Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponya səfirliyi ilə əməkdaşlıq

25 fevral 2019 | 16:00

Tovuz rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçiriləcək Yanıqlı kəndinin içməli su təchizatı sisteminin bərpası layihəsi üzrə qrant müqavilələrinin imzalanması mərasimi olmuşdur.
Tədbir çərçivəsində rayon icra hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov qonaqları salamlamış, iqtisadiyyatının əsasını aqrar sahə təşkil edən rayonun potensialından, sosial-iqtisadi inkişafından, əhalinin rifahının yüksəldilməsi üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin gördüyü ardıcıl və konkret tədbirlərdən və yerinə yetirilən dövlət proqramlarından bəhs etmişdir. Qeyd olunmuşdur ki, cənab Prezidentin sərəncamlarının icrası çərçivəsində Tovuz şəhərinin və ona bitişik kəndlərin, eyni zamanda rayonun 5 əlavə kəndi əhalisinin içməli suya olan təlabatı tam ödənilmişdir və bu iş sürətlə davam etdirilir. Digər kəndlərin də içməli su kəmərlərinin yenidən qurulması və əlavə su mənbələrinin yaradılması işi   mərhələ-mərhələ həll ediləcəkdir.
Yanıqlı dağ kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün Yaponya hökumətinin həyata keçirdiyi layihə təqdirəlayiqdir.
Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Teruyuki Katori Tovuz rayonuna ikinci dəfə gəlişindən məmnun olduğunu bildirmişdir.
Yaponiya hökumətinin “Ot kökləri və İnsan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində 2010-cu ildə Tovuz rayonunun Hunanlar kəndində tibb məntəqəsinin tikintisi layihəsinin yerinə yetirildiyini diqqətə çatdıran yaponiyalı diplomat Tovuzun Yanıqlı kəndində həyata keçiriləcək bu layihənin tezliklə başa çatdırılacağını bildirmişdir.
Qrant layihələrinin icraçısı Gəncə Aqrobiznes Assosiyasının sədri Vüqar Babayev çıxışında Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində layihənin xüsusiyyətləri  barədə məlumat vermişdir. Bildirilmişdir ki, 1700 metir məsafədən tikiləcək 100 tonluq hovuza su daxil olduqdan sonra burada filtirasiya olunaraq təmizlənəcək və 4 km uzunluqda kənd daxili kəmərlər vasitəsilə paylanaraq 23 yerdə quraşdırılmış su krantları və bulaqlara veriləcəkdir.
Sonra qrant müqavilələri imzalanmışdır.
Qrant sazişlərini Yaponiya hökuməti tərəfindən bu ölkənin Azərbaycandakı səfiri Teruyuki Katori, Gəncə Aqrobiznes Assosiyasının sədri Vüqar Babayev imzalamışlar.
Mərasimin sonunda Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov məşhur ustad aşıqlar vətəni olan Tovuzdan yadigar olaraq yaponiyalı qonağa Azərbaycan sazı hədiyyə etmişdir.

 

 


 

Keçidlər