Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib

02 noyabr 2026 | 17:13

Azərbaycan xalqının tarixi Zəfərinin altıncı ildönümü – 8 Noyabr Zəfər Günü münasibətilə Tovuz rayonunun N.Sadıqov adına Alakol kənd tam orta ümumtəhsil məktəbində “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi əlilləri, şəhid ailəsinin üzvü və məktəblilər iştirak ediblər.

Görüş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirin açılışında çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Azər Fərmanzadə 8 Noyabr – Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu bildirib. Qeyd edib ki, tarixi Qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində əldə olunub. Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edildiyini, qazilərimizin qəhrəmanlıq yolunun isə gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb.

Daha sonra Vətən müharibəsi əlilləri Hüseyn İsmayılov və Pərvin Həsənov çıxış edərək döyüş meydanlarında yaşadıqları hadisələrdən, Azərbaycan əsgərinin döyüş əzmi və Vətənə bağlılığından bəhs ediblər. Qazilər müharibə ilə bağlı xatirələrini məktəblilərlə bölüşüb, tarixi Qələbənin əldə olunmasında birlik, həmrəylik və vətənpərvərlik hissinin əhəmiyyətini diqqətə çatdırıblar.

Şagirdlərin suallarını cavablandıran müharibə iştirakçıları gəncləri Vətənə sədaqətli olmağa, milli-mənəvi dəyərlərimizi qorumağa və ölkəmizin gələcəyi naminə məsuliyyətli vətəndaş kimi yetişməyə çağırıblar.

 Sonra məktəbin direktoru Qədir Qasımov çıxış edərək tədbirin təşkilinə dəstək göstərənlərə və görüşdə iştirak edən qazilərə təşəkkürünü bildirib. O, bu cür görüşlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində, onların dövlətə və xalqa bağlılıq hissinin gücləndirilməsində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Sonda xatirə şəkili çəkilib.

 

 

 

 

Keçidlər