Tovuz rayonunda 2018-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
14 fevral 2019-cu il tarixdə Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzində “Tovuz rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində 2018-ci ildə görülümüş işlərə dair hazırlanmış fotostendlərlə tanış olmuş, Tovuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı təqdim edilən video çarxı izləmişlər.
Hesabat yığıncağında Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov məruzə ilə çıxış etmişdir.
Məruzədə qeyd edilmişdir ki, yola saldığımız 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik dövlətçilik fəaliyyətinin 15 ili tamam oldu. 2018-ci il Azərbaycanın müasir tarixinin çox parlaq bir dövrünün uğur salnaməsində diqqətə layiq yer aldı.
Bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekularına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilin yekunlarını ətraflı təhlil etmiş və qarşıda duran vəzifələri diqqətə çatdırmışdır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz 2018-ci ildə də həyatın bütün sferalarında yüksək nailiyyətlər əldə etmişdir.
Başa vurduğumuz ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyi geniş şəkildə qeyd olundu. 2018-ci il aprelin 11-də ölkəmizdə növbəti prezident seçkiləri keçirildi. Bu seçkilərdə xalq öz iradəsini növbəti dəfə ortaya qoyaraq, son 15 ildə Azərbaycanı inamla idarə edən, ölkəmizə misilsiz uğurlar qazandıran cənab İlham Əliyevə səs verdi. Bu seçim xalqın öz liderinə sonsuz inamının ifadəsi idi. Qürur hissi ilə deyə bilərik ki, tovuzlular da seçkilərdə yüksək siyası fəallıq nümayiş etdirdilər.
2018-ci ilin yekunları bir daha göstərdi ki, Azərbaycanda sosial rifahın və iqtisadi inkişafın təminatını cənab Prezidentin həyata keçirdiyi siyasi kurs təşkil edir. Daim xalqını düşünən və xalqı ilə bir olan möhtərəm Prezidentimiz 2018-ci il ərzində bölgələrə 24 səfər etmiş, rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalamışdır. Böyük minnətdarlıqla bildirirəm ki, bizim rayonumuza da Prezidentimiz daim diqqət və qayğı göstərmiş, 15 il ərzində Tovuza 8 dəfə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı 22 sərancam, o cümlədən keçən il 5 sərancam imzalamış, rayonumuzun inkişafına çox dəyərli töhfələr vermişdir.
2018-ci ildə siyasi, iqtisadi, nəqliyyat, enerji, sosial, humanitar, mədəniyyət, idman və digər sahələrdə tarixi əhəmiyyətə malik möhtəşəm uğurlar qazanıldı. Ölkə üzrə keçən il iqtisadi artım 1,4 faiz olmuş, qeyri-neft sektorunun inkişafı 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, kənd təsərrüfatı 4,6 faiz artmışdır.
İl ərzində 118 min daimi iş yeri yaradılmışdır. Əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemləri Prezidentimizin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Başa vurduğumuz il Azərbaycan tarixində dərin və konkret nəticələr verən iqtisadi islahatlar ili kimi qalacaq. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşması da bunu bir daha təsdiq edir.
Cənab Prezident çıxışında idarəetmədə yeni yanaşmanın tətbiq olunmasının və struktur islahatları aparılmasının zərurətini xüsusi vurğulayıb. Artıq ölkədə bu işlərə başlanılıb. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Ötən il “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası başa çatdı. Yanvar ayının 29-da bu münasibətlə keçirilən konfransda cənab Prezident ölkədə son 15 ildə aparılan geniş miqyaslı quruculuq işlərini, əldə olunan nəticələri ətraflı təhlil etdi və Proqramda nəzərdə tutulan bütün işlərin yerinə yetirildiyini bildirdi. Cənab Prezident növbəti 5 il üçün yeni Dövlət Proqramının təsdiq olunması barədə Fərman imzaladı. Yeni Proqramda bütün rayonlarla yanaşı Tovuz rayonunun da inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Proqramın xüsusi bir özəlliyi də ondan ibarətdir ki, o regionlardan verilmiş təkliflər əsasında hazırlanmışdır.
Cənab Prezident Nazirlər Kabinetinin iclasındakı çıxışında bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd ediləcəyini bildirmiş və 2019-cu ili “Nəsimi ili” elan etmişdir. Bu, dövlətimizin ədəbiyyata, mədəniyyətə verdiyi yüksək dəyərin növbəti parlaq nümunəsidir.
Respublikamızda əldə olunmuş dinamik inkişaf fonunda ötən il rayonumuzda da xeyli uğurlar əldə edilmişdir. 2018-cı ildə rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümümi həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 5,9 faiz artaraq 414 milyon 338 min manat olmuşdur. Bunun 62,9 faizi istehsal, 37,1 faizi isə xidmət sahələrinin payına düşür. Ümumi həcmdə məhsul istehsalının xüsusi çəkisi 1,5 faiz artmışdır. Qeyri-neft sektorunun aparıcı sahəsi kimi kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir.
