Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Aprel şəhidi Mirsalam Cəfərovun anım mərasimi keçirilmişdir

07 aprel 2019 | 16:00

Aprel Şəhidi  Cəfərov Mirsalam Təvəkkül oğlunun  vəfatının 3-cü ildönümü mərasimi doğulub boya-başa çatdığı Bayramlı kəndində keçirilib. Mərasimdə RİH başçısı aparatı, Şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri, hərbi hissə komandanlığı, idarə müəsissə kollektivləri, veteran və gənclər təşkilatlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları və əlilləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Mirsalam Cəfərovun məzarı ziyarət olunaraq, ruhuna dualar oxundu. İştirakçılar şəhid məzarına qərənfillər düzüb, ehtiram göstərdilər. Məktəblillər Aprel döyüşlərinə, şəhidlərimizə vətənə dair şeirlər səsləndirdilər.
Mərasimi RİH başçısı Məmməd Məmmədov açaraq qeyd etdi ki, bu gün biz xalqımızın Aprel zəfərinin 3-cü ildönümündə həmin qələbəni təmin edənlərdən olan Mirsalam Cəfərovun anım mərasiminə toplaşmışıq.
Aprel ayının 7-sinin seçilməsi təsadüfü deyildir. Bu gün Mirsalam Cəfərovun doğum günüdür. Bu Qəhrəman həmyerlimiz öz ad günündən 4 gün sonra şəhidlik zirvəsinə yüksələrək torpağa tapşırıldı. O, öz hünəri ilə hamımızın başını  uca elədi. Allah Mirsalama və bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin!
Mirsalam öz hünəri ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifə yazdı. Mirsalam kimi igidlərin hünəri sayəsində Aprel döyüşləri tariximizin şanlı səhifəsinə çevrildi. Aprel döyüşləri bizim böyük tarixli qələbəmizdir. Həmin günlər aparılan döyüşlər müasir tariximizin ən uğurlu hərbi əməliyyatlardandır. O döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Aprel döyüşündə minlərlə hektar torpaq işğalçılardan azad edildi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır.
O döyüşlər zamanı əsgər və zabitlərimizlə yanaşı Mirsalam kimi kəşfiyyatçımız da peşəkarlıq göstərərək qələbəmizi təmin etdi.
Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan ordusu bu gün ən yüksək kefiyyətlərə malikdir. Erməni ordusunun güya məğlubedilməzliyi haqda yaranmış mif tamamilə darmadağın edildi. Düşmən birdəfəlik sındırıldı. İndi Ermənistan ordusundakı ruh düşkünlüyü, oradakı hazırkı durum işğal edilmiş torpaqlarımızı  tezliklə geri qaytarmağa əminliyimizi artırır. Bu gün bərpa edilmiş Cocuq Mərcanlıya həyat qayıdıb. Orada Şuşa məscidinin bənzəri olan məscid tikilib, yeni iş yerləri yaradılır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır ki, işğal altındakı torpaqlarımız azad olunsun. Xalqın bu arzusunu isə Ali Baş Komandan cənab İlham Əliyev yerinə yetirəcəkdir. Biz buna möhkəm inanırıq! Bilirik ki, cənab Prezidentin qətiyyəti, siyasi iradəsi və dünyanın ən güclü ordularından birinə çevirdiyi Azərbaycan ordusunun gücü ilə ərazi bütövlüyümüz bərpa edəcəkdir!
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Ceyhun Əliyevə, Qarabağ Müharibəsi Vetranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Əli Əliyev, Şəhid Mirsalam Cəfərovun təhsil aldığı məktəbin direktoru Zülfüqar Mustafayev, Şəhid Mirsalam Cəfərovun sinif yoldaşı Elman Əmiraslanov çıxış etmişlər.
Mərasimdə məktəblilər Aprel döyüşlərinə, şəhidlərimizə, Vətənə həsr olunmuş şeirlər səsləndiriblər.
Şəhidin atası Təvəkkül Cəfərov şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə özünün və ailəsinin adından dərin minnətdarlığını bildirmişdir.
Sonra şəhidin ata evində ehsan süfrəsi açılıb.

 

 

Keçidlər