Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda məktəblərdə “Son zəng” tədbirləri keçirilib

13 iyun 2026 | 11:18

Tovuz rayonunda 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə bütün ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbdə təşkil olunan “Son zəng” tədbirində iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov məzunları “Son zəng” münasibətilə təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. O, ölkəmizdə təhsil sahəsinin inkişafına göstərilən dövlət qayğısından bəhs edib, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirilib ki, ölkə üzrə minlərlə məktəb binasının tikilməsi və əsaslı təmiri, eləcə də Tovuz rayonunda həyata keçirilən genişmiqyaslı təhsil infrastrukturu layihələri dövlətin təhsilə verdiyi önəmin bariz nümunəsidir.

Tovuz rayon üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva çıxış edərək məzunları təbrik edib, onların gələcək təhsil və fəaliyyətlərində uğurlar arzulayıb. O, gənclərin vətənpərvər, bilikli və savadlı vətəndaşlar kimi yetişməsinin vacibliyini qeyd edib.

Tədbirdə şəhid Əliyev Asim Nuru oğlunun anası Əliyeva Lalə çıxış edərək övladının əziz xatirəsinin daim ehtiramla yad olunmasının onun üçün böyük mənəvi təsəlli olduğunu bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, məzunları “Son zəng” münasibətilə təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb, qazandıqları bilik və bacarıqlarla Vətənə və dövlətə layiqli vətəndaş olmalarını tövsiyə edib.

Sonda rayon İcra Hakimiyyətinin başçısı məzunlarla və birincilərlə görüşərək onlarla səmimi söhbət aparıb, gələcək həyat yollarında uğurlar arzulayıb.

Tədbir məktəblilərin hazırladığı bədii-kompozisiya və musiqili proqramlarla davam edib.

 

Keçidlər