Ötən il rayon üzrə 190 milyon 784 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə 10 min 773 ton çox məhsul istehsal edilmişdir.
2018-ci ildə rayonda 341 min 968 ton kənd təsərrüfatı məhsulları, o cümlədən, 65 min 798 ton dənli bitkilər istehsal olunmuşdur. Dənli bitkilərin məhsuldarlığı keçən illə müqayisədə 0,1 faiz ataraq 32,1 sentner, o cümlədən buğdanın məhsuldarlığı 32,4 sentner olmuşdur. Respublikanın orta göstəricisindən yüksək olmasına baxmayaraq, bu göstəricini heç də qənaətbəxş hesab etmək olmaz. Rayonumuzda torpaq imkanlarının məhdudluğunu nəzərə almaqla biz taxılçılıqda daha yüksək məhsuldarlığa nail olmalıyıq. Fermerlərin yüksək kondisiyalı və məhsuldar buğda, arpa və qarğıdalı toxumları ilə təmin edilməsi məqsədilə rayonda dənli bitki toxumlarının emalı zavodu qurulur. Biz yaxın gələcəkdə taxılçılığın inkişafında bundan çox böyük fayda gözləyirik.
Ötən il rayonda 144 min 412 ton kartof istehsal olunmuşdur. İstehsalın və məhsuldarlığın əvvəlki illə müqayisədə aşağı olmasını fermerlər və mütəxəssislər kartof toxumunun keyfiyyətsiz olması, sertifikatsız toxumlardan istifadə olunması ilə əlaqələndirirlər. Tovuz Aqrar İnkişaf Mərkəzi növbəti əkin mövsümü üçün toxum tədarükünü nəzarətdə saxlamalı, fermerlərin keyfiyyətli və sertifikatlaşdırılmış toxum növləri ilə təmin olunmaları üçün lazımi tədbirlər görməlidir. Fermerlərə aşılanmalıdır ki, qiyməti baha olan sertifikatlaşdırılmış toxumları səpməkdən çəkinməsinlər, belə olan halda daha çox məhsul götürmək və gəlir əldə etmək mümkündür. Kartofun tədarükünün isti yay aylarına təsadüf etdiyini və satış dövrünün uzun çəkdiyini nəzərə alsaq saxlama kameralarının tikintisi vacib məsələ kimi gündəmə gəlir. Sahibkarlar bu istiqamətə yönləndirilməlidir. Düz Cırdaxan kəndində 3 min tonluq soyuduçu kamera fəaliyyət göstərir, keçən il Əyyublu kəndində hər birinin tutumu 1200 ton olan iki soyuduçu kamera tikilmişdir. Lakin bunlarla kifayətlənmək olmaz. Soyuducu tikintiləri davam etdirilməlidir və biz bu sahədə olan təşəbbüsləri dəstəkləyəcəyik.
Bu mövsümdə fermerlərimiz 38,4 hektar istixanalarda yetişdirilmiş 2542 ton məhsulun satışından 3 milyon 813 min manat gəlir əldə etmişlər. İstixana təsərrüfatının inkişafı və məhsuldarlıq səviyyəsinin artırılması üçün daha müasir istixanalar tikilməlidir.
Ötən il 1279 hektar sahədə tərəvəz əkilmiş, sahələrdən 26 min 297 ton məhsul götürülmüşdür. O cümlədən, 9906 ton yerkökü istehsal olunmuş və fermerlərimiz bundan 3 milyon 500 min manat gəlir əldə etmislər.
İqtisadi səmərəliliyi ilə yanaşı əmək tutumlu sahə kimi üzümçülüyün inkişafı xüsusi əhəmiyyət kəsb edir. Son illər fermerlərin bu sahəyə marağı artmışdır. Hazırda üzüm bağlarının ümumi sahəsi 725 hektara çatdırılmışdır. Bu il rayonda 12 min 96 ton məhsul istehsal olunmuşdur. Ötən illə müqayisədə məhsuldarlıq 35 sentner artaraq 202 sentner olmuşdur. Ötən il 5 hektar sahədə yeni üzüm bağları salınmışdır. Müvafiq Dövlət proqramına uyğun olaraq bu sahədə lazımi işlər aparılır.
Üzümçülüyün inkişafı özü ilə bərabər emal sənayesinin yaradılması zərurətini də ortaya qoyur. Müasir texnologiya əsasında mini şərab emalı zavodlarının qurulmasına ehtiyac vardır. Bunun üçün sahibkarlara müraciət edir və onlara lazımi dəstəyimizi təklif edirik.
