər tovuzlu mülki vətəndaş düşmənin atdığı atəş nəticəsində şəhid olmuşdur. Öz gündəlik həyatları və təsərrüfat işləri ilə məşğul olan həmin sakinlər uşaqlar, qadın və qocalar, təsərrüfatçılar və qullquçular da vardır. Ermənistan tərəfin təxribatlarına baxmayaraq sərhəd kəndlərimizin əhalisi öz gündəlik həyatlarını davam etdirirlər və onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Onlar möhkəm inanırlar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti, xalqın dəstəyi və dünya birliyinin köməyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, məcburən cəlb olunduğumuz bu müharibə şəraiti sülh yolu ilə başa çatacaqdır.
Tarixən üzümçülük diyarı olan Tovuzda kefiyyətli konyak, şərab məhsulları istehsal edilir. “Tovuz-Baltiya” LTD şirkəti bu gün dünyanın 20-dən artıq ölkəsinə Tovuz markası altında kefiyyətli şərab məhsulları satır. Qonaqlar istehsal və texnoloji proseslərlə yerində tanış olmuşlar. Şirkətin rəhbəri Naiq Məmmədhəsənov müəssisənin konyak klubunda dövlət dəstəyi ilə qazandıqları uğurları  əyani şəkildə nümayiş etdirmişdir. N. Məmmədhəsənov minnətdarlıqla söyləmişdir ki, onun şirkətinin inkişaf və tərəqqisi Ümummili Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən sonra və ölkədə sağlam biznes mühitini yaratması nəticəsində mümkün olmuşdur. Sonda diplomatlara şirkətin xatirə hədiyyələri təqdim edilmişdir.
Bizim eradan əvvəl VII-VI minilliyə aid Göytəpə qədim yaşayış məskəni öz unikallığı ilə seçilir. Protoşəhər mədəniyyətini özündə əks etdirən Neolit dövrünə aid həmin abidə dünyanın aparıcı elm mərkəzlərinin diqqətini çəkmiş və Tovuzdakı həmin arxeoloji abidə arxeologiya elmində Neolit dövrünün sivilzasiyaların inkişafında rolunun növbəti sübutudur.   Həmin abidə ilə tanışlıq diplomatlarda dərin təsürat oyatmışdır.
Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndliklərin təmsilçiləri Tovuz səfərinin çox mənalı keçdiyini və onlar Azərbaycan xalqının, tovuzluların zəngin tarixini, ənənələrini və qonaqpərvərliyini bir daha əyani şəkildə gördüklərini razılıq hissi ilə bildirmişlər.

Keçidlər