Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Xocalı faciəsinin” 27-ci ildönümünə həsr olunmuş “Xocalını unutmayaq” mövzusunda anım tədbirləri keçirilib

25 fevral 2019 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq olunmuş “Xocalı faciəsinin iyirmi yeddinci  ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən respublikamızda keçirilən silsilə anım tədbirləri Tovuzda da davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun müvafiq Sərəncamına əsasən Tovuz rayonunda Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında Xocalı faciəsinin iyirmi yeddinci ildönümü silsilə anım tədbirləri ilə qeyd olunur.
Həmin tədbirlərin davamı kimi bu gün Heydər Əliyev Mərkəzində “Xocalını unutmayaq” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. İlk öncə rəsm sərgisi ilə tanış olan tədbir iştirakçıları sonra Xocalı faciəsi zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov, E.Orucov adına Bayramlı kənd tam orta məktəbin tarix müəllimi Yeganə Məmmədova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsinin ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsi olduğunu bildirərək, bu soyqırımın – kütləvi və amansız qırğın aktının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayət olduğunu söylədilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət!” kampaniyasının səmərəsi isə ildən-ilə artır. Bu kampaniya çərçivəsində keçirilən tədbirlərin məqsədi Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsinə, bütün dünyanın Xocalı soyqırımını tanımasına nail olmaqdır. “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası hazırda dünyanın bir çox ölkəsində uğurla həyata keçirilir və faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlib. Xocalı soyqırımı zaman keçdikcə öz həqiqi qiymətini alır. Hazırda dünyanın 15 ölkəsinin parlamenti tərəfindən bu faciə insanlıga qarşı törədilən cinayət aktı kimi qiymətləndirilmişdir.
Prezident İlham Əliyevin bu məsələdəki qətiyyəti, bu istiqamətdə gördüyü işlər əminliklə deməyə əsas verir ki, nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək.
Sonda iştirakçılar Xocalı faciəsinə həsr olunmuş sənədli filmi seyr ediblər.

Keçidlər