Keçən il rayonda meyvə bağlarının ümumi sahəsi 1324 hektara çatdırılmış, 17 min 662 ton məhsul götürülmüşdür. Bu əvvəlki ildəkindən 1652 ton çoxdur. Rayonda meyvə bağlarının əksəriyyəti ənənəvi üsulla salınmış bağlardır. Son dövrlər Alakol, Düz Qırıqlı, Aşağı Quşçu kəndlərində, Qovlar şəhəri ərazisində müasir bağçılıq təsərrüfatlarının yaradılmasına başlanmışdır. Ötən il 12 hektar sahədə yeni müasir bağlar salınmışdır. Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzi, yerli icra nümayəndələri və bələdiyyələr müasir bağçılıq təsərrüfatlarının yaradılması, intensiv və superintensiv üsulla bağlar salınması üçün fermerlər arasında maarifləndirmə işləri aparmalıdır.
Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən ötən il meşə ağaclarından meyvə ağaclarına keçid layihəsi çərçivəsində 70 hektar sahədə qoz, badam, ərik tinglərindən ibarət Aqrobağ salınmışdır. Hazırda Aqrobağların sahəsi 180 hektardır.
Meyvəçiliyin sürətli inkişafı saxlama-soyuducu kameralarının tikintisini zəruri edir. Ötən il Əyyublu, Alakol və Aşağı Quşçu kəndlərində ümumi tutumu 1000 ton olan soyuducu kameralar tikilmişdir. Biz rayonda meyvəçiliyin potesialına uyğun olaraq soyuducuların sayının artırılmasına çalışmalıyıq və bu tendensiya davam etdirilməlidir.
Rayonda kənd təsərrüfatının ənənəvi sahələri inkişaf edir. Ötən il 9 ton 781 kiloqram barama istehsal edilmişdir. Bu əvvəlki ildəkindən 2 min 911 kiloqram çoxdur. Baramaçılığın inkişafı istiqamətində həyata keçirdiyimiz tədbirlər növbəti illərdə bu sahənin daha da genişləndirilməsinə imkan verəcəkdir. Son iki ildə rayonda 16 min ədəd xaricdən gətirilən tut tingləri, 10 min ədəd isə yerli tut tingləri əkilmişdir. Cari il üçün barama istehsalının daha da artırılması nəzərdə tutulur. Ona görə barama saxlama yerlərinin hazırlanması işi qısa müddətdə həllini tapmalıdır.
Tütünçülükdə də müsbət nəticələr əldə edilmiş, 50 hektar tütün sahəsindən 53,3 ton quru tütün əldə edilərək təhvil verilmişdir. Bu əvvəlki ildəkindən 3 ton 200 kiloqram çoxdur.
Rayon ərazisində 500 hektar sahədə şəkər çuğunduru əkilmiş və 35 min 521 ton məhsul götürülmüşdür. Bu əvvəlki ildəkindən 31 min 521 ton çoxdur. Bu artım əsasən məhsuldarlığın yüksəldilməsi hesabınadır.
Şəkər çuğunduru, tütün və barama istehsalçılarına birlikdə 191 min 654 manat subsidiya hesablanmışdır. Bitkiçilik sahəsində çalışan 14 min 510 subyektə 20 min 947 hektar əkin üçün yanacaq və motor yağlarına görə 1 milyon 542 min 86 manat subsidiya ödənilmişdir. Bu dövrdə lizinq yolu ilə əhaliyə güzəştli qiymətlərlə 5923 ton mineral gübrələr satılmışdır.
“Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 20 dekabr 2018-ci il tarixli Fərmanı ilə yeni Qaydalar təstiq edilmişdir. Bu Qaydalara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlərlə kənd təsərrüfatı istehsal vasitələrinin alınması daha da sadələşdirilmişdir.
Nazirlər Kabinetinin iclasında cənab Prezident kənd təsərrüfatını stimullaşdırmaq üçün çox böyük işlər görüldüyünü qeyd edərək bildirmişdir ki, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir, subsidiyalar ayrılır. Sahibkarlığın inkişafına yönələn kreditlərin əksəriyyəti kənd təsərrüfatına gedir. Bu dəstək müqabilində daha yüksək nəticələr əldə olunmalı idi. Biz hamılıqla cənab Prezidentin bu sözlərindən ciddi nəticə çıxarmalı və göstərilən böyük qayğıya əməli işlərimizlə cavab verməliyik.
Rayonda kənd təsərrüfatının ikinci əsas sahəsi olan heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Əvvəlki illə müqayisədə ət istehsalı 1,7 faiz, süd istehsalı 0,7 faiz, yumurta istehsalı 2,5 faiz, yun istehsalı 0,1 faiz artmışdır.
