Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

13 fevral 2019 | 16:00

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısı Məmməd Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin şəxsi heyəti,  rayonun hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və Xidmətin Tovuz rayon şöbəsinin əməkdaşları Heydər Əliyev meydanında  Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz rayon şöbəsinin bütün əməkdaşlarını xidmətin yaranmasının 7-ci ildönümü münasibəti ilə ürəkdən təbrik etdi və şöbənin hər bir əməkdaşına xidməti fəaliyyətində uğurlar arzuladı. Qeyd edildi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini, müddətli həqiqi hərbi xidmətə hazırlığını, çağırışını, səfərbərlik hazırlığını həyata keçirir.
Eyni zamanda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi sahələrində dövlət siyasətini icra edir. Yerli icra hakimiyyəti, hüquq mühafizə və digər dövlət orqanları ilə birgə qarşılıqlı fəaliyyət göstərir.
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq rayon icra hakimiyyəti Xidmətin rayon şöbəsi ilə qarşıda duran vəzifələri planlı şəkildə icra edir. Ona görə də 2018-ci ildə rayon üzrə müəyyən edilmiş bütün proqnozlar yerinə yetirilmişdir.
Tovuz rayonu sərhəd bölgəsində yerləşir. Rayonda vətənpərvərlik tərbiyyəsi yüksək səviyyədədir. Tovuzlular hərbi sahəyə çox meyllidirlər. Sizə məlumdur ki, son illərdə yüzlərlə Tovuzlu gənc ali hərbi məktəblərə və hərbi liseylərə qəbul olunmuşdur.
Biz şəhidlərimizin xatirəsini həmişə ehtiramla yad edirik, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin, müharibə veteranlarının qayğıları ilə gündəlik məşğul oluruq. Bundan sonra da bu işlər davam etdiriləcəkdir.
Sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi, mayor Ceyhun Əliyev xidmətin yaranmasının 7 illiyinə həsr edilmiş məruzə ilə çıxış etdi. Bildirdi ki, uzun illər Müdafiə Nazirliyinin tabeliyində hərbi komissarlıq kimi fəaliyyət göstərən bu qurum ölkənin ordu quruculuğunda, gənclərin orduya hazırlanması və vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynamışdır. Son illər cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün sahələrdə aparılan islahatlar, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmənin çevik mexanizmlər əsasında müasir tələblərə uyğun  qurulması istiqamətində mühüm addımlar atılmış, qərarlar qəbul edilmişdir. Məhz, cənab Prezidentin 7 il öncə imzaladığı, 13 fevral 2012-ci il tarixli fərmanla respublika hərbi komissarlığı, şəhər və rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Xidmət yarandıqdan sonra çağırış sisteminə diqqət artırılıb. Müvafiq qanunvericilik bazası təkmilləşdirilib.
Daha sonra tədbirdə Polis şöbösinin rəisi Şirzad Əsgərov, Milli Qəhrəman Qasım Rzayevin qardaşı Valeh Rzayev, müharibə veteranı Möhübbət İbrahimova, rayon ictimaiyyətinin nümayəndəsi Mücaməddin Axundov  çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz rayon şöbəsinin əməkdaşlarını xidmətin yaranmasının 7-ci ildönümü münasibəti ilə təbrik etdilər, xidməti fəaliyyətlərində uğurlar arzuladılar.
Sonra xidmətdə fərqləndiyinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin şəxsi heyyətindən üç nəfərə rayon icra hakimiyətinin Fəxri Fərmanı ilə təltif edilmişlər.

Keçidlər