Tovuzda “27 Sentyabr- Anım Günü” qeyd olunub
27 sentyabr 2026 | 14:40
Tovuz şəhər Şəhidlər Xiyabanında “27 Sentyabr-Anım Günü” ilə əlaqədar tədbir təşkil edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etmişdir. RİH başçısı qeyd etmişdir ki, bu gün müharibənin başlanmasından 6 il ötür. Amma şəhidlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Zəfərimiz sanki dünən baş vermiş kimi yaddaşlarımızdadır. Biz bu ağrını və qüruru eyni anda yaşayırıq. Onların qanı ilə yazılmış tarix heç vaxt unudulmayacaq. Vətən uğrunda canından keçən hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir və daim yaşayacaq. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər isə qürur mənbəyimizdir. RİH başçısı vurğulayıb ki, Vətən müharibəsində Tovuzun igid oğulları da böyük şücaət göstəriblər. Müharibə zamanı rayondan 68 nəfər həmyerlimiz şəhid olub, yüzlərlə hərbi qulluqçu yaralanıb. Tovuzun iki igid oğlu – Orxan Cabbarov və Yaşar Əhmədov Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Bununla yanaşı, Vətən müharibəsində və sonrakı döyüş əməliyyatlarında qəhrəmanlıq göstərən çoxsaylı Tovuzlu əsgər və zabitlər dövlətimizin yüksək orden və medalları ilə təltif olunublar. Bu, dövlətimiz tərəfindən şəhidlərimizin, qazilərimizin və Vətən uğrunda fədakarlıq göstərən hərbçilərimizin xidmətlərinə verilən yüksək dəyərin ifadəsidir. RİH başçısı Tovuzlu əsgər və zabitlərə verilən bu yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildirib
Daha sonra Şəhid Qasımlı Nicatın atası Elşən Qasımov, 44 günlük Vətən müharibəsi əlili Hüseyn İsmayılov və 44 günlük Vətən müharibəsi iştirakçısı Eyvaz Süleymanov çıxış edərək, şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunmuş, Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi və əbədi məşəl önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
Saat 12:00-da isə respublika üzrə olduğu kimi, Tovuz rayonu ərazisində də şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.