2018-ci ilin sonuna təsərrüfatlarda iri buynuzlu heyvanların, qoyun və keçilərin sayında əvvəlki illə müqayisədə müəyyən artım olsa da bunu kifayətləndirici hesab etmirik. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması yolu ilə heyvanların, o cümlədən, ana heyvanların sayının artırılması istiqamətində işlər aparılır. 2018-ci ildə fermerlərə lizinq yolu ilə 19 baş cins mal-qara satılmış, 698 baş heyvanda süni mayalanma aparılmış və 419 baş buzov alınmışdır. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında müəyyən işlər görülsə də bunlar heyvandarlığın inkişafının bu günkü tələblərinə cavab vermir. Xüsusilə qoyunçuluqda cins tərkibinin yaxşılaşdırılması istiqamətində işlər ləng aparılır. Rayonda qoyunçuluğun inkişafı üçün əsas baza Ceyrançöl qış otlaqlarıdır.
Ceyrançöldən istifadə vəziyyəti yerində öyrənilməli, ətraflı təhlil olunmalı və müvafiq təkliflər hazırlanmalıdır. Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzi heyvandarlığın intensiv inkişafı istiqamətində tədbirlər görməli, otlaqlardan səmərəli istifadə olunması, heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün fermerlər arasında lazımi maarifləndirmə işləri aparmalıdır. Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq yerli qurumları torpaqların mühafizəsi tədbirlərini gücləndirməlidir.
İndi heyvandarlığın qapalı şəraitdə inkişaf etdirilməsi, ət məhsullarının istehsalı və ixracı əsas vəzifə kimi qarşıda durur. Bu prinsiplərə uyğun olaraq 2017-ci ildən rayonda heyvandarlıq üzrə 1500 başlıq Aqroparkın tikintisinə başlanılmışdır. Aqroparkın bu il istifadəyə verilməsi nəzərdə tutulur.
“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Prezident Sərəncamından sonra rayonda arı ailələrinin sayı əvvəlki illə müqayisədə iki dəfəyə yaxın artmışdır. Hesabat ilində 9 min arı ailəsinə görə arıçılara 90 min manat subsidiya hesablanıb verilmişdir.
Ötən il rayon iqtisadiyyatına 62 milyon 113 min manat sərmayə qoyulmuşdur. İnvestisiyanın 63,1 faizi dövlət mülküyyətinə, 36,9 faizi qeyri-dövlət mülküyyətinə aiddir. Rayon iqtisadiyyatına cəlb olunmuş investisiyanın həcmi 91,2 faiz artmışdır. Bütün maliyyə mənbələri hesabına 16 milyon 813 min 300 manatlıq əsas fondlar istifadəyə verilmişdir.
Hesabat dövründə Sahibkarlığın İnkişafı Fondu tərəfindən hüquqi və fiziki şəxslərə 37 layihə üzrə 7 milyon 470 min manat kredit verilmişdir. Bu layihələr üzrə 76 iş yeri açılmışdır. Digər banklardan 12563 fiziki şəxsə 25 milyon 127 min manat kredit verilmişdir.
Yaxın zamanlarda fermerlər, ailə təsərrüfatları yeni yaradılan “ABAD” - “Ailə Biznesinə Asan Dəstək” mərkəzlərinin köməyindən də faydalana biləcəklər.
Rayonda ötən il 1764 yeni iş yeri açılmışdır ki, bundan 1059-u daimi işlərdir. Bütövlükdə isə 2004-2018-ci illər ərzində 17012 daimi iş yeri açılmışdır. O cümlədən 430 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur. Bu layihə cari ildə də davam etdirilir.
Özünüməşğulluq proqramından danışan cənab Prezident bildirmişdir ki, “Özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il ən azı 7 min ailə bu proqramdan faydalanacaq. Bu gün onların arasında əlbəttə ki, ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar dövlətin dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar”.
Ötən il rayonda 367 ailəyə ünvanlı sosial yardım ödənilib ki, bunun da aylıq məbləği 59 min 196 manat təşkil edir. Ünvanlı sosial yardım təyin edilməsi qaydaları sadələşdirilmişdir. Bu təbəqədən olan insanların məmnunluğunu təmin etmək üçün onlara daha həssas və diqqətli münasibət göstərməlidir.
Özünüməşğulluq proqramı çərçivəsində 132 ailəyə müəyyən olunmuş hədd daxilində iri və xırda buynuzlu heyvanlar, 6 nəfərə isə müxtəlif xidmət sahələrində işləmək üçün avadanlıqlar verilmişdir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan Konfransda cənab Prezident ölkədə aparılan geniş miqyaslı meliorativ tədbirlərdən danışarkən son illərdə dörd böyük su anbarının tikildiyini bildirmiş, bu sırada Tovuzçay su anbarının da adını çəkmiş, fermerlərin ölkədə aparılan meliorativ tədbirlərin səmərəsini hiss etdiklərinə əminliyini bildirmişdir. Prezidentimizin tovuzlulara bu töhfəsi, eləcə də hər il çoxlu sayda subartezian quyularının qazılması ilə bağlı verdiyi Sərəncamlar rayon əhalisi tərəfindən çox böyük rəğbətlə qarşılanır. Ötən il Tovuzçay su anbarı üzərində “Ağdağ” adlanan əraziyə və Yuxarı Öysüzlü kəndinə su verilməsi üçün ikinci pillə nasos stansiyasının quraşdırılması işləri tamamlanmış, 12 ədəd subartezian quyusu qazılmışdır. Bu sahədə görülmüş mühüm tədbirlərlə yanaşı Ağdam, Azaflı, Bayramlı, Aşağı Mülkülü və bəzi digər kəndlərimizdə suvarma suyu çatışmır. Eyni zamanda yerlərdə suvarma suyunun ədalətli bölgüsü aktual olaraq qalır. Bunu təmin etmək üçün su istifadəçiləri assosiasiyaları fermerlərlə hər bir bitkinin vegetasiya dövrünə və optimal suvarma rejiminə uyğun müqavilə bağlamalıdırlar.
