Hunanlar kəndində keçirilən hesabat yığıncağında sakinlər onlara göstərilən dövlət qayğısından məmnun olduqlarını bildirmişlər
Rayon icra hakimiyyətində tərtib edilmiş müvafiq qrafikə uyğun olaraq rayon İH başçısının Hunanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
Yerli əhalinin nümayəndələrinin qatıldığı yığıncaqda hesabat məruzəsi ilə nümayəndə Sakit Məmmədov çıxış etmişdir.
Məruzədə 2018-ci ilin Azərbaycan üçün uğurlu il olduğu və ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin müvəffəqiyyətlə yerinə yetirildiyi, cənab Prezidentimizin rəhbərliyi ilə bir sıra qlobal layihələrin icra olunduğu, yüzlərlə sosial obyektlərin və infrastruktur layihələrinin həyata keçirildiyi diqqətə çatdırmış, 11 yanvar 2018-ci il tarixdə keçirilmiş Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab İlham Əliyevin nitqində ölkədə görülmüş işlərin geniş təhlil edildiyi, uğurlarımızın konkret faktlarla ölkə ictimaiyyətinin diqqətinə çatdırıldığı bildirilmişdir.
Hesabat məruzəsində Tovuz rayonunda görülən işlərə toxunulmuş, müvafiq dövlət proqramlarına uyğun olaraq həyata keçirilən tədbirlər, qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafı istiqamətində aparılan işlər barədə məlumat verilmişdir. Bu sırada Hunanlar kəndində də icra olunan layihələr sakinlər üçün əvvəsiz töhfədir. Belə ki, keçən il Hunanlar kəndində 430 abonentə müasir layihə əsasında dövlət vəsaiti hesabına təbii qaz verilmiş, kəndin elektrik təsərrüfatının yenilənməsinə başlanmış, ərazidə ən müasir texnologiyaya uyğun Aqrokompleksin tikintisi surətlə davam etdirilir.
Qeyd olunmuşdur ki, Hunanlar kəndində torpaqlardan səmərəli istifadə olunması, ixrac yönümlü kənd təsərrüfatı məhsullarının istehsalı ənənəyə çevrilmişdir. Keçən təsərrüfat ilində 320 hektar sahədə sarı kök və ərzaq çuğunduru əkilmiş, 3000 tondan çox məhsul xarici bazarlara ixrac olunmuşdur. Kəndli təsərrüfatlarından əldə olunan gəlir yerli əhalinin həyat tərzini günü-gündən yaxşılaşdırır. Cari mövsümdə 346 hektar sahədə salafanaltı sarı kök və ərzaq çuğunduru əkilmişdir.
Kənd sakinləri Fərmayıl Cəfərov, Əyyub Əhmədov, Şamil Ələkbərov və başqaları çıxış edərək Tovuz rayonunun, eləcə də Hunanlar kəndinin social-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına sonsuz minnətdarlıqlarını ifadə etmiş, Hunanlar kəndinin müəyyən sosial məsələlərinin də gündəmə gətirilməsini təklif etmişlər. Çıxış edən sakinlər Hunanlar kəndində qəzalı vəziyyətdə olan məktəbin yeni binasının tikintisi, uşaq bağçasının şəbəkəsinin genişləndirilməsi, məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlər görülməsi, kənd təsərrüfatı məhsullarının tədarükünün və satışının dəstəklənməsi və sair fikirlər söyləmişlər.
Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin məsul işçiləri Fərman Qurbanov və Cəmaləddin Abbasov iştirak etmişlər.