Tovuzda “23 iyun- Dövlət qulluqçularının peşə bayramı” günü qeyd olunub
23 iyun dövlət qulluqçularının peşə bayramı günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.
Tovuz Rayon İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluqçularının peşə bayramı” günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdən əvvəl Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz RİH başçısı aparatının kollektivi və rayonda fəaliyyət göstərən dövlət müəssisələrində çalışan dövlət qulluqçuları Ulu Öndər Heydər Əliyevin Tovuz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad etmişlər.
Tədbirdə RİH başçısı Məmməd Məmmədov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda xidmətləri əvəzsizdir. Azərbaycanın sürətlə inkişaf edərək beynəlxalq nüfuzunu möhkəmləndirməsinin, mühüm regional aktora çevrilməsinin təməlində Ulu Öndər Heydər Əliyevin dövlət idarəetmə sistemində reallaşdırdığı islahatlar dayanır. Prezident İlham Əliyevin bu islahatları daha da genişləndirərək davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Əminliklə söyləmək olar ki, ölkəmizdə müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyən edilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması, təmin olunması üçün zəruri təsisatlar yaradılıb.
Sonda dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup dövlət qulluqçusuna Tovuz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.