Cənab Prezident içməli su layihələrindən danışarkən bildirmişdir ki, “hazırda 38 şəhərdə içməli su layihələrinin icrası başa çatıb, bu il 5 şəhərdə başa çatacaqdır və 12 şəhərdə işlər artıq başlanıb”. Çox böyük minnətdarlıqla bildirirəm ki, ötən il möhtərəm Prezidentimiz Tovuz rayonunda iki içməli su layihəsinin icrası ilə bağlı Sərəncam verdi. Bu il içməli su layihəsi başa çatacaq 5 şəhərdən biri də Tovuz şəhəridir. Digər layihə isə bu yaxınlarda icrası başa çatmış və istifadəyə verilmiş Əlimərdanlı, Xatınlı, Qaraxanlı, Qədirli və Cilovdarlı kəndlərinin içməli su təminatı layihəsidir.
Ötən il rayonda elektrik təsərrüfatının yenilənməsi, istismar müddətini başa vurmuş dayaqların, elektrik verilişi xəttlərinin, transformatorların təmiri və təzələnməsi sahəsində müəyyən işlər görülmüşdür. 2019-cu ildə rayonun Əhmədabad, Qəribli və Sarıtala inzibati ərazi dairələrinin tərkibində olan 24 dağ kəndində elektrik təsərrüfatının yenidən qurulması istiqamətində layihələndirmə işlərinə başlanmışdır. Bu ərazilərdə sayğaca qədər olan bütün elektrik qurğularının yenilənməsi nəzərdə tutulur. Bunlarla yanaşı Tovuz Elektrik Şəbəkəsinin fəaliyyətində bir sıra çatışmazlıqlar mövcudur. Bu sahənin işi ilə bağlı vətəndaşların çoxlu sayda müraciətləri ilə qarşılaşırıq. Bu şikayətlərin bir qismi də məmur - vətəndaş münasibətlərindən qaynaqlanır. Əhalinin dayanıqlı enerji təchizatı vacib sosial məsələdir və bu sahədə qayda yaradılması gündəmdə saxlanılmalıdır.
Əhalinin qazla təminatı sahəsində müəyyən işlər görülmüşdür. Ötən il Hunanlar və Əhmədabad kəndlərinin dövlət vəsaiti hesabına qazlaşması işləri başa çatmış və 620 abonentə təbii qaz verilmişdir. Hazırda rayon üzrə qazlaşmanın səviyyəsi 90 faiz təşkil edir. Ümumilikdə təbii qaz alan abonentlərin sayı 32 min 111-ə çatmışdır. Bunlar regionların inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində mümkün olmuşdur. Diqqətinizə çatdırmaq istəyirəm ki, 2004-cü ildə cəmi 9 min 280 abonent qazla təmin olunurdu.
Tovuz qaz istismar sahəsi rayon daxilində abonentlərin təbii qaz təchizatında daxili tənzimlənmə işlərindəki nöqsanları aradan qaldırmalıdır.
Qarşıdakı dövrdə rayonda qazlaşma işlərinin davam etdirilməsi və başa çatdırılması istiqamətində fəaliyyətimizi davam etdiririk.
Son illər kəndlərdə perspektiv inkişaf üçün nəzərdə tutulmuş sahələrdən vətəndaşlara yaşayış evlərinin tikintisi üçün torpaq sahələri verilmiş və evlər tikilmişdir. Bu əlbətdə yaxşı haldır. Lakin bələdiyyələr tərəfindən həmin ərazilərdə infrastrukturun yaradılması üçün heç bir iş aparılmadığından insanlar işıq, qaz, su, yol problemləri ilə bağlı tez-tez icra hakimiyyətinə müraciət edirlər. Bu müraciətlərə sözsüz ki, lazımi diqqət yetirilir. Bununla yanaşı yeni yaşayış massivləri salınarkən orada infrastrukturun yaradılması məsələsini qanunvericiliyin tələblərinə uyğun olaraq nəzərə almalarını tövsiyyə edirik.
