“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində və Zaqatala rayonunda olublar
Xəbər verdiyimiz kimi, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyada iştirak edən tovuzlu məktəblilər martın 23-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə səfərə çıxıblar.
Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova tərəfindən mehribanlıqla qarşılanıblar.
Məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin 2700 ildən çox yaşı var. Bu qədim diyar, həm də dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib.
Şəkinin tarixi məkanları ilə tanış olan məktəblilər əvvəlcə şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Qoruğu əhatələyən əzəmətli qala divarları ilə tanışlıq məktəblilərdə xoş təəssürat yaradıb. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Qoruğu əhatələyən əzəmətli qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı tur-aksiya iştirakçılarında böyük maraq doğurub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu bənzərsiz sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür.
Məktəblilər sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Səfər proqramına uyğun olaraq tur-aksiya iştirakçıları günün ikinci yarısında Zaqatala rayonuna səfər ediblər.
Tur-aksiya iştirakçılarını Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzinin qarşısında Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova və aparatın digər rəhbər işçiləri mehribanlıqla qarşılayıblar. Qarşılanma mərasimində çıxış edənlər bildiriblər ki, Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Sonra məktəblilərə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verilib. Bildirilib ki, “Qızılgüllər diyarı” kimi tanınan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində mehriban yaşayır.
Tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər Mərkəzlə yaxından tanış olublar. Məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci ilin noyabrında istifadəyə verilib. Binanın açılış mərasimində Respublika Prezidenti İlham Əliyev iştirak edib. İkimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında ulu öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində onlarla yeniyetmə və gənc məşğul olur.
Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıq zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Bildirilib ki, Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində ekranlaşdırılan “Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalası və onun ətrafında çəkilib.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət ediblər. Diqqətə çatdırılıb ki, 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 ağac növü var. Son illər aparılan yenidənqurma işlərindən sonra park müasir görkəm alıb. Ulu öndərin möhtəşəm abidəsinin ucaldıldığı bu park rayon əhalisinin, eləcə də qonaqların ən sevimli istirahət yeridir.
Məktəblilər “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə – Dədə Qorqud meydanına gəliblər. Tur-aksiya iştirakçıları sonra Zaqatala Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkiblər. Məlumat verilib ki, 1967-ci ildə yaradılan bu muzeydə 16 minə yaxın eksponat qorunub saxlanılır və nümayiş etdirilir.
Zaqatalanın tarixi məkanları, görməli yerləri ilə tanış olan məktəblilər bu cür tur-aksiyaların təşkilinə və bu sevinc hissini onlara bəxş etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Şəki şəhəri
Zaqatala rayonu