Tovuz şəhərində hesabat yığıncağı keçirilmişdir
Tovuz şəhər nümayəndəliyinin 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov iştirak etmişdir. Hesabat məruzəsi ilə RİH başçısının Tovuz şəhər İƏD üzrə nümayəndəsi Yaşar İbrahimov çıxış etmişdir.
Hesabat məruzəsində 2018-ci ilin müasir Azərbaycan tarixinə daha bir uğurlu il kimi daxil olduğu, Prezident İlham Əliyevin rəhəbrliyi ilə ölkə qarşısında duran bütün vəzifələrin uğurla icra edildiyi, ölkəmizin dinamik inkişafı təmin olunduğu, bununla həmahəng olaraq Tovuz rayonunda da davamlı quruculuq işlərinin aparıldığı, bir sıra infrastruktur layihələrinin müvəffəqiyyətlə icra olunduğu qeyd olunmuşdur.
Bildirilmişdir ki, Tovuz şəhərinin M.F.Axundov, M.Əliyev, M.Məmmədov, E.Quliyev və Z.Əliyeva küçələri asfaltlanmış, M.Ə.Rəsulzadə, Y.Sadıqov küçələrində 2 mərtəbəli binalar təmir olunmuşdur. Heydər Əliyev prospektində, Vaqif, M.Ə.Rəsulzadə və Y.Sadıqov küçələrində piyada səkilərinə 4500 kv.m tomet tavalar döşənmiş, 3800 metr uzunluqda beton bort daşlar düzülmüşdür və şəhərin digər küçələrində ümumilikdə çox sayda işıq dirəkləri dəyişdirilmiş, işıqlanma şarları yenisi ilə əvəz olunmuşdur. İstirahət parklarında təmir–tikinti işləri aparılmış, yaşıllaşma işləri görülmüşdür.
Tovuz şəhərində Tarix Diyarşünaslıq muzeyinin, Dövlət Bayraq Muzeyinin, Aşıq Sənəti Dövlət Muzeyinin, Nizami adına mədəniyyət sarayının, ASAN xidmət mərkəzinin tikintisi işləri uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tovuz şəhərinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi həyata keçirilir.
Məruzədə Tovuz şəhərində əhalinin elektrik, təbii qaz, içməli su və rabitə xidmətləri ilə təminatı geniş təhlil olunmuş, bu sahədə mövcud olan nöqsanlar diqqətə çatdırılmışdır. Nümayəndəlik aparatında vətəndaşların müraciətlərinə baxılması, sənədlərlə aparılan işlər, sakinlərin qəbulunun təşkili ilə bağlı statistik göstəricilər açıqlanmışdır.
Məruzə ətrafında mənzil kommunal müəssisələri istehsalat birliyinin müdiri Bayram İbrahimov, rayon elektrik şəbəkəsinin rəisi Kəmalə Abdullayeva, su kanal idarəsinin rəisi Azər Zeynalov, Gigiyena və epidemologiya mərkəzinin direktor əvəzi Zərqələm Cəfərova, Qarabağ müharibəsi əliləri, şəhid ailələri ictimai birliyinin sədri Əli Əliyev çıxış etmişlər.
Şəhər sakinləri Dəmir Məmmədov, Əmirxan Qasımov, İzzət Hüseynov, Mücaməddin Axundov, Vəli Vəliyev, Rəşid Hüseynov, Faiq Həsənov və başqaları çıxış edərək onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmiş, növbəti mərhələdə Tovuz şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı öz təkliflərini səsləndirmiş, fikirlərini söyləmişlər. Hesabat yığıncağında içməli su təchizatının yaxşılaşdırılması, şəhərin təmizlik məsələsi, "Avaztəpə" adlanan ərazidə işıq dirəklərinin yenilənməsi, veteranlar üçün istirahət mərkəzinin yaradılması, yeni marşurut xəttinin açılması, E. Məmmədov adına Tovuz şəhər tam orta məktəbin həyətində idman meydançasının tikilməsi, Tovuz şəhər parkında əlavə oturacaqların yerləşdirilməsi, şəhərinin küçələrinin asfaltlanmasının davam etdirilməsi və başqa təkliflər irəli sürülmüşdür.
Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov çıxış etmişdir. Qeyd etmişdir ki, keçən il Azərbaycan tarixində uğurlu bir il kimi artıq tarixə qovuşmuşdur. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar həyata keçirildi. Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı davam etdi, bir çox mühüm infrastruktur layihələri uğurla icra olundu. Xüsusilə nəqliyyat və neft-qaz sektorunda tarixi nailiyyətlərə imza atıldı. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması, Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması, TANAP qaz kəmərinin istifadəyə verilməsi, "Azerspace-2" peykinin orbitə çıxarılması, Türkiyədə “Star” neft emalı zavodunun istifadəyə verilməsi çox uğurlu işlərimizdəndir. Nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirirlər. Dünya Bankının hesabatına görə Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilib.
Bu il yanvar ayının 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında cənab Prezidentimiz keşən il ölkəmizdə görülən işləri çox geniş şərh etdi və ölkə ictimaiyyətinin diddətinə çatdırdı. İclasda cənab Prezidentin iqtisadi inkişafımızla bağlı səsləndirdiyi rəqəmləri diqqətinizə çatdırmaq istəyirəm. Keçən il Azərbaycanda iqtisadi artım 1,4 faiz olmuşdur. Qeyri-neft sektorunun inkişafı 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb.
İnflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. Bu sərmayənin 11 milyard manatdan çoxu qeyri-neft sektoruna qoyulan sərmayədir.
Valyuta ehtiyatlarımız 3 milyard dollar artmış və hazırda 45 milyard dollara bərabərdir.
Keçən il 118 min daimi iş yeri yaradılmışdır. İxracımız 36 faiz artaraq 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo – yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir. Keçən il ölkəmizə gələn turistlərin sayı 6 faiz artıb.
Aqrar sahənin inkişafını təhlil edən cənab Prezident ötən il kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük işlər görüldüyünü , iri həcimli meliorativ tədbirlər aparıldığını, infrastuktur layihələrinin həyata keçirildiyini və kənd təsərrüfatının 4,6 faiz artdığını qeyd etmişdir.
Hər zaman olduğu kimi keçən il də sosial obyektlərin tikintisinə önəm verilib. Ölkədə 140 məktəb tikilib, bir çox səhiyyə obyektləri açılıb. Cənab Prezident bildirmişdir ki, qəzalı vəziyyətdə olan məktəblərin tikintisi iki ilə başa çatdırılacaqdır. Bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun inşası, həmçinin 100-dən çox məktəb binasının tikintisi, 10-a yaxın mərkəzi rayon xəstəxanasının, üç Olimpiya İdman Kompleksinin, beş “ASAN xidmət” mərkəzinin, Bakı şəhərində “DOST” mərkəzlərinin istifadəyə verilməsi və 1000 kilometr yeni yol salınması nəzədə tutulur.
Cənab Prezident çıxışında idarəetmədə yeni yanaşmanın tətbiq olunması zərurətini xüsusi vurğulayıb. Hazırda bu istiqamətdə zəruri işlər aparılır.
Azərbaycanın regionlarının inkişafı Prezident İlham Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ölkəmizdə reqionların inkişafı ilə bağlı üç Dövlət Proqramı müvəffəqiyyətlə icra olunmuşdur. Yanvar ayının 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda cənab Prezident ölkədə son 15 ildə aparılan geniş miqyaslı quruculuq işlərini təhlil etmiş, növbəti 5 il üçün yeni Dövlət Proqramının təsdiq olunması barədə Fərman imzalamışdır. Təbii ki, Proqramda bütün rayonlarla yanaşı Tovuz rayonunun da inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramın xüsusi bir özəlliyi də ondan ibarətdir ki, ən ucqar kəndlər də bundan faydalanacaqdır.
