Tovuzda kartof yığımına başlanmışdır
Ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində davamlı addımlar atılır. Məhz bu addımlar, o cümlədən həyata keçirilən işlər qeyri-neft sektorunun mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafında önəmli rol oynayır. Bundan başqa, belə tədbirlər həm də idxaldan asılılığı azaltmaqla ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına da töhfə verir. Ölkəmizdə məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi aqrar bölmənin digər sahələri kimi, kartofçuluğun inkişafı üçün də geniş imkanlar yaradıb.
Tovuz rayonunda kartofçuluq ənənəvi sahələrdən biridir və rayonun iqtisadi potensialının əsas hissəsini təşkil edir. Hər il olduğu kimi bu il də rayonda kartofçuluğun inkişaf etdirilməsi istiqamətində nümunəvi işlər görülür, fermerlər bu sahəyə önəm verir, kartofçuluğu daha da inkişaf etdirirlər.
Bu il rayonda kartofçuluğun inkişafı məqsədilə 5271,2 ha ərazidə kartof səpini həyata keçirilmişdir. Bu günə qədər 7614 ton məhsul yığılmışdır və məhsul yığımı davam edir. İlkin yığım onu göstərir ki, bu il məhsuldarlıq ötən ilkindən daha çox olacaqdır. Qeyd edək ki, bu il kartof yığımına 6 min nəfərdən çox mövsümi işçinin cəlb olunması gözlənilir. Hər bir işçinin orta hesabla günlük gəliri 20-23 manat təşkil edir.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov kartofçuluqla məşğul olan bir sıra fermer təsərrüfatlarında və ayrı-ayrı kənd təsərrüfatı istehsalçılarının tarlalarında olaraq fermerlərin problemləri ilə maraqlanmış və onlara lazımi tövsiyələrini vermişdir.
Fermerlər və işçilər kartofçuluğun inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.