28 may Respublika Günü münasibəti ilə Tovuz rayonunda bayram tədbiri keçirilmişdir.
28 May - Respublika Günü ilə əlaqədar Tovuz rayonundakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında bayram tədbiri keçirilmişdir.
Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 95-ci ildönümü münasibətilə təbrik etmiş, Şərqdə ilk demokratik dövlət olan AXC-nin keçdiyi şərəfli yoldan, onun varisi olan müasir müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlardan danışmışdır.
Qeyd edilmişdir ki, Xalq Cümhuriyyətinin ilk qərarlarından olan milli ordunun yaradılması, Azərbaycanın ay-ulduzlu üçrəngli bayrağının və dövlət himninin qəbulu bu demokratik dövlətin beynəlxalq aləmdə tanınmasında mühüm rol oynamışdır. 1991-ci ildə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan özünün əsl varlığını məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hiss etmişdir. Məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizdə sabitliyi bərqərar edən dahi şəxsiyyətin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi minnətdarlıq hissi ilə vurğulanmışdır.
Tədbir iştirakçıları rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı rəngarəng bayram konsertinə baxmışlar.