Aprelin 11-də ölkədə keçirilən Prezident seçkiləri zamanı Azərbaycan seçicilərinin böyük əksəriyyətinin cənab İlham Əliyevin lehinə səs verməsi bu reallığın bariz ifadəsi oldu. Bu, Azərbaycan xalqının Heydər Əliyev siyasətinə və Prezident İlham Əliyevin şəxsiyyətinə, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə yüksək inam və etimadının bariz təzahürü idi.
Cənab Prezidentin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır. Bu istiqamətdə Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın fəaliyyəti də insanlarımızda məmnunluq doğurur.
2018-ci il rayonumuz üçün də yaddaqalan olmuşdur. Rayonda tikinti-abadlıq və quruculuq işləri sürətlə davam etdirilmişdir. Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolu çəkilmiş, Tovuz və Qovlar şəhərlərində küçələr abadlaşdırılmış, 5 kənddə içməli su layihəsi icra olunmuş, Tovuz şəhərinin yeni içməli su təchizatı layihəsinin icrası başa çatmaq üzrədir.
Bu il Ağbulaq kənd orta məktəbinin yeni binası istifadəyə verilmişdir. 6 kənddə modul tipli məktəblərin quraşdırılması işləri davam etdirilir. Alakol kəndində 624 şagird yerlik yeni məktəb binasının, Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi aparılır.
Tovuz şəhərində “Tarix Diyarşunaslıq Muzeyi” və “Bayraq Muzeyi”nin tikintisində işlər əsasən başa çatmışdır. Region əhalisinə xidmət göstərəcək “ASAN xidmət” mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir. Tovuz Aqroparkının tikintisi başa çatmaq üzrədir. Rayonda Xalçaçılıq müəsissəsi fəaliyyətə başlamışdır. Hunanlar və Əhmədabad kəndlərinə təbii qaz verilmişdir. Bütün bunlar möhtərəm Prezidentimizin tovuzlulara böyük qayğısıdır, əvəzsiz töfələridir.
Rayonda qeyri-neft sektorunun inkişafı sahəsində uğurlu nəticələrə nail olunmuşdur. Kənd təsərrüfatının əsas göstəriciləri üzrə irəliləyişlər əldə edilmişdir. Bütövlükdə rayon iqtisadiyyatına 60 milyon manatdan çox özəl sərmayə qoyulmuşdur. 2019-cu ildə də rayonunun sürətli sosial-iqtisadi inkişafı və insanlarımızın rifahı naminə həyata keçirilən tədbirlər davam etdiriləcəkdir.
Tovuz şəhərinin sosial məsələləri ilə bağlı hesabat məruzəsində və çıxışlarda ətraflı danışıldı. Yenidən həmin məsələlərə qayıtmağı lazım bilmirəm. Tovuz şəhərinin Baş Planı hazırlanmışdır. Yaxın günlərdə Nazirlər Kabinetində təsdiq olunacağı gözlənilir. Biz şəhərimizi Baş Plana uyğun qurmağı, abadlaşdırmağı və inkişaf etdirməyi nəzərdə tuturuq.
Mən şəhər sakinləri ilə tez-tez görüşürəm. Şəhərin hər bir güşəsini gəzmişəm. Burada görülən işlər və qarşıda duran məsələlər mənə yaxşı məlumdur. Çıxışlarda səslənən təklif və qeydlər tamamilə həqiqəti əks etdirir. Ona görə də şəhərimizdə sosial infrastruktur tələb olunan səviyyədə çalışmalı, şəhərdə səliqə-səhman qorunub saxlanmalı, yaşıllıqlar salınmalı, təmizlik olmalıdır.
Hesab edirəm ki, biz sizlərlə birlikdə bundan sonra da həm rayonumuzun, həm də Tovuz şəhərinin sosial-iqtisadi inkişafı və abadlaşdırılması, insanlarımızın həyat tərzinin yaxşılaşdırılması istiqamətində çox işlər görəcəyik. Burada səslənən təkliflərin və tənqidi qeydlərin hamısı təhlil olunacaq və imkan daxilində həllinə kömək göstəriləcəkdir.
Hesabat yığıncağında səslənən təkliflər və tənqidi qeydlər nəzərə alınmaqla müvafiq qərar qəbul edilmişdir.