Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuzda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü təntənə ilə qeyd olunub

05 oktyabr 2026 | 16:00

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, rayonun təhsil müəssisələrinin müəllimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, onlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar arzulayıb. Məmməd Məmmədov çıxışında bildirib ki, Azərbaycanda müəllim əməyinə hər zaman yüksək qiymət verilib, təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yeni məktəblər tikilir, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir, müəllimlərin sosial və peşə inkişafı üçün geniş imkanlar yaradılır. Müəllimlik peşəsinin cəmiyyətin gələcəyinin formalaşmasında müstəsna əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, müəllim yalnız bilik verən deyil, həm də gənc nəslin dünyagörüşünün, milli-mənəvi dəyərlərinin və vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm rol oynayan ziyalıdır. Azərbaycan xalqının qazandığı tarixi Zəfərdə də müəllimlərin yetişdirdiyi savadlı, vətənpərvər və fədakar nəslin xüsusi payı vardır.

Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Tovuz şəhəri A.Qasımov adına tam orta ümumtəhsil məktəbinin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 44 günlük Vətən müharibəsinin iştirakçısı Hüseyn İsmayılov, N.Sadıqov adına Alakol kənd tam orta ümumtəhsil məktəbinin direktoru Qədir Qasımov və Tovuz şəhəri Elxan Məmmədov adına tam orta ümumtəhsil məktəbinin müəllimi Mələkxanım Eyubova çıxış ediblər.Çıxış edənlər müəllim adının xalqımızın milli təfəkküründə hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi qəbul olunduğunu bildiriblər. Onlar təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, yaradılan imkanlardan səmərəli istifadə etməklə ölkənin gələcəyi üçün savadlı və vətənpərvər gənclərin yetişdirilməsinə bundan sonra da töhfə verəcəklərini vurğulayıblar.

Təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və gül buketləri təqdim olunub.

Tədbir rayonun incəsənət işçilərinin konsert proqramı ilə davam edib.

   
Keçidlər