Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda əmək yarmarkası keçirilib

19 iyun 2026 | 09:30

Tovuz rayonunda işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə əmək yarmarkası təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyininin Qazax-Tovuz Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçirilən əmək yarmarkasında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov, Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov, ictimaiyyət nümayəndələri və işaxtaran vətəndaşlar iştirak ediblər.

Yarmarkada müxtəlif fəaliyyət sahələrini təmsil edən 14 işəgötürən tərəfindən 70 vakansiya təqdim olunub. Tədbirə böyük maraq göstərilib və qeydiyyatdan ümumilikdə 147 nəfər keçib. İşaxtaran şəxslər vakansiyalarla yaxından tanış olub, işəgötürənlərlə birbaşa görüşlər keçirərək onları maraqlandıran suallara cavab alıblar.

Tədbir çərçivəsində iştirakçılara əmək bazarının mövcud tələbləri, peşə hazırlığı imkanları və məşğulluq xidmətləri barədə ətraflı məlumat verilib. Əmək yarmarkasının keçirilməsində əsas məqsəd işaxtaran vətəndaşlarla işəgötürənlər arasında birbaşa əlaqələrin qurulmasına, vakant iş yerlərinin daha operativ şəkildə komplektləşdirilməsinə və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə dəstək göstərməkdən ibarət olub.

 

Keçidlər