Alakol kəndində səyyar qəbul-görüş keçirilmişdir
Səyyar qəbul-görüşdə ilk öncə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilmiş müşavirədə səsləndirilən fikirlər, dövlətimizin və hökumətin həyata keçirdiyi sosial siyasətə dair qeyd edilən konkret faktlar cəmiyyətdə böyük məmnunluq yaratmışdır. Müşavirədə səslənmişdir ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artırılması əlavə gəlirlər yaratmışdır. Nəticədə minimum əməkhaqqı və minimum pensiyaların məbləğini 38 faiz artırmaq mümkün olmuşdur. Müşavirədən sonra cənab Prezidentin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə yaşa görə, I, II, III qrup əlilliyə görə, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara, ailə başçısını itirməyə görə, valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqların qəyumlarına, hərbi qulluqçuların uşaqlarına, 5-dən çox uşağı olan qadınlara hər uşaq üçün verilən, uşağın anadan olunmasına görə müavinətlər və digər sosial müavinatlar əhəmiyyətli dərəcədə artırılmışdır
Rayon rəhbəri Tovuz rayonunda, eyni zamanda Alakol kəndində həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun sosial iqtisadi inkişafına göstərilən dövlət qayğısını diqqətə çatdırmışdır.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri Zöhrab Həsənov, Vaqif Zamanov, Etibar Hümbətov, Sakit Həsənov, Hamlet Həmzəyev, Əli Qasımov, Mansır İsayev və Sevinc Abdullayeva müxtəlif xarakterli təklif və tənqidi qeydlərlə çıxış etmişlər. Onlar kənd xəstəxanasının və mədəniyyət evinin təmiri, kəndin ərazisindən keçən yüksək gərginlikli xəttlərdə təmir işlərinin aparılmasını, həyətyanı torpaq sahəsi ilə təmin olunma, sosial yardım, iş və başqa müraciətlər etmişlər.
Səyyar qəbul-görüşdə səslənən müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verilmişdir.