Yuxarı Öysüzlü kəndində səyyar qəbul-görüş keçirilmişdir
Səyyar qəbul-görüşdə ilk öncə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, 2019-cu il ölkəmizdə sosial-iqtisadi sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. İlin ötən dövründə vətəndaşların sosial müdafiəsi istiqamətində həyata keçirilən islahatlar onu göstərir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi vətəndaşının yanındadır və onun siyasətinin mərkəzində insan amili dayanır. Ölkəmizdə insan amili, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir.
12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının müavinətlərinin artırılması, minimum əməkhaqqının 38 faiz artırılaraq 130 manatdan 180 manata çatdırılması, həmçinin, minimum pensiyaların məbləğinin də 116 manatdan 160 manata yüksəldilməsi, eləcə də təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etmiş olur. Azərbaycan vətəndaşlarının böyük sevincinə səbəb olmuş daha bir hadisə də problemli kreditlərlə bağlı oldu. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı dünyada analoqu olmayan bir qərardır.
Son dövrlərdə ölkə başçısı tərəfindən sosial müdafiə sahəsində imzalanan Sərəncamlar təxminən 3 milyona yaxın insanı əhatə edir. Bununla da dövlət büdcəsinin üçdə birindən çoxu sosial xərclərə yönəlmiş olur ki, bu da büdcəmizin sosial yönümlü olduğunun əlamətidir. Ölkə başçısının da söylədiyi kimi bu sərəncamlar davamlı olacaqdır.
Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda Yuxarı Öysüzlü kəndində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri Varis Qasımov, Vüqar Əliyev, Sevil Qasımova, Rühəngiz Cəfərova, Məlahət Məmmədova, Əlixan Məmmədov, Valeh Məmmədov, Əmirxan Əhmədov, Namiq Abbasov və başqaları müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar suvarma suyu, elektrik enerjisi, yeni yaşayış massivinə təbii qaz çəkilişi, zərərvericilərə qarşı mübarizə, ünvanlı sosial yardım, iş, məktəbin istilik sisteminin bərpası, həyətyanı torpaq sahəsi ilə təmin olunma və başqa mürəciətlər etmişlər.
Səyyar qəbul-görüşdə səslənən müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.