Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Tovuzda kartof bol olacaq

09 aprel 2019 | 16:00

Tovuzda kartof əkininə ötən illə müqayisədə bir ay tez başlanılıb. Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Rəhman Qasımovun dediyinə görə, bunun səbəbi quraqlıqla əlaqədardır. Rayonda əsasən təbii suvarma mənbələrindən olan Zəyəm çayında yaz və yay aylarında suyun az olacağı ehtimalı fermerləri bir qədər tələsməyə məcbur edib.

Ötən illərdən fərqli olaraq, builki əkinlərin 90 faizi kənd təsərrüfatı texnikasının köməyi ilə aparılmışdır. Kartofsəpən texnikanın təxminən 100 nəfərin bir həftəyə görə biləcəyi işi bir gündə yerinə yetirməsini nəzərə alsaq, bunun nə qədər sərfəli olduğunu yəqin etmək çətin deyil. Texnika hesabına əl əməyinin azalması məhsulun maya dəyərini də aşağı salır. Bundan başqa, fermerlərin fikrincə, texnika ilə becərilən sahələrdə məhsuldarlıq da yüksək olur. Hazırda rayonda çox sayda iri fermer təsərrüfatları var. Onların hamısı kartofun əkilməsindən tutmuş çıxarılmasınadək bütün işləri texnika ilə həyata keçirir.

Son illər ölkədə kartof istehsalına görə öndə gedən tovuzlular bu il də birinciliyi əldə saxlamaq əzmindədirlər. Qeyd edək ki, keçən il rayonda 6628 hektar sahədə kartof əkilmiş, 144 min 412 ton məhsul istehsal edilmişdir. Orta hesabla hər hektardan 217,9 sentner məhsul götürülmüşdür. İstixanalarda yetişdirilmiş 2542 ton məhsulun satışından 3 milyon 813 min manat gəlir götürən fermerlər cari ildə bu göstəricini artırmaq istəyirlər. Əkin sahələrini bir qədər də genişləndirən fermerlər sahələrdə yüksək məhsuldarlığı ilə seçilən "Kemirov”, "Sevinc”, "Telman”, "Əmiri” və "Nevski” kartof sortları əkmişlər.

Rayonda ən çox kartof əkən kəndlərdən biri Əyyubludur. Kənddə 3 mindən çox təsərrüfat var və əhalinin əksəri əsasən kartof əkir. Hər il kartofçuluqdan xeyli gəlir götürən sakinlər ildən-ilə əkin sahələrini artırırlar. Rayon icra hakimiyyəti başçısının Əyyublu kəndi üzrə nümayəndəsi Fariz Qocayev dedi ki, 2 min hektar əkin sahəsinin 1000 hektarında kartof əkilir. Kartofçuluq üçün əlverişli olan əkin sahələrində hər il 25 sentnerdən çox məhsul götürülür. İstehsal olunan kartofun bir hissəsi çıxarılan zaman satılsa da, yarısı kənddəki soyuducu anbarda saxlanılır. Kənddə ən çox kartof əkən fermerlər - Elbrus Abdullayev, Şayəddin Əliyev, Namiq Musayev, Süleyman Alıyev, Məhəmməd Əliyev və başqaları bu il daha çox məhsul yetişdirmək üçün əllərindən gələni əsirgəmirlər.

Biz kənddə olarkən kartof əkini davam edirdi. İcra nümayəndəsi dedi ki, əkin aprel ayının sonunadək başa çatdırılacaq. Ancaq elə fermerlər var ki, əkini qurtarmışlar. Onlardan biri - Məhəmməd Əliyevlə görüşdük. Məhəmməd kişi dedi ki, bu, onun ata-baba peşəsidir. Özünün 1 hektar pay torpağı var, 2 hektar da icarəyə götürüb. Hər il əkin sahələrindən 80 tona yaxın məhsul götürür. Mövsüm ərzində 30 nəfərədək işçi qüvvəsi toplayır. Onların əməkhaqqını günün sonunda ödəyir. Bu il əkin sahəsini bir qədər də genişləndirərək 6 hektara çatdırmaq arzusundadır. Bir neçə həmkəndlisi ilə müqavilə bağlayıb. Bir neçə günə həmin əkin sahələrində də kartof əkinini başa çatdıracaq.

Məhəmməd Əliyev onu da dedi ki, kartofçuluq hər il ona xeyli gəlir gətirir. İki övlad sahibi olan ağsaqqal vurğuladı ki, kartof istehsalından götürdüyü qazancla yaxşı ev-eşik tikdirib. Övladının birinin toyunu edib. Digərinə payızda toy etməyi planlaşdırıb.

Kənddə ən çox kartof istehsalı ilə məşğul olanlardan biri də Fərrux Qurbanovdur. Hər il yetişdirdiyi kartofun satışından əldə etdiyi qazanc onun dolanışığını artıqlaması ilə təmin edir. Fermer deyir ki, keçən il bir hektar sahədən 250 sentner məhsul götürüb. Əldə etdiyi qazanc pis olmayıb. Odur ki, bu il kartof sahəsini genişləndirərək 1,5 hektara çatdırıb. Əldə etdiyi qazancın bir hissəsini icarəyə götürdüyü texnikanın işlədilməsinə sərf edir. Buna görə bu ilki qazancla yeni texnika almaq fikrindədir.

Fermer dövlətin dəstəyinə güvəndiyini də vurğuladı. Dedi ki, dövlət başçısı sağ olsun. Fermerlərə göstərdiyi diqqət və qayğı onlara daha çox məhsul istehsalı üçün stimul verir.

Qeyd edək ki, Tovuzun dağ kəndlərində kartof əkininə bir qədər gec başlanılır. Bunun əsas səbəbi yaz mövsümündə həmin ərazilərdə havaların bir qədər soyuq keçməsidir. Əsasən heyvandarlıq və əkinçilikə məşğul olan sakinlər hər il kartof istehsalından da xeyli gəlir götürürlər. Belə kəndlərdən biri Böyük Qışlaq kəndidir. 2,9 min nəfər əhalisi, 580 təsərrüfatı olan kənd rayon mərkəzindən 50 kilometr məsafədədir. Kənddə əkin sahələri yağış suyu ilə suvarılır, sahələrə heç bir dərman və gübrənin verilməsinə ehtiyac olmur. Buna görə də həmin ərazidə yetişdirilən kartofun satış qiyməti digər bölgələrdə yetişdiriləndən baha olur.

http://www.azerbaijan-news.az/view-165676/Bu-il-Tovuzda-kartof-bol-olacaq


S.YUNİSOĞLU,

"Azərbaycan”

Keçidlər