Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olundu

07 mart 2019 | 16:00

Bu gün  “8 Mart  Beynəlxalq Qadınlar Günü” münasibəti ilə Tovuz şəhərində bayram  tədbiri keçirildi. Bayram  tədbirində fəal qadınlar, şəhid ailələri iştirak edirdi. 
Tədbiri giriş sözü ilə  rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq ilk öncə rayon qadınlarını “8 Mart  Beynəlxalq Qadınlar Günü” münasibəti ilə  təbrik etdi. Cənab M. Məmmədov qeyd etdi ki, Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində qorunub saxlanıb. Xalqımızın təfəkküründə Ana doğma yurdun, Vətən torpağının təcəssümüdür.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi.
Dövlət Qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının şöhrətini  daha da artırır. İndi Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu, ona münasibət çox ucadır. Qadın hüquqlarının təmin edilməsi sahəsində möhkəm hüquqi baza mövcuddur.
Birinci Vitse Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir.
Azərbaycan qadınları seçib-seçilmək hüququna malikdir. Onlar mühüm dövlət qurumlarında, Parlament və bələdiyyələrdə uğurla təmsil olunur, həyatımızın bütün sahələrində fəal iştirak edirlər. Fərəhli haldır ki, tovuzlu qadınlar da bu sıradadır.
Tədbirdə həmçinin  rayonun ictimai-siyasi həyatında  fəal iştirak edən  qadınların bir qrupu rayon İcra hakimiyyətinin “Fəxri Fərman”ları ilə təltif olundu. Tədbirdə iştirak edən qadınlara qiymətli hədiyyələr verildi. 
Bayram tədbirində çıxış edənlər ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.
Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin ifasında geniş konsert proqramı ilə davam etdirildi.

Keçidlər