Rayonda yol infrastrukturunun yenilənməsi işləri davam etdirilir. 10 mindən çox əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən 31 km uzunluğunda Əsrik Cırdaxan-Kirən-Baqqallı kəndlərarası avtomobil yolunun tikintisində son tamamlama işləri aparılır. Yolun 19,5 kilometrinə asfalt örtük qoyulmuş, qalan hissəsi isə qum-çınqıl örtüyü ilə təmir olunmuşdur.
Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq rayon ərazisində mövcud olan bütün kəndlərarası yolların inventarizasiyası aparılmış və əsaslı təmirə ehtiyacı olan yollar barədə təkliflər aidiyyəti üzrə təqdim edilmişdir.
2018-ci il ərzində rayonda müxtəlif istiqamətlərdə tikinti quruculuq və abadlıq işləri görülmüşdür.
Tovuz şəhərinin Heydər Əliyev prospektində, Həzi Aslanov, Yusif Sadıqov, Məmmədəmin Rəsulzadə küçələrində, eləcə də Qovlar şəhərindəki Dostluq parkında abadlıq işləri aparılmış, Tovuz və Qovlar şəhərlərində ümumi uzunluğu 5,4 km olan 8 küçəyə asfalt örtük salınmışdır. 12 ədəd iki mərtəbəli, 3 ədəd 1 mərtəbəli çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri aparılmışdır. Qovlar şəhərində 100 yerlik uşaq bağçası-körpələr evinin, Tovuz şəhərində “Asan Xidmət” Mərkəzinin, Tarix Diyarşünaslıq Muzeyinin, Bayraq Muzeyinin tikintisi davam etdirilir.
Kənd təsərrüfatı məhsullarının qablaşdırılması üçün Düz Qırıqlı kəndində Tara müəsissəsinin tikintisi aparılır və burada 25 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.
Hesabat ilində 132 şagird yerlik Ağbulaq kənd orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Qoşa, Qayadibi, Sarıtala, Hacıhəsənlı, Qaralar və Şamlıq kəndlərində modul tipli məktəblərin quraşdırılması işləri davam etdirilir. Qovlar şəhər İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyanın tədris korpusu əsaslı təmir olunmuş, əlavə tədris korpusu və üç mərtəbəli yataqxana binası tikilib istifadəyə verilmişdir. Alakol kəndində 624 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanmışdır. Rayon ərazisindəki məktəblərin təmiri və tikintisi istiqamətində tədbirlər davam etdirilir.
Rayonun müxtəlif yerlərində ayrı-ayrı vaxtlarda ağacəkmə aksiyaları keçirilmiş, yol kənarlarına 4200 ədəd həmişəyaşıl ağaclar və kollar əkilmişdir.
Keçən il dəyəri 5 milyon 619 min manat, ümumi sahəsi 25 min 94 kv.m olan 233 fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir. Biz hər cür imkan yaratmalıyıq ki, insanlarımız tiksinlər, qursunlar, daha da yaxşı şəraitdə yaşasınlar. Eyni zamanda bu sahədə qanunvericiliyin tələblərinə ciddi əməl olunmalıdır. Kəndlərdə icra nümayəndələrinin, bələdiyyələrin, eləcə də İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin nəzarətsizliyi üzündən icazəsiz tikintilər aparılmaıs halları vardır. Bu məsələlər tərəfimizdən nəzarətə götürülmüş və araşdırılır.
Keçən il 124 min 496 nəfər pulsuz olaraq tibbi müayinədən keçmişdir. Cənab Prezidentin tapşırığına əsasən bu il fevral ayının 11-dən may ayının 1-dək əhalinin növbəti tibbi müayinəsi aparılacaqdır. Artıq bu işlərə başlanılmışdır. Bu mühüm tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilati tədbirlər görülmüş və lazımi maarifləndirmə-izahat işləri aparılmışdır.Gələn ildən bütün öllkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılacaqdır.
Rayonda əhalinin sağlamlığının qorunması, sanitar- epidemioloji şəraitin yaxşılaşdırılması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində müəyyən işlər görülür. Bununla yanaşı bu sahədə bir sıra nöqsanlar mövcuddur. Son dövrlər kommunal xidmət sahəsində müəyyən qədər dönüş yaransa da buradakı vəziyyəti hələlik qənaətləndirici hesab etmirik. Xüsusilə kommunal gigiyena sahəsində, məişət tullantılarının daşınmasında, zərərsizləşdirilməsində görülən işlər yetərli deyil. Kəndlərdə kommunal xidmətlərin təşkili sahəsində çox iş görülməlidir. Vəziyyətin nizama salınması üçün tərəfimizdən lazımi tədbirlər görülür.
