Cəlilli kəndində səyyar qəbul-görüş keçirilmişdir
Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədovun növbəti səyyar qəbul-görüşü Cəlilli kənd sakinlərinin iştirakı ilə keçirildi. Bu görüşdə İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər. Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov ilk öncə çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, bu günkü inkişafından danışmış, əldə olunan nailiyyətlərdən və uğurlardan bəhs etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişafı və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi sahəsində görülən işləri diqqətə çatdırmışdır.
İH başçısı çıxışında ölkəmizdə həyata keçirilən bütün tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və xalqımızın rifahının yüksəldilməsi istiqamətində görülən bütün işlərin və əldə olunan uğurların cənab Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu xüsusi vurğulamışdır. Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda Cəlilli kəndində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısını qeyd etmişdir.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri Abbasəli Qasımov, Suliddin Novruzov, Dilarə Bayramova, Nazim Qurbanov, Malik Abbasov, Günel Əhmədova, Nüsrət Sadıqov, Azər Cəfərov və Aybəniz Verdiyeva müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar məktəbin idman zalının tikintisi, yeni yaşayış massivinə təbii qaz xəttinin çəkilməsi, içməli və suvarma su məsələsi, yol təmiri, yeni bağça binasının tikintisi, kanalizasiya çəkilməsi, kəndin ərazisindən keçən yüksək gərginlikli xəttlərdə təmir işlərinin aparılmasını, iş və başqa müraciətlər etmişlər.
Səyyar qəbul-görüşdə səslənən müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.