Şriftin ölçüsü :

Saytın rəngi :

Tovuz rayonunda “Məhsul Arena” idman klubunun açılışı olmuşdur

24 yanvar 2019 | 16:00

Rayonun Düz Cırdaxan kəndində sahibkar Vaqif Əliyevin inşa etdirdiyi “Məhsul Arena” idman klubunun açılış mərasimi keçirilmişdir. İdman klubu 0,38 ha sahədə inşa olunmuşdur. Klubda 26x50 metr ölçüdə üstüörtülü futbol meydançası, kafe, geyim otağı, duş kabinələri, istirahət otaqları, sanitar qovşaq vardır. Klubun tikintisi müasir dizayn əsasında yüksək səviyyədə aparılmışdır.
Sahibkarlara yaradılmış dövlət qayğısından məmnun olan sahibkar Vaqif Əliyev bundan sonra da klubda əlavə idman zallarının tikintisini nəzərdə tutur. Bütövlükdə klub bölgə əhalisinin, xüsusilə gənclərin asudə vaxtının səmərəli keçməsi, müxtəlif idman yarışlarının və tədbirlərin keçirilməsi üçün əlverişli məkandır. Klubun tikintisinə 1 milyon manatdan çox özəl sərmayə qoyulmuş və 12 daimi iş yeri açılmışdır. Klubda aparılan tikinti işləri, kommunal xidmətlərin təşkili, ətraf ərazinin abadlaşdırılması həmişə rayon rəhbərinin diqqətində olmuş və burada görülən işlərin ərsəyə gəlməsinə lazımi dəstək göstərilmişdir.
“Məhsul Arena” idman klubunun açılış mərasimində rayon rəhbərliyinin, ictimaiyyətin nümayəndələri, tanınmış idmançılar və yerli sakinlər iştirak etmişlər.
Açılış mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Zeynalov, Gənclər və idman İdarəsinin rəisi Sahib Ələsgərov, Düz Cırdaxan kənd İƏD üzrə nümayəndəsi Akif Mehdiyev, “Məhsul Arena” idman klubunun  rəhbəri Rafiq Əliyev çıxış edərək regionlarda sağlam biznes mühitinin yaradılmasına, sahibkarlığın inkişafına dəstək göstərildiyinə görə dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər. Qeyd olunmuşdur ki, idman klubu nəinki rayon əhalisinin, hətta əraziyə gələn turistlərin də faydalana biləcəyi istirahət mərkəzidir. Çıxış edənlər “Məhsul Arena” idman klubunun kollektivinə uğurlar arzuladılar.
Sonra İdman klubunun açılışını bildirən rəmzi lent kəsildi. Tədbir iştirakçıları arenaya baxış keçirdikdən sonra futbol meydançasında yeniyetmə futbolçular arasında keçirilən yoldaşlıq görüşünü izlədilər.

Keçidlər