Tovuzda Novruz bayramı təntənə ilə qeyd olunmuşdur
Tovuz şəhərindəki Heydər Əliyev meydanında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov tovuzluları və qonaqları bayram münasibətilə təbrik etmiş, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusilə vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycanı qədim sivilizasiyanın mərkəzi kimi tanıdan misilsiz dəyərlərdən biri də müqəddəs Novruzdur. Elə buna görə də Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Diqqətə çatdırılmışdır ki, bu ümumxalq bayramı ölkəmizin hər yerində olduğu kimi, Tovuz rayonunda da böyük ruh yüksəkliyi ilə qeyd olunur.
Bahar qız, Dədə Qorqud, Kosa və Keçəl faytonda meydana daxil olmuş, tədbir iştirakçılarını salamlamışlar. Sonra meydanın mərkəzində quraşdırılmış rəmzi tonqal qalanmış, kəndirbazların və idmançıların ifasında tamaşalar nümayiş etdirilmiş, milli oyunlar, Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi iştirakçılara təqdim olunmuşdur. Şənlikdə rayon mədəniyyət mərkəzinin bədii öz fəaliyyət kollektivinin və tanınmış incəsənət ustaları Nigar Şabanova, Abdul Xaliq, Əhməd Mustafayevin təqdimatında geniş konsert verilmiş, Kosa və Keçəlin duzlu-məzəli zarafatları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.
Rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov və Milli Məclisin deputatı Ülviyyə Ağayeva meydanda sərgilənən Novruz adət-ənənələri ilə tanış olmuş, sakinləri bayram münasibətilə təbrik etmişlər.