Təhsil sahəsində ötən il müəyyən işlər görülmüşdür. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı görülən işlərdən az öncə danışdıq. 2018-ci ildə orta məktəbləri bitirən 1483 nəfər məzundan 477 nəfəri mülkü ali məktəblərə, 36 nəfəri ali hərbi məktəblərə, 154 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Məzunlardan 41 nəfəri 600-dən yuxarı, o cümlədən 24 nəfəri 650-dən yuxarı bal toplamışlar. Əvvəlki illərlə müqayisədə dinamika müşahidə olunur.
Ali və orta ixtisas təhsili məktəblərinə daxil olan məzunlar cəmi məzunların 45 faizə qədərini təşkil edir. Məzunların çox cüzi bir hissəsi peşə liseylərinə üz tutur. Böyük bir kəsim isə heç bir ixtisas və peşəyə sahib olmur. Halbuki əmək bazarının müxtəlif seqmentlərində yeni texnologiyalara uyğun peşələrə yiyələnmiş kadrlara ciddi ehtiyac var. Onların hazırlanması eyni zamanda ölkənin dinamik inkişafında həlledici amillərdən biridir. Hazırda bu istiqamətdə işlər aparılır, mövcud peşə təhsili müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi və onların əsasında əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasını həyata keçirə bilən mərkəzlər yaradılır. O cümlədən, Ağstafa, Qazax və Tovuz Peşə Liseyləri birləşdirilərək onların bazasında Tovuz Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Biz Mərkəzin fəaliyyətindən çox şey gözləyirik.
Məktəbəqədər təhsil müəssisələrinə göstərilən dövlət qayğısı ildən-ilə artır. Bu müəssisələrin həm maddi-texniki bazasının möhkəmləndirilməsi, həm də ərzaq təchizatının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilir. Bunun müqabilində körpələr evi-uşaq bağçalarında əmək və icra intizamına, tədrisin keyfiyyətinin artırılmasına, mövcud şəbəkənin tam gücü ilə işləməsinə ciddi fikir verilməlidir. Həçənd ki, bu işlərin təşkilində müəyyən nöqsanlar vardır.
Rayonda turizmin inkişafı ilə əlaqədar görülmüş tədbirlər, yaradılmış əlverişli şərait nəticəsində ötən il həm daxili turizm xeyli canlanmış, həm də kənardan gələn turistlərin sayında artım müşahidə olunmuşdur.
Hazırda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Kənd Təsərrüfatı Nazirliyinin icra etdikləri layihəyə əsasən rayonumuzun kənd təsərrüfatı və turizm potensialı ilkin olaraq araşdırılmışdır. Yeni turizm məhsullarının və marşurutlarının yaradılması istiqamətində dəstək xarakterli təlim proqramları davam etdirilir. Eyni zamanda rayonda turizm sektorunun inkişafına töhfə verə biləcək nümayəndələrin seçilməsi və seçilmiş iştirakçıların Avropa ölkələrindən birində praktik təlim turunda iştırakı nəzərdə tutulur.
Keçən il ərzində bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi sahəsində tədbirlər davam etdirilmişdir. 3 nəfər idmançımız respublika birinciliyinin qalibi olmuş, “Alpaqut turan” döyüş sənəti üzrə birinci dünya çempionatında isə idmançımız Əsgərov Rəşad Məhərrəm oğlu dünya çempionu adına layiq görülmüşdür.
Rayonda gənclərlə aparılan iş daim diqqət mərkəzində saxlanılır. Tovuz rayonunda əhalinin 27 faizini gənclər təşkil edir. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsinin aktual məsələləri üzrə vaxtaşırı tədbirlər həyata keçirilir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclərlə bağlı bütün məsələlər diqqət mərkəzində saxlanılır.
Bu il fevral ayının 1-də cənab Prezident Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxış edərək gənclərlə aparılan işlərdən, ölkə həyatında onların iştirakından ətraflı bəhs etmiş, eyni zamanda gənclər qarşısında duran mühüm vəzifələri diqqətə çatdıraraq demişdir: “Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”. Heç şübhə yoxdur ki, Tovuzlu gənclər cənab Prezidentin bu çağırışlarına yüksək fəallıqla cavab verəcəklər.
Rayonda gənclərin ordu sıralarına hazırlanması və göndərilməsi yüksək mütəşəkkilliklə və təntənəli tədbirlərlə müşayət olunur. Ötən il rayonumuzda gənclərin həqiqi hərbi xidmətə göndərilməsi sahəsində proqnoz tapşırıqlar yerinə yetirilmişdir.
“Ölkəmizi tanıyaq” şüarı altında tur-aksiyalar davam etdirilmiş, mart və noyabr aylarında Qəbələ, Şəki və Zaqatala rayonlarına iki tur aksiya təşkil olunmuş, onların hər birində 40 fəal məktəbli iştirak etmişdir.
