Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı və Azərbaycan DTX-nin 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

28 mart 2019 | 16:00

İlk öncə tədbir iştirakçıları Tovuz şəhərindəki  Heydər Əliyev adına meydanda Ümummilli liderin abidəsi önünə əklillər və gül dəstələri qoyumuşlar.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov sədrlik edərək ilk öncə  Dövlət Təhlükəsizliyi Xidməti işçilərinin peşə bayramı münasibəti ilə təbrik etmiş, şərəfli və məsuliyyətli işlərində onlara uğurlar arzu etmişdir. Cənab Məmməd Məmmədov qeyd etmişdir ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti 100 illik şanlı yubileyini xidmətdə qazandığı mühüm uğurlarla, ən əsası isə dövlətin və xalqın böyük etimadı ilə qeyd edir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda Dövlət Təhlükəsizlik orqanlarinin xalqın mənafeyinə uyğun fəaliyyət göstərməsi, onun sıralarında milli kadrların yetişdirilməsinə böyük qayğısı sayəsində bu orqan indi dövlətin konstitusion quruluşunun etibarlı dayağına çevrilmişdir. Xalq  öz Dövlət Təhlükəsizliyi Xidmətini   indi dövlətçiliyin etibarlı müdafiəçilərindən biri kimi görür. Millət onu  öz təhlükəsiz həyatının əsas təminatçısı kimi qiymətləndirir.
Yaxşı bilirik ki, dünyada qloballaşma və mürəkkəb siyasi proseslərin getdiyi bir zamanda olduqca həssas regionumuzda müstəqilliyinin 28-ci ilini  yaşayan Azərbaycan Respublikasının hüquqi, demokratik, dünyəvi, konstitusion dövlət quruluşunun qorunması üzrə vəzifələrin məsuliyyətini Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dərindən dərk edir.
  Peşə bayramı ərəfəsində  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin Sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanova və Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini İsmayıl Bağırova  general-leytenant ali hərbi rütbəsi verilmiş, Dövlət Təhlükəsizliyi Xidmətini bir sıra hərbi qulluqçuları Vətənin yüksək orden və medalları ilə təltif edilmişdir. Eyni zamanda fərəhləndiricidir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Tovuz rayon şöbəsinin bir qrup əməkdaşı “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilmişdir. Yüksək mükafat alan hər bir əməkdaşı  ürəkdən təbrik edirik!
Bu əlamətdar gündə qeyd etmək istəyirəm ki,  təhlükəsizlik işçilərinin fədakar xidməti, dövlətçiliyimizə qarşı yönələn hərəkətlərlə səmərəli mübarizəni layiqincə özündə birləşdirir. Onlar digər xüsusi xidmət orqanları və hüquq mühafizə orqanları ilə birlikdə fəaliyyət göstərərək bu gün müstəqil dövlətimizin, xalqımızın asayişinin keşiyindədir.
  Azərbaycan dövlət təhlükəsizliyi xidmətinin ayrılmaz  hissəsi olan rayon şöbəsinin  əməkdaşları da Tovuz kimi strateji bir rayonda onlar qarşısında qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Rayonda fəaliyyət göstərən həmin orqanın təmsilçiləri ictimai-siyasi sabitliyin təmin olunmasında digər müvafiq orqanlarla birlikdə səmərəli fəaliyyət göstərirlər.
Sonra isə Dövlət Təhlükəsizliyi Xidməti Tovuz rayon  şöbəsinin  rəisi Sadiq Vəliyev, rayon polis söbəsinin rəisi Şirzad Əsgərov, Tovuz rayon icra hakimiyyəti başçısının Bozalqanlı kənd inzibati ərazi dairəsi üzrə  nümayəndəsi Azər Hacıyev, Vahidli kənd məktəbin direktoru Vüqar Seyidov çıxış etmişdir.
Tədbiri yekunlaşdıran M. Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi etimadı və etibarı layiqincə doğrultmağı, müstəqil dövlətimizin, onun hər bir vətəndaşının maraqlarının və mənafelərinin, təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələri bundan sonra da şərəflə və əzmlə yerinə yetirləcəkdir. Bir daha sizi  28 mart dövlət təhlükəsizliyi xidməti işçiləri günü  və Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin 100 illik yubileyi münasibətilə təbrik edirəm, xidməti işinizin icrası zamanı sizlərə uğurlar arzulayıram.
Peşə bayramı munasibətilə dövlət təhlükəsizliyi xidmətinin bir qrup əməkdaşı rayon icra hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

Keçidlər