Tovuz rayonunda 2013-cü ilin I rübünün yekunlarına həsr olunmuş geniş Şura iclası keçirilmişdir.-
24 aprel 2013-ci il tarixdə Rayon İcra Hakimiyyətində cari ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş geniş Şura iclası keçirilmişdir. İclasda Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab T.Zeynalov hesabat məruzəsi ilə çıxış etmişdir.
Hesabat məruzəsində Prezident İlham Əliyevin diqqət və qayğısı, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar imzaladığı müvafiq sərəncamlar, tapşırıq və tövsiyələri nəticəsində 2013-cü ilin üç ayında da bütün sahələr üzrə yüksək göstəricilərə nail olunduğu bildirilmişdir.
Diqqətə çatdırılmışdır ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində üç ayda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi artmış, o cümlədən poçt və rabitə xidmətində 12,7 faiz, kənd təsərrüfatında 10,7 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 11,2 faiz, əsas kapitala yönəlmiş investisiyalarda 66,7 faiz artım əldə edilmişdir.
Qeyd olunan dövrdə 2 milyon 90 min manatlıq sənaye, 8 milyon 33 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş, 209 min manat həcmində poçt və rabitə xidməti göstərilmiş, pərakəndə əmtəə dövriyyəsinin həcmi 49 milyon 154 min manat təşkil etmiş, əhaliyə 11 milyon 125 min manat həcmində pullu xidmətlər göstərilmişdir. Nəqliyyat sektorunda yük daşınması 119 min ton təşkil etmişdir.
Aztəminatlı vətəndaşların sosial müdafiəsini gücləndirmək üçün üç ayda 450 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Ümumiyyətlə, əvvəlki dövr nəzərə alınmaqla hazırda 8921 nəfəri birləşdirən 2000 ailəyə, hər ay üzrə cəmi 230 min 200 manat ünvanlı dövlət sosial yardımı verilmişdir.
Vurğulanmışdır ki, ötən il aprelin 12-də Prezident İlham Əliyevin rayona səfəri bütün tovuzluların həyatında, rayonun sosial-iqtisadi inkişafında silinməz izlər qoymuşdur. Bir daha dərin minnətdarlıq hissi ilə bildirilmişdir ki, rayona səfərindən sonra Prezident İlham Əliyevin 2012-ci il 13 aprel tarixli Sərəncamı ilə Tovuz rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsinə 2 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına Tovuz şəhərinin girişində geniş abadlıq işləri aparılmışdır.
Prezidentin 2012-ci il 1 may tarixli Sərəncamı ilə Tovuz-Qovlar–Ağbaşlar avtomobil yolunun əsaslı təmiri üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmış və yolun tikintisinə ötən ildən başlanılmışdır. Hazırda avtomobil yolunun tikintisi davam edir.
İclasda məktəblərin infrastrukturunun yeniləşməsindən söhbət açılaraq bildirilmişdir ki, rayon ərazisində yeni məktəb binalarının tikintisi uğurla davam etdirilmişdir.
Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının üç aylıq fəaliyyəti hərtərəfli təhlil olunmuşdur.