Hesabat ilində rayonun mülki müdafiəsi, yanğın təhlükəsizliyi, təbii fəlakətlər və fövqəladə hadisələr zamanı əhalinin təhlükəsizliliyinin təmin olunması diqqət mərkəzində saxlanılmış, müvafiq planlar hazırlanmış, lazımi maarifləndirmə işləri aparılmışdır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım fonduna 42 min 655 manat vəsait köçürülmüşdür.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlilərinin sosial vəziyyəti həmişə diqqət mərkəzində saxlanılır. Keçən il Prezident seçildikdən sonra cənab İlham Əliyevin ilk Fərmanı şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olub.
Ölkə üzrə 12 mindən çox şəhid ailəsinin hər birinə 11 min manat olmaqla cəmi 135 milyon manat birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur. Onların arasında Tovuz rayonundan olan 272 şəhid ailəsi vardır. Bu qrupdan olan insanların mənzil şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması, ailə-məişət problemlərinin həlli gündəlik qayğımızdır.
Rayonda ictimai-siyasi sabitlik höküm sürür. Hüquq-mühafizə orqanlarının birgə fəaliyyəti nəticəsində rayonda əməliyyat şəraiti sabit saxlanılmışdır.
2018-ci ildə rayonda ideoloji işin təşkili istiqamətində müntəzəm və sistemli iş aparılmışdır. Rayonumuzun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər respublika mətbuatında və yerli “Tovuz” qəzetində, eləcə də televiziya kanallarında müntəzəm işıqlandırılmışdır.
Keçən il ərzində RİH başçısı aparatına 982 vətəndaş müraciəti daxil olmuş, RİH başçısı tərəfindən 2135 nəfər vətəndaş qəbul edilmişdir.
İl ərzində yaşayış məntəqərində 47 səyyar qəbul-görüş keçirilmiş və bu görüşlərdə yerli sakinlər tərəfindən 356 təklif səslənmişdir. Ərazilərin sosial-iqtisadi inkişafına dair verilən təkliflərlə bağlı aidiyyəti üzrə məsələlər qaldırılmış, fərdi məsələlərin əksəriyyəti öz həllini tapmış, müəyyən hissəsi icraata götürülmüş, bəzi məsələlər üzrə vətəndaşlara hüquqi izahatlar verilmişdir.
Cənab Prezident “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı demişdir: “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları - Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir”.
Ötən dövrdəki qəbullarda olunan müraciətlərin təhlili göstərir ki, onların böyük bir qismi icra nümayəndələri, bələdiyyələr, xidmət sahələri, digər idarə və müəssisə rəhbərləri tərəfindən həll edilməli məsələlərdir. Bir çox hallarda bu məsələlər yerində həllini tapmadığından, yaxud vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun cavablar verilmədiyindən onlar İcra Hakimiyyətinə müraciət edirlər. Halbuki, cənab Prezidentin qeyd etdiyi kimi məmurlar vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmalı, həll edə bilmədikləri məsələlər barədə icra hakimiyyətinə məlumat verməlidirlər ki, problemlər operativ qaydada həllini tapsın. Hər bir məmur vətəndaş məmnunluğunu təmin etməyə borcludur.
Mən bu gün hesabat yığıncağında qazandığımız uğurlar, əldə etdiyimiz nəticələr və işimizdə olan nöqsanlar barədə ətraflı söz açdım. Qarşıda isə daha böyük vəzifələr durur. Ən ümdə vəzifəmiz böyük uğurlarımızın və qələbələrimizin təminatçısı olan möhtərəm Prezidentimizin ətrafında daha sıx birlik nümayiş etdirmək, əməli fəaliyyətimiz və sədaqətimizlə onun bütün çağırışlarına cavab verməkdir. Rayondakı ictimai-siyasi ovqat buna köklənib və biz tovuzlular hamılıqla bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirəcəyik.
Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Mübariz Salmanov, Kirən kənd icra nümayəndəsi Razim Qəribov, Tovuz Aqropark MMC-nin rəhbəri Şadkamal Hüseynov, Qovlar şəhər İnteqrasiya Təlimli internat tipli gimnaziyanın direktor müavini Kifayət Əsgərova, sahibkar Hüseyn Musayev, Gənclər və İdman idarəsinin baş məsləhətçisi İdrak Tağıyev, Tovuz regional aqrokimya laboratoriyasının direktoru Elman Bayramov, sahibkar Bəhman Hüseynov çıxış etmişlər.
Dönük Qırıqlı kənd sakini Fərhad Məmmədov, Qaraxanlı kənd sakini Vaqif Məmmədov yerindən açıq mikrafonla müxtəlif təkliflər səsləndirmişlər.
Hesabat yığıncağında Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov çıxış edərək cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasət, ölkədəki ictimai-siyasi vəziyyət, həyata keçirilən quruculuq işləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş və Tovuz rayonunda görülən işlərə münasibət bildirmişlər.
Rayonun ictimai, sosial-iqtisadi və mədəni həyatında fərqlənən 8 nəfər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşlar.
Sonda hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olumuşdur.