“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya layihəsi çərçivəsində iştirak edəcək məktəblilərlə rayon icra hakimiyyəti başçısı aparatının akt zalında görüş keçirilib.
Şura üzvlərinin, məktəb direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ilk öncə məktəbliləri salamlayaraq ətraflı çıxış etmişdir.
Cənab M. Məmmədov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından danışaraq qeyd etmişdir ki, möhtərəm cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq 6-cı ildir ki, “Ölkəmizi tanıyaq” devizi altında tur aksiya keçirilir. Cənab Prezidentin göstərişinə uyğun olaraq yüksək səviyyədə təşkilatçılıqla baş tutan həmin tədbirin müstəsna əhəmiyyəti vardır.
Ümummilli liderimiz Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dünyada layiqincə tanınaraq qəbul olunur. Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamız dinamik sosial-iqtisadi inkişaf edir. Davos İqtisadi Forumunun hesabatına görə Azərbaycan dünya ölkələri sırasında rəqabət qabiliyyətliliyinə görə 46-cı yerdədir. MDB məkanında isə birincidir. Keçən ilə nisbətən biz 9 pillə yuxarı qalxmışıq. Yəni, bu, onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı və uğurları iqtisadi islahatlarla bağlıdır.
Dünya Bankının hesabatında Azərbaycan 10 islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Prezident İlham Əliyevin qayğısı ilə respublikamızın şəhər və rayonları abadlaşaraq siması yeniləşərək gözəlləşir. Regionlarımız inkişaf edir və sosial-iqtisadi tərəqqi nəticəsində xalqın rifahı yüksəlir.
Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci il sentyabrin 17-də imzalanan “”Azəri”, ”Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənməsi müddətinin 2050-ci ilədək uzadılmasına dair saziş “Yeni əsrin müqaviləsi” adlanır. Bu yeni müqavilə həm xarici tərəfdaş şirkətlərin Azərbaycana olan inamını göstərir, həm də bu misilsiz layihədən gələn gəlirlər ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək. Azərbaycan Cənub Qaz Dəhlizini yaratmaqla və TAP və TANAP layihələrini uğurla icra etməklə Avropanın enerji təhlükəsizliyində çox mühüm rola malik bir ölkəyə çevrilmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin böyük əhəmiyyəti vardır. İndi bu yolla Pekindən Londonadək qatarlar hərəkət edir, yüklər daşınır. Həmin bu layihənin təkcə iqtisadi deyil, həm də geostrateji əhəmiyyəti vardır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yaradılması ilə ölkəmiz beynəlxalq logistika mərkəzinə çevrilmişdir. Cənab Prezidentin və Türkiyə Prezidentinin iştirakı ilə dəyəri 6,3 milyard dollar və ildə 10 milyon xam nefti emal etməyə imkan yaradan “STAR” Neft Emalı Zavodu istifadəyə verilmişdir. Həmin qlobal layihələr Azərbaycana bundan sonra da uzun illər boyu böyük gəlirlər gətirməklə onun dünya səviyyəsində yerini daha da möhkəmlədəcəkdir.
Ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır və Azərbaycan dünya birliyində öz yerini möhkəmlədir.
Azərbaycan dünyanın məhdud sayda olan kosmos ölkələrindən biridir. Azərbaycanın üçüncü peyki olan “Azərspace-2” peykinin orbitə buraxılması bunu bur daha göstərdi.
Bu gün ölkəmiz beynəlxalq humanitar forumlara, möhtəşəm dünya çempionatları və Olimpiya idman oyunlarına ev sahibliyi edir.
Azərbaycan böyük Heydər Əliyevin siyasətinin müasir dövrdə Prezidentimiz tərəfindən ləyaqətli şəkildə davam etdirilməsi ilə inkişaf edib çiçəklənməkdə, xalqımızı tərəqqiyyə qovuşdurmaqdadır.
Cənab Prezidentimiz, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkədə təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına böyük diqqət yetirirlər. Hər il ölkə vətəndaşları pulsuz müayinəyə cəlb olunur, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara qayğı göstərirlər.
Ölkəmizdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə böyük önəm verilir. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsi olaraq və Azərbaycan Ordusunun hünəri sayəsində 2016-cı ilin aprel döyüşlərində böyük uğurlar əldə olunmuşdur. Dağlıq Qarabağa “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bu günlər orada möhtəşəm Novruz şənliklərinin keçirilməsi, orada müasir infrastrukturla yanaşı Şuşa məscidinin bənzərinin tikilməsi düşmənləri vahiməyə salmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin yaradılmasının və Azərbaycanlıları soyqırımının 100 illiyinin qeyd olunması Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında böyük rol oynamışdır.
2019-cu ilin “Nəsimi ili” elan edilməsi xalqımızın necə yüksək mədəniyyətə, dərin fəlsəfi məzmunlu ədəbiyyata malik olduğunu bəşəriyyətə nümayiş etdirir.
Cənab Prezidentin başçılığı ilə indi ölkəmizdə sosial-iqtisadi sahədə mühüm islahatlar həyata keçirilir. Azərbaycan bu gün yüksək inkişafının yeni mərhələsinə qədəm qoymuşdur və bu dəyişikliklərdən yalnız xalqımız və ölkəmiz qazanacaqdır. Möhtərəm Cənab Prezidentin təsdiq etdiyi misilsiz sosial paketlə 3 milyon insanın maddi durumu və maliyyə vəziyyəti yaxşılaşmışdır.
Qeyd olunmalıdır ki, 2019-cu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artmışdır. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir. Bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir.Cənab Prezident xalqımızı Novruz bayramı münasibətilə təbrik edərkən bəyan etmişdir ki,İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır.
Cənab Prezidentin tapşırığı ilə həyata keçirilən belə tur aksiyalar siz gənc nəslə göstərilən qayğının yeni parlaq nümunəsidir.
Tədbirdə çıxış edən valideynlərdən Fəxrəddin Qasımov, tur iştirakçısı Ləman Həsənova, rayon gənclər və idman idarəsinin məsləhətçisi İdrak Tağıyev öz çıxışlarında qeyd etdilər ki, bu layihə məktəblilərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, gənclərə Vətən tarixinin öyrədilməsində, onların respublikamızın sosial-iqtisadi inkişafı haqqında məlumatlandırılmasında böyük əhəmiyyətə malikdir və əvəzsiz bir layihədir. Bu tədbirlər bütün ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Hamı ölkəmizin tarixini, mədəniyyətini daha geniş, əyani şəkildə öyrənmək imkanı yaratdığına və gənclərimizin milli mənəvi dəyərlər ruhunda tərbiyəsinə göstərdiyi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirir.
Tədbiri yekunlaşdıran RİH başçısı M. Məmmədov qeyd etmişdir ki, tur aksiyanın növbəti iştirakçıları Qəbələ, Şəki və Zaqatalada Tovuzumuzu ləyaqətlə təmsil edəcəklər. Onlar Vətənimizin həmin guşəsinin görməli yerləri və tarixi abidələri ilə yaxından tanış olacaqlar. Maarifləndirici xarakter daşıyan həmin tədbirdə rayonumuzun təmsilçiləri zəngin tarixi olan Tovuzumuz haqqında da bilgi verməlidirlər. Ötən müharibə dövründə 300-dən artıq şəhidi və 2 Milli Qəhrəmanı olan, düşmənlə 69 km sərhəddə yerləşən Tovuzdakı hərbi vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər barədə getdikləri məkanlarda geniş məlumatlar çatdırmalıdırlar. Son illərdə 550 nəfərdən artıq tovuzlu gənc ali hərbi məktəbləri bitirərək peşəkar hərbçi kadr kimi yetişmişdir. Rayonumuz zəngin təbiəti, bərəkətli torpağı və çoxlu tarixli və mədəniyyət abidələri ilə də məşhurdur. Bütün bunlar barədə məktəblilərimiz geniş danışmalıdırlar. Inanırıq ki, həmin səfər onlara yeni dostlar qazandıracaq və milli-mənəvi dəyərlərimizə sadiq vətəndaş kimi yetişmələrində rol oynayacaqdır.
Bu günkü tədbirimiz həm də ilin ən əziz günləri olan Novruz kimi dövlət bayramına təsadüf edir. Bu əziz günlərdə mən hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Qoy bu Novruz hər evə, hər ailəyə, hər bir tovuzluya bayram ovqatı və sevinc gətirsin!
Novruz bayramınız bir daha mübarək olsun!
Əziz məktəblilər, sizə uğurlar olsun!