Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzlu sahibkarlarla işgüzar forum keçirilib

15 fevral 2019 | 16:00

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi məqsədilə “Sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması”na dair Tovuzda işgüzar forum keçirib.
Forumda rayonunun iqtisadi potensialına uyğun olaraq kənd turizmi layihələrinin maliyyələşdirilməsi, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara maarifləndirici materiallar təqdim olunub.
Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Samir Hümbətov Fondun fəaliyyəti və ötən il verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2018-ci ildə sahibkarlıq subyektlərinin 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır. Verilmiş kreditlərin 64,3%-i regionların, 35,7%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. Güzəştli kreditlərin 70,3%-i aqrar sektorun, 29,7%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. 2019-cu ildə sahibkarlara geri qaytarılan vəsaitlər hesabına azı 160 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Artıq bu ilin ötən dövründə 44 sahibkara 4,6 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Tovuz və ətraf rayonlardan olan 21 sahibkara 821 min manat güzəştli kredit verilib. Kreditlər logistik mərkəzin yaradılması, heyvandarlıq, üzümçülük, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 40-dan çox iş yerinin açılması mümkün olacaq.
İşgüzar forum çərçivəsində Tovuzda dövlətin güzəştli krediti ayrılan aqroparka baxış keçirilib. Aqroparkda hər birinin tutumu 375 baş olan 4 müasir tövlə, gündəlik istehsal gücü 10 ton olan qarışıq yem zavodu, gündəlik gücü 50 baş olan kəsim sexi, müxtəlif təyinatlı köməkçi binalar inşa edilib, kənd təsərrüfatı təyinatlı maşın və avadanlıqlar alınıb. Pivot suvarma sisteminin tətbiqi ilə arpa, buğda, yonca, qarğıdalı əkilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması və mövcuq aqroparkların genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda dövlətin dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 mlrd. manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması təşviq olunur. Artıq 17 aqropark fəaliyyət göstərir. Bu il daha 10 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur. Aqropark və iri fermer təsərrüfatlarının yaradılmasına 162 milyon manat güzəştli kredit verilib.

Keçidlər