Tovuzda arıçılara subsidiya verilib
Ölkədə arıçılığı inkişaf etdirmək məqsədi ilə son illər bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Arıçılıq Mərkəzinin yaradılması, Azərbaycan Arıçılar Assosiasiyası təsis edilməsi, damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə edilmişdir.
“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 mart 2018-ci il tarixli Sərəncamı ilə ölkədə arıçılığın inkişafının stimullaşdırılması, kənd yerlərində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsi məqsədi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiya verilməsi müəyyən edilmişdir.
Tovuz rayonunda münasib iqlim şəraitinə və zəngin floraya görə arıçılıq ildən-ilə inkişaf edir. Rayonda arıçılıq məhsullarından həm ərzaq, həm də müalicə məqsədilə geniş istifadə edilir. Arıçılıqla məşğul olan əhali təsərrüfatlarının bu sahəyə marağı artmaqdadır.
İndiyədək rayonun 22 yaşayış məntəqəsində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə qeydiyyatı aparılmış, 472 arıçıya məxsus olan 7000 arı ailəsinə lövhələr (birkalar) vurulmuş və arıçıların aqrokart və cari hesablarına 70 min manat köçürülmüşdür.
Digər yaşayış məntəqələrində arıçıların qeydiyyatı və sənədləşmə işləri davam edir.